RU

“YouTube Live”in yeni imkanları

Dünyanın ən böyük video platformasının administrasiyası “Made on YouTube” tədbirində canlı yayımların keyfiyyətini artırmağa yönəlmiş bir sıra yeni funksiyalar təqdim edib. Onların arasında müəlliflər üçün mini-oyunlar, eyni vaxtda üfüqi və şaquli formatlarda yayımlar, süni intellekt tərəfindən hazırlanmış ən yaxşı anların seçilmiş məqamları, canlı efirdə hadisələrə reaksiyalar və yeni reklam formatları var. Platforma administrasiyası iddia edir ki, bu, “YouTube Live” tarixindəki ən böyük yeniləmədir. Canlı yayım xidmətləri bazarı böyüməyə davam edir və “TikTok Live” ilə rəqabət daha da kəskinləşir. 2025-ci ilin ikinci rübündə platformanın gündəlik avtorizasiyadan keçmiş istifadəçilərinin 30 faizindən çoxu yayımlara baxıb. İlk yenilik “Playables”in “Live” bölməsinə inteqrasiyası olub.

“Playables” əvvəllər yalnız əsas səhifədə əlçatan olan pulsuz mini-oyunlar kataloqu idi. İndi o, canlı yayımlarda interaktiv komponent olacaq, müəlliflər izləyicilər üçün “Angry Birds Showdown”, “Cut the Rope”, “Tomb of the Mask” və “Trivia Crack” kimi məşhur oyunları oynaya biləcəklər. “YouTube” administrasiyası bildirib ki, “Playables” yeni başlayan “streamer”lər üçün başlanğıc nöqtəsinə çevrilə bilər və onlara izləyicilər üzərində ilk təəssüratı yaratmaq üçün sadə imkan təqdim edəcək. Daha bir yenilik eyni vaxtda həm üfüqi, həm də şaquli formatda yayım imkanıdır ki, bu da həm kompüter, həm də mobil cihaz istifadəçilərindən ibarət auditoriyanı əhatə etməyə imkan verəcək. Bütün izləyicilər ümumi çatda yazışa biləcəklər. Mobil telefonlardan kontent izləyən istifadəçilərin sayı artır və platformalar, ilk növbədə mobil auditoriyaya yönəlmiş “TikTok” kimi servislərlə rəqabət aparmaq üçün şaquli formatda yayımları dəstəkləməyə başlayırlar.

“YouTube” təcrübəni genişləndirmək qərarına gəlib və müəlliflərə mobil cihazlardan şaquli yayımlar başlatmaq, eyni zamanda digər müəlliflərin aparmaqda olduqları paralel efirlərə və hadisələrə real vaxtda reaksiya vermək imkanı yaradıb. Yeni süni intellekt funksiyaları da əlavə olunub. İndi süni intellekt avtomatik olaraq yayımların ən yaxşı məqamlarını seçir və onları dərc edilə bilən qısa videolara çevirir. “Practice Mode” funksiyası isə parametrləri sınaqdan keçirməyə, təsadüfən canlı yayıma qoşulmaqdan ehtiyat etmədən imkan verir. Monetizasiya baxımından “YouTube” yeni reklam formatı təklif edib: əsas görüntünü bağlamayan “side-by-side” formatı ekrana bölünmüş şəkildə əsas kontentin yanında göstərilir. Nəhayət, pullu abunəçilərə sahib kanal sahibləri ictimai yayımlardan yalnız “öz izləyiciləri üçün” yayımlara keçid edə biləcəklər. Bu isə kontent yaradıcısına ödəniş edənlər üçün eksklüziv materialların hazırlanmasını asanlaşdıracaq.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
26
azerbaijan-news.az

1Источники