RU

Çağdaş salnaməçi əbədiyyətə qovuşdu

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çağdaş Azərbaycan ədəbiyyatına və jurnalistikasına ağır itki üz verib. Sənədli əbəbiyyatımızın və tədqiqat jurnalistikamızın görkəmli nümayəndəsi, yurdsevər yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezidentin fərdi təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı Şəmistan Nəzirli ömrünün 83 yaşında, yazıb-yaratmaq həvəsinin tükənmədiyi bir dövrdə dünyasını dəyişdi.

Xalq Cümhuriyyəti və milli hərb tariximizin, milli-mənəvi dəyərlərimizin yorulmaz araşdırıcısı Şəmistan Nəzirli 65 illik yaradıcılığı dövründə 30-dan artıq araşdırma kitabı, 1000-dək məqalə və müxtəlif janrlı yazı istedadlı və məhsuldar qələm sahibinə geniş şöhrət qazandırıb.

Şəmistan Əmiraslan oğlu Nəzirli 1942-ci il avqustun 12-də soykökü Qazaxın Şıxlı obasına bağlı olan Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdu. Uşaqlıq illərində kəndlərindən ötüb Borçalıya gedən Səməd Vurğunu görməsi onun gələcək taleyini qəti olaraq ədəbi-publisistik yaradıcılığa, milli-mənəvi dəyərlərimizin tədqiq olunmasına yönləndirmişdi.

Şəmistan Nəzirli 1967–1972-ci illərdə BDU-nun jurnalistika fakültəsində ali təhsil almışdı. Peşəkar jurnalist kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxtirajlı qəzetində işə başlayan Şəmistan Nəzirli, 1 ildən sonra fəaliyyətini Azərbaycan Televiziyasının hərbi vətənpərvərlik redaksiyasında davam etdirmiş, burada 18 il müddətində redaktor və şöbə müdiri olmuşdu. Həmkarımız hərb və qəhrəmanlıq tariximizi öyrənən təcrübəli tədqiqatçı kimi Azərbaycan Ensiklopediyasının “Xatirə” redaksiyasında 1 il şöbə müdiri vəzifəsində çalışmışdı.

Müstəqillik illərində Müdafiə Nazirliyində hərb tariximizin sistemli öyrənilməsinə başlananda Şəmistan Nəzirli Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsinə şöbə müdiri təyin edilmişdir. Yenidən Azərbaycan Televiziyasına dəvət edilən jurnalist 2 il “Hərbi proqramlar və salnamə” baş redaksiyasına rəhbərlik etmişdir. Sonrakı illərdə Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəz təşkil ediləndə Şəmistan müəllim baş elmi işçi kimi hərb tarixi şöbəsində fəaliyyətə cəlb edilmişdi.

Polkovnik-leytenant rütbəsi ilə xidməti təqaüdə çıxandan sonra hərbçilərin veteran təşkilatında ictimai fəaliyyətini davam etdirən fədakar soydaşımız gününün xeyli hissəsini yenə arxiv və kitabxanalarda keçirir, müstəqil araşdırmaçı axtarışlarını davam etdirirdi.

Şəmistan Nəzirlinin yaradıcılığında Xalq şairi Səməd Vurğunun dünya şöhrətli həyat və yaradıcılığı, məşhur Qori Seminariyasının azərbaycanlı yetirmələrinin milli-mədəni dəyərlərimizin qorunması, yaşadılması və zənginləşdirilməsində misilsiz fəaliyyəti, milli hərb tariximiz və general soydaşlarımızın ömür yolu, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu irsi mükəmməl bir silsilə təşkil edir. Çoxsaylı kitablardan və tədqiqat yazılarından ibarət bu materiallar illər keçdikcə zənginləşərək son 2 əsrlik ictimai fikir tariximizin, eləcə də milli-mənəvi dəyərlər sisteminin önəmli fakt, hadisə və şəxsiyyətlərinin öyrənilməsində və təbliğində sanballı bir mənəvi xəzinəyə çevrilmişdir.

Bu şərəfli bioqrafiya və zəngin yaradıcılıq geniş coğrafiyanı əhatə edən ezamiyyələrin, Azərbaycanın və xarici ölkələrin arxiv, muzey, kitabxana və şəxsi saxlanclarında keçən çoxillik axtarışların, tanınmış və maraqlı insanlarla canlı ünsiyyətin, nəhayət, yazı stolu arxasında yorulmaq bilmədən keçən əziyyətli yazıb-yaratmaq prosesinin nəticəsi olaraq ərsəyə gəlmişdir. Araşdırmaçı jurnalist olaraq Şəmistan Nəzirlinin qəzet-jurnallarda işıq üzü görən yazıları, teleradioda yayımlanan veriliş və çıxışları həmişə hədsiz maraqla qarşılanmışdır.

