RU

Buğda idxalı 31 faiz artıb NİYƏ?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 759 min 945 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 163 milyon 501 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 180 019 ton (31 %), dəyər baxımından isə 35 milyon 140 min ABŞ dolları (27,3 %) çoxdur.Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycan ötən dövrlərdə də bir neçə ölkədən buğda idxal edib və bəzi mütəxəssislər bunun tədricən aradan qaldırılmasının vacibliyini deyirlər.

Bildirilir ki, ölkədə hasil olunan buğda standartlara cavab vermədiyinə görə, hələ də bu məhsulla bağlı xaricdən asılı vəziyyətdəyik.

Bəs ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından buğda idxalının 31 faiz artmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az"-a bildirib ki, ölkəyə taxıl idxalının artmasının bir çox səbəbləri var: 

"Birincisi, Azərbaycanda son iki ildə dənli bitkilər arasında buğda əkilən sahələrin həcmində təxminən 10 faizə qədər azalma var. Buğda məhsuldarlığı göstəriciləri aşağı düşüb. Hazırda 2024-cü ilin tədarük göstəricilərində 1 hektar ərazilərdə 8-9 sentnerə, dənli əkilən ərazilərdə isə 6 sentnerə qədər azalma var".

Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı səbəblərdən biri odur ki, fermerlər buğda əkməkdə maraqlı deyillər:

"Çünki ayrılan subsidiyalar yetərli səviyyədə deyil. Suvarma sistemlərinin təminatı təşviq olunmayıb. Eyni zamanda, məhsuldarlığın aşağı olması, bəzi aran rayonlarında 1 hektar üzrə tədarük göstəriciləri 12 sentnerə qədər aşağı düşüb.

Bundan başqa, buğdanın dövlət sifarişi ilə alış qiymətləri artırılmadı. Baxmayaraq ki, dizel yanacağının qiyməti, təsərrüfat suyunun tarifləri artırılmışdı, digər kommunalların artırılmasına rəğmən buğdanın dövlət sifarişi ilə qiyməti artırılmadı. Üstəlik bazarda da qiymət artımı müşahidə olunmadı. 

Nəticədə xərcləri artan fermer satış bazarında ciddi problemlərlə üzləşdiyinə görə, buğda əkinindən imtina etməyə başladı. Yemin tədarükünün aşağı düşməsi təbii olaraq idxalın artmasına səbəb oldu. Bu çox təhlükəli bir vəziyyətdir. Hökumət əsas strateji məhsul olan buğdanın əkilməsi ilə bağlı bir çox təşviqedici addımlar atmalıdır. 

Subsidiyaların həcmi artırılmalıdır. Dövlət sifarişi ilə buğdanın alış qiymətlərini mövcud inflyasiya qiymətlərinə uyğunlaşdırılmalıdır. 

Bütün bunlar da reallaşmadığına görə nəticədə buğdanın qiyməti artır. Əgər bu ilin sonunda eyni vəziyyət yaranacaqsa və növbəti ilin  büdcəsində bu nəzərə alınmayacaqsa, buğda idxalı daha da artacaq və əsas strateji məhsul olan buğda ilə bağlı ciddi asılığımız yaranacaq. Bu da çox təhlükəli bir tendensiyadır".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
1
cebheinfo.az

2Источники