Türkiyədə son illərin ən geniş ictimai kampaniyalarından biri SMA xəstəliyi ilə bağlıdır.
E-saglam.az xəbər verir ki, xəstə uşaqların valideynləri sosial media vasitəsilə pul toplayaraq onları müalicə üçün ABŞ və Avropaya göndərməyə çalışırlar. Bu müalicədə ən çox adı çəkilən dərman isə “Zolgensma”dır. Birdəfəlik istifadə olunan bu dərmanın qiyməti 2–3 milyon dollar arasında dəyişir.
Səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, Türkiyə 2026-cı ilin ilk yarısında öz SMA dərmanını istehsal edəcək:
“Bundan sonra biz xüsusilə molekulyar müalicələr və nadir xəstəliklər üçün öz dərmanlarımızı istehsal edə biləcək və onları vətəndaşlarımız üçün əlçatan edəcəyik”.
Nazir xatırladıb ki, dünən Tekirdağın Ergene rayonunda Polifarma tərəfindən Ar-Ge Xammal və Dərman İstehsal Mərkəzinin açılışı olub. Onun sözlərinə görə, bu müəssisə Türkiyənin həm dərman, həm də xammal istehsalında “məhsuldar sağlamlıq modeli”nin nümunəsidir.
Memişoğlu əlavə edib: “İnşallah 2026-cı ildə milli texnologiyamızla hazırladığımız SMA dərmanını yalnız öz ölkəmizdə deyil, digər ölkələrdə ehtiyacı olan insanlara da təqdim edəcəyik”.
Qeyd edək ki, nazirin açıqlamasında dərmanın qiyməti ilə bağlı konkret məlumat verilməyib. Amma ümumiyyətlə, bir ölkə dərmanı özündə istehsal etdikdə idxal xərcləri azalır, logistik və patentlə bağlı üstünlüklər yaranır. Bu isə çox vaxt qiymətin daha əlçatan olmasına şərait yaradır.
Yəni böyük ehtimalla Türkiyədə istehsal olunacaq SMA dərmanı idxal ediləndən daha ucuz olacaq, amma dəqiq qiymət barədə hələlik rəsmi açıqlama yoxdur.
Könül Oruc
E-saglam.az