RU

Pambıq da əkirik, mahlıc da emal edirik, amma...

Bəs niyə adi dəsmalı, corabı, sapı da kənardan gətiririk?

Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadi siyasətində aqrar sektorun bütün sahələri, o cümlədən pambıqçılığın inkişafı daim diqqət mərkəzində saxlanılıb, bu sahənin modernləşdirilməsi, mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Son illərdə isə aqrar islahatların sürətləndirilməsi məqsədilə imzalanan qərarların, pambıqçılığın institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası ilə “ağ qızıl”ın yetişdirilməsinin keyfiyyətcə yeni inkişaf mərhələsi başlanılıb.

Pambıqçılıqla bağlı bütün istehsal prosesini əhatə edən kompleks tədbirlər planına əsasən hazırkı dövr üçün nəzərdə tutulan bütün təşkilati, aqrotexnika ilə bağlı məsələlər vaxtında və keyfiyyətlə icra edilib. Pambıq istehsalçıları ilə şirkətlər arasında müqavilələrin bağlanılması, şum, arat, suvarma məsələləri diqqətdə saxlanılıb, texnika, pestisid və mineral gübrələrə tələbatın həcmi müəyyənləşdirilərək təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Cari mövsümdə də pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı kimi məsələlər diqqətdə saxlanılır, eyni zamanda, pambığın becərilməsində intensiv texnologiyalardan yararlanmaqla məhsuldarlığı artırmaq, bunun üçün torpaq və su resurslarından səmərəli istifadə etmək, növbəli əkinin tətbiqinə önəm vermək kimi amillərə prioritet istiqamətlər kimi yanaşılır. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrin düzgün istifadəsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi də diqqətdə saxlanılır.

Görülən işlərin müsbət nəticəsi statistik rəqəmlərdə öz ifadəsini tapıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına əsasən 2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz artıb. Bu dövrdə ixraca yönəldilən qeyri-neft sektoruna aid malların siyahısında üçüncü yerdə qərarlaşan və 109,7 milyon dollar həcmində (76 min 286 ton) pambıq lifi satılıb. Xatırladaq ki, 2024-cü ilin müvafiq dövründə respublikamızdan 126,4 milyon dollar dəyərində 82 min 360 ton pambıq lifi ixrac olunub.

Başqa bir statistik göstəriciyə də diqqət yetirək. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 7 ayda respublikada 47 min 722 ton (2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz çox) pambıq mahlıcı istehsal edilib. Pambığın emalından əldə olunan iplik istehsalı və ixracında da artım qeydə alınıb. Belə ki, hesabat dövründə Azərbaycandan xaricə 17 milyon dollar həcmində 7 min 282 ton pambıq iplik satılıb. Pambıq iplik ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 milyon dollar və ya 18,2 faiz, miqdar ifadəsində isə 1 min 603 ton və ya 28,2 faiz çoxalıb.

İplikdən parçaya, parçadan paltara...

İqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində strateji önəm daşıyan pambıq istehsalı son illərdə dövlətin məqsədyönlü siyasəti, fermerlərin maraqlarının artırılması, innovativ texnologiyaların tətbiqi və müasir emal müəssisələrinin qurulması nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Pambıq yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də sənaye üçün strateji xammaldır. Bu baxımdan, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də yüngül sənayenin tərəqqisinə təkan verir. Hazırda respublikada bu sahə sürətlə inkişaf etməkdədir. Dövlət dəstəyi və subsidiya mexanizmləri, texnikanın güzəştli şərtlərlə fermerlərə təqdim olunması, müasir suvarma sistemlərinin tətbiqi və aqrotexniki xidmətlərin gücləndirilməsi nəticəsində məhsuldarlıq da getdikcə artır. Belə ki, əgər əvvəllər hər hektardan 15–20 sentner məhsul götürülürdüsə, hazırda bəzi rayonlarda bu göstərici 30–35 sentnerə çatır.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkədə, ümumilikdə, 103,1 min hektar sahədə pambıq əkilib. Bu, əvvəlki illə müqayisədə 25 faiz genişləndirilmə deməkdir, eyni zamanda, pambıq əkini sahələrinin artması tendensiyasını göstərir. Hesabat dövründə pambıq istehsalı da bir il əvvəllə müqayisədə 30,7 min ton artıb. Belə ki, 2023-cü ildə 276,3 min ton, keçən il isə 307 min tondan çox pambıq istehsal edilib. İstehsalın artmasına əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın qismən çoxalması təsir göstərib. Ötən il ən çox pambıq Saatlı (43 min ton), Ağcabədi (36,8 min ton) və Sabirabad (33,7 min ton) rayonlarında istehsal edilib. Bu dövrdə məhsuldarlıq da yüksəlib. Məsələn, Biləsuvar rayonunda 2024-cü ildə 6 min 915,8 hektar sahəyə çiyid səpilib. Sahələrdən 24 min 776,98 ton pambıq toplanıb. Nəticədə rayon üzrə orta məhsuldarlıq 35,8 sentnerə yüksəlib. Bu məhsuldarlıq rayon üzrə son 40 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

