Bu mövsümdən II Liqa fərqli reqamentlə keçiriləcək.
12 komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarət olacaq. Daha sonra iştirakçılar iki «altılığ»a bölünəcək.
Burada sual doğuran nüans budur - «Altılıq»da xallar necə hesablanacaq?
Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov Sportinfo.az-a açıqlamasında qaranlıq məqama aydınlıq gətirib:
“Komandalar ilkin olaraq birinci mərhələdə iki dövrədə mübarizə aparırlar. Hər komanda eyni rəqiblə bir ev və bir səfər oyunu keçirir.
Əldə olunan nəticələrə əsasən, onlar turnir cədvəlindəki mövqelərinə uyğun olaraq, iki “altılığ”a bölünürlər. Bu mərhələdə beş tur keçirilir.
İlk “altılıq” komandaları öz aralarında çempion və mükafatçıları, eyni zamanda, I Liqaya yüksələn komandaları müəyyənləşdirirlər, ikinci “altılıq”dakıların mübarizəsinin nəticəsində isə liqada qalan və liqanı tərk edənlər müəyyənləşir.
İdman prinsipləri rəhbər tutularaq, ikinci mərhələyə komandalar ilk 22 turun nəticəsində topladıqları xallar, vurulan və buraxılan bütün qollar, intizam tədbirləri aktivlərində saxlanaraq başlayırlar.
27 turdan sonra II Liqanın qalibi lisenziya şərtlərinə cavab verəcəyi halda I Liqaya vəsiqə qazanır. İkinci yerin sahibi isə I Liqada 9-cu pilləni tutan komanda ilə pley-offda üz-üzə gəlir Liqada 12-ci yeri tutan komanda yarışı tərk edir. Region Liqasının qalibi II Liqaya yüksəlir.
II Liqada 11-ci və 10-cu yeri tutan komandalar isə Region Liqasında müvafiq olaraq, ikinci və üçüncü yeri tutan komandalar ilə pley-offda üz-üzə gəlirlər. Pley-off 1 oyundan ibarətdir və neytral meydanda keçirilir“.