RU

Dünya ədəbiyyatının “Tanrı dağı” UNESCO zirvəsində

UNESCO-nun mənzil-qərargahında “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib. Mərasim Qırğız Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev xalqımızın Çingiz Aytmatova dərin hörmət və ehtiram bəslədiyini bildirib. O, qeyd edib ki, Aytmatovun yaradıcılığı milli köklərə bağlı olmaqla yanaşı, ümumbəşəri məzmun daşıyır və bu xüsusiyyət onu XX əsrin ən görkəmli yazıçı və mütəfəkkirlərindən birinə çevirib. Aytmatov yalnız ədəbiyyat xadimi kimi deyil, həm də xalqlar arasında dostluğa, sülhə və mədəniyyətlərarası dialoqa töhfələr verib.

Ümummilli lider Heydər Əliyevlə Çingiz Aytmatov arasındakı yaxın dostluğa toxunan E.Abdullayev qeyd edib ki, böyük yazıçı 2008-ci ildə Bakıya son səfəri zamanı Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. O, çıxışının sonunda 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekə səfərinə dair videoçarxı təqdim edib. Videoçarxda Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ev-muzeyinə ziyarəti və həmin səfər çərçivəsində ona “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi əks olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Çingiz Aytmatov fenomeni və Azərbaycan faktoru” mövzusunda çıxışında Çingiz Aytmatovun yaradıcılığının bəşəri miqyasını xüsusi vurğulayaraq, onun dünya ədəbiyyatının “Tanrı dağı” adlandırıldığını qeyd edib. AMEA-nın prezidenti bildirib ki, Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri idealları birləşdirərək ədəbiyyatın yeni fəlsəfi üfüqlərini açıb. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çingiz Aytmatovun yaradıcılığına verdiyi yüksək dəyərin Azərbaycan xalqının ona göstərdiyi sarsılmaz ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Konfrans film nümayişi, panel müzakirələri ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Избранный
4
1
xalqqazeti.az

2Источники