RU

Erməni katolikosu Putini Azərbaycanla bağlı mümkünsüz işlərə sövq etmək istəyir...


Qarabağda "tarixi abidələr fabriki" fəaliyyət göstərib, bu danılmaz faktdır!

Katolikos I Aram Qazaxıstanda keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayında Prezident Vladimir Putin və Patriarx Kirildən Azərbaycan hakimiyyəti ilə danışıqlarda "Artsax"ın “dini və mədəni irsinin” təhlükəsizliyinin təmin edilməsi, habelə erməni məhbusların vaxtından əvvəl azad edilməsi üçün lazımi səylər göstərmələrini xahiş edib.

Maraqlıdır, Vladimir Putinin Azərbaycan rəhbərliyinə belə bir təsir imkanları varmı?

Birinci onu qeyd edək ki, erməni həyasızlığının pik həddi odur ki, onlar Qarabağda 100-150 il yaşayıb, indi dini və mənəvi abidələrdən danışır. Amma Ermənistan və Qarabağ ərazisində ermənilər türklərə məxsus minilliklərlə yaşı olan abidələri darmadağın ediblər, üstünü bastırıblar. Hazırki İrəvan şəhəri qədim türk abidələrinin - İrəvan qalasının xarabalıqları üstündə tikilib. Bunu erməni alimləri də təsdiqləyir. Hazırda İrəvan şəhərində 100 ildən çox yaşı olan tarixi abidə mövcud deyil. Yüzə yaxın yaşı olan abidələr isə yalnız kilsələrdən ibarətdir. Sual verən yoxdur ki, ermənilər bu ərazinin aborugenləridirsə nədən onların bir neçə əsr əvvələ aid tarixi abidələri yoxdur? Ermənilər əvvəllər məgər yalnız kilsələrdə yaşayıblar ki, abidələr yalnız kilsələrdən ibarətdir? Bunların bir hamamı, qalası, karvansarayı olmayıb bəyəm? Əlbəttə olub, lakin onlarin hamısı türk mədəniyyətinə aid olduğuna görə ermənilər onları yer üzündən silib. İndi isə bizimlə Qarabağda 30 il ərzində saxtalaşdırdıqları "tarixi abidə"lərin davasını döyürlər. İşğal dövrü ərzində Qarabağda "tarixi abidələr fabriki" fəaliyyət göstərib, bu danılmaz və ermənilərin iç üzünü açan bir faktdır.

İndi isə keçək Putinin və Kirillin Azərbaycana təsiri məsələsinə. Əslində, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan hakimiyyətinə müəyyən təsir imkanları var, amma bu təsirin miqyası son illərdə kəskin şəkildə azalıb. Məsələni bir neçə istiqamətdə dəyərləndirmək olar.

Əslində, Rusiya Cənubi Qafqazda hələ də əsas oyunçulardan biridir. Azərbaycanla da həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik sahələrində əməkdaşlığı var.

2022-ci ildə imzalanmış müttəfiqlik - qarşılıqlı fəaliyyət haqqında Bəyannamə iki ölkə arasında əlaqələri formal şəkildə gücləndirib.

2020-ci il müharibəsindən sonra Rusiya bölgəyə sülhməramlı qüvvələr yerləşdirmişdi, lakin 2023-cü ilin payızında Azərbaycan məhdud antiterror əməliyyatı ilə bu qüvvələrin mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Sonda isə rus sülhməramlı kontingenti Qarabağdan çıxarıldı. Bu, Moskvanın Qarabağ məsələsindəki təsirini olduqca zəiflətdi.

Eyni zamanda, Rusiya-Ermənistan münasibətləri son illərdə gərginləşib. Paşinyan hökuməti Qərbə meyllənir, bu isə Moskvanı narahat edir. Ona görə də Moskva Ermənistan üçün “əsas təminatçı” rolunu əvvəlki kimi tam oynamaq istəmir.

Azərbaycanla münasibətlər isə Rusiya üçün enerji və kommunikasiya marşrutlarına görə daha praktik əhəmiyyət kəsb edir.