Həsr edildiyi mövzuda ciddi boşluğu doldurmuş kitabları əl-əl gəzmiş, gənc tədqiqatçıların üz tutduğu mötəbər qaynaqlardan olmuşdur. Şəmistan Nəzirli babalarımızın xalqın milli oyanışı və elmi-mədəni tərəqqisi yolunda şama dönmüş, öyünc doğuran talelərini araşdırmaq, istiqlal mücadiləsinin qaranlıqlarına işıq salmaqla bağlı çoxsaylı axtarışlara çıxmış, həmişə də qovluğu dolu qayıtmışdı.

Şəmistan Nəzirlinin “Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü məktublarda”, “Ellər Vurğunu”, “Yaddaşlarda yaşayan Vurğun”, “Qəribə talelər”, “Əfsanəvi Mixaylo”, “Qoridən gələn qatar”, “Qacarlar”, “Azərbaycan generalları”, “Cümhuriyyət generalları”, “Güllələnmiş Azərbaycan generalları”, “Tam artilleriya generalı Səmədbəy Mehmandarov”, “General Əliağa Şıxlinski və silahdaşları”, “General Cəmşidxan Naxçivanski”, “General Yadigarov qardaşları”, “Topoqraf general İbrahim ağa Vəkilov”, “1920-ci ildə Qarabağ döyüşləri”, “Azərbaycan ordusunun 100 illiyi”, “Qarxunlu Əşrəf bəy”, “Arxivlərin sirri açılır”, “Daş Salahlı Məmməd Koxa”, “Nəzirli ocağının üç şairi”, “Krım dəftəri” kitabları, “Səmədbəy” və “Cümhuriyyət generalları” filmləri qiymətli tarixi irsimizin qızıl səhifələrinin salnamələşmiş toplusu olmaqla müəllifinə akademik bir nüfuz və ümumxalq şöhrəti gətirmişdir.

Çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının diplomu, “Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin mükafatı, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “General Həzi Aslanov” və “General Əliağa Şıxlinski” mükafatları cəmiyyətin öz sevimli yazarına bəslədiyi hörmətin və verdiyi dəyərin ifadəsidir.

3 il əvvəl Şəmistan Nəzirlinin 80 illik yubileyi ölkəmizdə qədirbilənliklə qeyd edildi. O zaman qəzetimizdə verdiyimiz yazıda onu “Dünəndən bugünə öyünc körpüsü salan çağdaş salnaməçi” adlandırmışdıq. Bu il avqustun 12-də 82 yaşını da doğmaları, dostları, yaxınları sevgi-sayğı ilə keçirdilər. Qəzetimiz sevimli həmkarımızı, qəzetimizdə “Kitabları əl-əl gəzən Şəmistan Nəzirli” yazısı ilə təbrik etdi.

Səhərisi redaksiyamıza gəldi, qocaman həmkarımızı, qələm ustadımızı bağrımıza basıb əzizlədik, ona uzun ömür arzuladıq. Gedəndə Şəmistan müəllimə “AXC parlamentinin iclasları” üçcildliyini hədiyyə etdik. Dedi ki, mətbəəyə yeni kitabının ilk nüsxəsinə baxmağa gedir, bizim də payımızı gətirəcək. Ürəyimizdə bu yaşda tükənmək bilməyən yaradıcılıq eşqinə “Eşq olsun!” dedik. Axşam zəng vurdu ki, verdiyiniz üçcildlık mənə, azı, 3 belə kitab yazmağa mövzu verir.

Əfsus... “Dünəndən bugünə öyünc körpüsü salan çağdaş salnaməçi”ni yaradıcılıq həvəsinin gənclik eşqi ilə çağladığı bir dövrdə itirdik. Amma nə xoşbəxt insan imiş ki, həyata gözünü şərəfini həmişə uca tutduğu, öyündüyü Qazax torpağında, ən çox sevdiyi milli mücahidlərimizdən Firudin bəy Köçərlinin adı ilə bağlı ünvanda – Ada Universitetinin onun yaxından iştirakı ilə bərpa etdiyi Qazax Müəllimlər Seminariyasında yumdu...

Yerin cənnətlikdir, unudulmaz ustadımız. Dünəndən bugünə öyünc körpüsü salan ölməz yaradıcılığın səni əbədi yaşadacaq. Əziz xatirənisə həmişə bizi ovunduracaq.

Allah sənə rəhmət eləsin, kitabları əl-əl gəzən Şəmistan Nəzirli!

Tahir AYDINOĞLU,Əməkdar jurnalistXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
xalqqazeti.az

2Источники