Pambıq istehsalının artması emal sənayesinin də genişlənməsini zəruri edib. Bu, bölgələrdə yeni pambıq emalı zavodlarının inşa olunması, mövcud olanların modernləşdirilməsinin həyata keçirilməsi ilə öz ifadəsini tapıb. Belə müəssisələrdə qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verilib. Bununla da mahlıcın keyfiyyətinin yüksəlməsinə, itkilərin minimuma endirilməsinə və ixrac üçün rəqabət qabiliyyətli məhsulun əldə edilməsinə nail olunub.

Hazırda pambıqçılıq üzrə klaster modelinin tətbiqi istiqamətində önəmli layihələr gerçəkləşdirilir. Belə bir yanaşma fermerlərdən tutmuş emal müəssisələrinə, hazır tekstil fabriklərindən ixrac şirkətlərinə qədər bütün zənciri vahid sistemdə birləşdirir. Bu isə səmərəliyin artırılmasına, istehsalın şəffaf idarə olunmasına və iqtisadi dəyərin ölkə daxilində formalaşmasına zəruri şərait yaradır.

Yeri gəlmişkən, burada bir məqamı xatırlatmaq istərdik. Mingəçevir Sənaye Parkında rezidentlik status ilə cari ilin əvvəlindən fəaliyyət göstərən Azərbaycan – Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC-nin ərazisində mahlıc, iplik, parça, geyim istehsal edəcək müəssisələrin inşa olunacağı və bununla da ölkəmizdə ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacağı nəzərdə tutulub.

Almaniya, İsveçrə, İspaniya, Türkiyə kimi ölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq. İnvestisiya dəyəri 153 milyon manat təşkil edən layihə çərçivəsində 2300-dən artıq daimi iş yeri yaradılacaq. 2027-ci ildə istismara veriləcəyi planlaşdırılan müəssisələrdə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Son məhsulun həll yolları

Hazırda Azərbaycanın iplik istehsalı sahəsində müəyyən müəssisələr var və onlar müəyyən həcmdə istehsalı gerçəkləşdirir. Amma bu potensial ümumi pambıq istehsalını əhatə edə bilmir. Məsələn, Mingəçevir Sənaye Parkında fəaliyyət göstərən iplik fabrikləri ölkə üçün strateji əhəmiyyət daşıyır. Burada istehsal olunan iplik həm daxili bazara, həm də ixraca yönəldilir. Gələcəkdə bu sahəyə əlavə investisiya yatırılarsa, Azərbaycan yalnız mahlıc ixrac edən deyil, həm də ipliyi xaricə satan ölkəyə çevrilə bilər. Bu, ölkə iqtisadiyyatına xeyli əlavə dəyər gətirər.

Yuxarıda qeyd etdik ki, Mingəçevir Sənaye Parkında 2027-ci ildə istismara veriləcəyi planlaşdırılan və mahlıc, iplik, parça, geyim istehsal ediləcək müəssisələrin əsasında respublikamızda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmənin formalaşdırılacağı nəzərdə tutulur. Hələlik isə ölkədə pambıqçılıq əsasən mahlıc istehsalı ilə yekunlaşır. Yəni ilkin mərhələdə pambıq təmizlənərək mahlıc formasında ixrac edilir. Bu isə əlavə dəyər zəncirində son mərhələyə qədər gedə bilməməyimizi göstərir. Başqa sözlə, hazırda pambıqdan son məhsulun – iplik, parça, geyim və digər tekstil məmulatları istehsalında mövcud potensial reallaşmır.