Putin və Patriarx Kirillin Bakı ilə bu mövzunu müzakirə etmək imkanı var. Xüsusən erməni əsilli məhbusların vaxtından əvvəl azad edilməsi məsələsində Rusiya vasitəçi rolunu oynaya bilər. Amma buna Rusiya özü o qədər də həvəs göstərmir.

Lakin “Artsax”ın dini-mədəni irsinin qorunması məsələsində Azərbaycan hökuməti özünü tam suveren hesab edir və bunu xarici təsirə açıq sahə kimi qəbul etmir. Bunun səbəblərini yuxarıda qeyd etmişik. Ona görə də Moskvanın bu istiqamətdə yalnız “məsləhətçi” rolu ola bilər.

Yəni Putinin Azərbaycan hakimiyyətinə müəyyən təsir imkanları var, xüsusilə humanitar məsələlərdə vasitəçilik edə bilər. Amma strateji mövzularda, məsələn, Qarabağ ermənilərinin irsi ilə bağlı qərarlarda Azərbaycan daha çox öz suveren mövqeyinə güvənir və Rusiyanın təsirini məhdud qəbul edir.

Gəlin, Putinin Azərbaycan hakimiyyətinə təsir imkanlarını iqtisadi, siyasi və təhlükəsizlik kontekstində qiymətləndirək.

Məsələn, iqtisadi sahədə enerji əməkdaşlığı, ticarət, Rusiya bazarı, rus bank sistemi, azərbaycanlı miqrantların fəaliyyəti Putin üçun Azərbaycana təsir aləti kimi istifadə edilə bilər və o bunu öz məqsədləri üçün istifadə edir də...

Məsələn, Azərbaycan sahibkarlarının meyvə-tərəvəzləri tez-tez sərhəddən müxtəlif bəhanələrlə geri qaytarılır, miqrantlara, Azərbaycan əsilli iş adamlarına qarşı məlum zorakılıqları müşahidə edirik. Bu, əslində Putinin sifarişləri kimi qiymətləndirilə bilər. Lakin hələ Azərbaycan İran və Hindistana gedən və ya əks istiqamətdə hərəkət edən rus yüklərini sərhəddə saxlamayıb.

Azərbaycan enerji satışında əsasən Qərbə çıxır, amma Rusiya ilə də bazar və tranzit əməkdaşlığı mövcuddur.

Diplomatik təmaslar, MDB, Avrasiya strukturlarındakı mövqe, Rusiyanın Ermənistan üzərindəki ənənəvi təsirindən istifadə edərək Moskva vasitəçilik edə bilir. Amma Bakı həm Ankara, həm də Qərblə balans saxladığı üçün Rusiyanın siyasi təsiri məhduddur.

Təhlükəsizlik baxımından Rusiyanın sülhməramlı missiya təcrübəsi, silah tədarükü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı rolu (Azərbaycan üzv deyil, amma dolayı təsir var) müəyyən imkanlar yarada bilər. Lakin 2023-dən sonra Rusiya sülhməramlılarının faktiki təsiri sıfıra bərabərdir. Bakı daha çox Türkiyə ilə hərbi müttəfiqliyə üstünlük verir.

Rus Pravoslav Kilsəsi və Patriarx Kirillin dini diplomatiyası, rusdilli təhsil, mədəniyyət sahəsində yumşaq gücü var, amma dövlətin strateji qərarlarına ciddi təsir göstərmir.

Yəni Putin Bakıya iqtisadi və humanitar sahədə müəyyən təsir göstərə bilər. Amna bu alətlər çox zəif təsirlərə malikdir.

Təhlükəsizlik sahəsində Rusiyanın təsir imkanları minimum səviyyəyə düşüb, bu sahədə əsas oyunçu artıq Türkiyədir.

Siyasi vasitəçilik hələ qalır, amma Azərbaycanın balanslı siyasəti Rusiyanın təsirini məhdudlaşdırır.

Akif NƏSİRLİ

Избранный
17
baki-xeber.com

1Источники