Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə,
Sentyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində yeni inşa olunan 3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimindən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilmişdir.
Tədbir zamanı bildirilmişdir ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilmiş, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, xidməti mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunmuşdur. Eyni zamanda binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük döşənmişdir.
Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdikləri ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Hərbi qulluqçulara yeni xidməti mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rəhbər heyət ilə birlikdə açılış mərasimindən sonra istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olmuşdur.
Tədbirin sonunda yeni xidməti mənzillərin sakinləri ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.