Bu məqamda bir məsələni də xatırlatmaq istərdik. 2018-ci ilin fevralında Mingəçevir Sənaye Parkında fəaliyyətə başlayan “Mingəçevir Tekstil” MMC-yə məxsus iki iplik fabrikində pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə, 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulub. “Ring” üsulu ilə istehsal edilən pambıq – poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunur. “Open End” üsulu ilə alınan iplik isə daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə edilir.

Bu isə mahlıcdan ipliyin əldə olunması üçün ölkədə istehsal gücünün yetərincə olmadığını deməyə əsas verir. Eyni zamanda, əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur. Buna görə də hazırda pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin yaradılması əsas məqsədlərdən biridir.

Statistik məlumatlara əsasən Azərbaycan hər il yüz minlərlə ton pambıq mahlıcı ixrac edir. Lakin həmin mahlıc xaricdə ipliyə, parçaya, daha sonra isə hazır geyimə çevrilərək dünya bazarına çıxarılır. Nəticədə ölkə iqtisadiyyatı yalnız xammal ixracından gəlir əldə edir, halbuki son məhsulun dəyəri qat-qat yüksəkdir. Bu mənzərə göstərir ki, son məhsul istehsalının inkişafı qarşıda duran ən mühüm vəzifələrdən biridir.

Pambıqdan son məhsulun əldə olunması üçün infrastruktur quruculuğunun diqqətdə saxlanılması və bununla bağlı mövcud potensialın hərəkətə gətirilməsi mühüm amillərdən biridir. Elə buna görə də sözügedən sahədə tam dəyər zəncirinin formalaşdırılması məqsədilə bu gün pambıqçılığın inkişafı ilə bağlı dövlət tərəfindən geniş infrastruktur layihələri reallaşdırılır, müasir pambıq emalı zavodları, logistika mərkəzləri, anbar sistemləri yaradılır.

Hazırda respublikada iplik istehsalı üzrə müəyyən müəssisələr fəaliyyət göstərsə də, onların gücü istehsal olunan bütün mahlıcı emal etməyə çatmır. Parça və hazır geyim istehsalı isə nisbətən məhdud səviyyədədir. Başqa sözlə, infrastrukturun ilk mərhələsi – mahlıc istehsalı sahəsində ciddi irəliləyiş olsa da iplik, parça və hazır məhsul zənciri hələ tam gücü ilə işləmir. Bu istiqamətdə dövlətin dəstəyi və özəl investisiyaların cəlb olunması, eləcə də tekstil klasterlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Sumqayıt və Mingəçevir sənaye parklarında tekstil müəssisələrinin yaradılması ümidverici nümunələrdən biridir.

Göründüyü kimi, Azərbaycanın hazırda ən zəif həlqəsi məhz iplikdən parçaya, parçadan isə paltara çevrilmə mərhələsidir. Hazır geyim sənayesi ölkədə məhdud miqyasda fəaliyyət göstərir və əsasən daxili bazarın kiçik bir hissəsini təmin edir. Bunun əsas səbəblərindən biri yüksək texnologiyalı avadanlıqların, peşəkar işçi qüvvəsinin və beynəlxalq bazarlara çıxış imkanlarının məhdud olmasıdır.

Bununla belə, qarşıda duran vəzifəni gerçəkləşdirmək üçün kifayət qədər geniş imkanlar var. Azərbaycanın coğrafi mövqeyi, logistika şəraiti, ixrac bazarlarına yaxınlığı, dövlətin qeyri-neft sənayesinə dəstəyi bu sahənin inkişafına əlverişli şərait yaradır. Əgər iplik istehsalı genişləndirilsə və parça istehsalı üçün yeni fabriklər qurulsa, ölkə yaxın gələcəkdə öz brendləri ilə beynəlxalq geyim bazarına çıxmaq imkanına sahib ola bilər.

Emal zavodları necə işləyir?

Bu gün ölkədə fəaliyyət göstərən pambıq emalı zavodlarının əksəriyyəti modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılır. Müəssisələrdə mahlıcın keyfiyyətli emalı, lifin ayrı-ayrılıqda çeşidlənməsi və ixrac üçün uyğun məhsul hazırlanması mümkündür. Lakin problemlər də nəzərə çarpır. Bəzi bölgələrdə mövcud zavodların tam gücü ilə işləməməsi, texnoloji yenilənməyə zəruri ehtiyacın duyulması, xammalın daşınmasında logistika çətinliklərinin müşahidə olunması bu sahədə perspektivdə görüləcək işlərin miqyası haqqında aydın təsəvvür yaradır. Lakin buna baxmayaraq, ümumi mənzərə ümidvericidir və son illərdə bu istiqamətdə bir sıra zəruri layihələrin reallaşdırılması emal zavodlarının fəaliyyətini qənaətbəxş qiymətləndirməyə imkan verir.

2015-ci ildən başlayaraq dövlətin həyata keçirdiyi məqsədyönlü proqramlar pambıqçılığın sürətli inkişafına müsbət təsir göstərib. Statistik göstəricilərə əsasən həmin il ölkədə cəmi 35 min ton pambıq tədarük olunmuşdusa, 2023-cü ildə bu rəqəm 335 min tona yaxınlaşıb. Son 8 ildə isə pambıq istehsalı təxminən 8-10 dəfə arıb. Məhsuldarlıq göstəriciləri də yüksəlib: əvvəllər orta məhsuldarlıq 15–20 sentner/ha idisə, hazırda bir sıra rayonlarda bu göstərici 30–35 sentner/ha səviyyəsində qeydə alınıb.

Yeri gəlmişkən, onu xatırladaq ki, bu ilin I rübündə Azərbaycanda 7 milyon 699 min kvadratmetr pambıq parça istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr (2023-cü illə müqayisədə 7,2 faiz çox) pambıq parça istehsal edilib.

Məhsul bolluğu yeni emal müəssisələrinin qurulmasına da zəmin yaradır. Hazırda respublikada 20-dən çox pambıq emalı zavodu fəaliyyət göstərir. Onların əksəriyyəti son illərdə ya yenidən qurulub, ya da müasir texnologiyalarla təchiz edilib. Bu müəssisələrdə mahlıcın təmizlənməsi, keyfiyyətli liflərin çeşidlənməsi və ixraca hazır məhsulun hazırlanması həyata keçirilir. Belə bir genişmiqyaslı layihələrin həyata keçirilməsi pambıqdan daha çox son məhsulun alınacağına, perspektivdə bu sahədə inkişaf etmiş ölkələrin sırasına qoşulacağına əminlik yaradır.

Qeyd edək ki, hazırda Türkiyənin illik iplik istehsalı 2 milyon ton, Özbəkistanın isə 1,4 milyon tondur. Azərbaycan bu göstəricilərdən hələlik geridə qalır. Amma nəzərə alsaq ki, pambıqçılığın inkişafı son 7–8 ildə intensiv mərhələyə qədəm qoyub, yaxın 5–10 ildə iplik istehsalının dəfələrlə artırılması real görünür. Ölkədə tekstil sahəsinin inkişafında da gerilik nəzərə çarpır. Azərbaycanın hər il yüz milyonlarla dollar dəyərində tekstil və geyim idxal etməsi də məhz bununla bağlıdır.

Beynəlxalq bazar təcrübəsi göstərir ki, iplik istehsalından hazır geyim ixracına qədər uzanan dəyər zəncirinin qurulması iqtisadiyyata böyük töhfə verir. Türkiyə bunun bariz nümunəsidir: pambıq istehsalını artırmaqla yanaşı, parça və geyim ixracında da dünyanın ilk beşliyində qərarlaşır. Azərbaycan üçün də oxşar model mümkündür. Əgər iplik fabriklərinin gücü artırılsa, parça istehsalı müəssisələri qurulsa və hazır geyim fabrikləri yaradılarsa, ölkəmiz brend məhsullarla dünya bazarında öz yerini tuta bilər.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Məhsuldarlığın yüksəlməsi emal sənayesinin inkişafına müsbət təsir göstərən əsas amillərdən biridir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir. Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır – hazır məhsul”.

Beləliklə, ölkəmiz pambıqçılıq sahəsində son illərdə əldə etdiyi uğurlarla regionun mühüm istehsalçılarından birinə çevrilib. Amma əsas vəzifə xammal ixracından imtina edib, son məhsul istehsalına yönəlməkdir. Bunun üçün:

– mövcud iplik fabriklərinin gücü genişləndirilməli,

– yeni parça və tekstil müəssisələri qurulmalı,

– yerli brendlər formalaşdırılmalı,

– ixrac üçün beynəlxalq bazarlara çıxış imkanları artırılmalıdır.

Əgər bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı gücləndirilsə, infrastruktur tamamlansa və əlavə investisiyalar yatırılsa, Azərbaycan yalnız xammal ixrac edən deyil, həm də yüksək əlavə dəyərli tekstil məhsulları buraxan respublikaya çevrilə bilər. Bunun nəticəsində həm iqtisadi gəlirlər artar, həm də minlərlə yeni iş yeri açılar.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Toxuculuq sənayesinin əsas xammal bazasını təşkil edən pambıqçılığın istehsalında son illər ciddi inkişaf dinamikası var. Lakin pambıq mahlıcından iplik emalı potensialı mövcud tələbatın, təxminən, 30-40 faizi həcmindədir. Parça istehsalının isə mövcud xammal bazasına nisbətdə göstəriciləri daha aşağıdır.

Hökumət hazırda dəyər zənciri üzrə daha çox əlavə dəyərin yaradılmasına nail olmaq və daxili tələbatı yerli istehsal hesabına gerçəkləşdirmək məqsədilə iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinə daha çox önəm verir. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin pambıqçılığın klaster əsasda inkişafı üçün apardığı kompleks qiymətləndirmə də bunun bariz ifadəsidir. Pambığın son məhsula, yəni ən azı parçaya çevrilməsi üçün klaster yanaşması da nəzərə alınmaqla əsaslandırma hazırlanması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Başqa sözlə, burada əsas məqsəd ölkəmizdə xam pambıqdan parça istehsal olunmasının gerçəkləşdirilməsidir.

Qeyd edim ki, mahlıcdan ipliyin əldə olunması üçün ölkədə istehsal gücü kifayət etmir. Eyni zamanda, əldə olunan ipliyi parçaya, parçanı isə paltara çevirmək potensialı da məhdud olması ilə narahatlıq doğurur. Pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ciddi ehtiyac duyulur. Mahlıcdan ipliyin, iplikdən parça, ondan isə son məhsul əldə olunması üçün zəruri infrastrukturun, istehsal gücünün olmaması üzündən yığılan pambığın xeyli hissəsi mahlıc və iplik şəklində xaricə satılır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, cari ilin 7 ayında respublikada 47 min 722 ton (2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz çox) pambıq mahlıcı istehsal edilib. Pambıq iplik ixracı da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 milyon dollar və ya 18,2 faiz, miqdar ifadəsində isə 1 min 603 ton və ya 28,2 faiz çoxalıb.

Yeri gəlmişkən, bu məqamda mütəxəssislərin bir fikrini də diqqətə çatdırmaq istərdim. Bildirilir ki, Azərbaycanda istehsal olunan pambıq yüksəkkeyfiyyətli geyim istehsalına uyğun gəlmir. Bir çox hallarda istehsal olunan pambığın keyfiyyəti qənaətbəxş olmur, onun orta lif uzunluğu, qalınlığı, təmizliyi və digər göstəricilər beynəlxalq standartlara cavab vermir. Lakin ölkə pambığı yüksəkkeyfiyyətli, brend geyim istehsalı üçün o qədər də yararlı olmasa da yataq dəstləri və bez məhsulların hazırlanmasına uyğun gəlir.

Vaqif BAYRAMOV
XQ

Избранный
4
1
xalqqazeti.az

2Источники