RU

Hanı ötən günlərin filmləri?

İndi tələbat da, zövqlər də dəyişib

Mədəniyyətimizin ayrılmaz hissəsi olan milli kinomuz əsrdən uzun və şərəfli inkişaf yolu keçib. Bir zamanlar filmlərimiz, sadəcə, ekran əsəri deyil, həyatımızı əks etdirən həyat hekayələri idi.

XX əsrin ortalarında çəkilən, maarifləndirici və yüksək ideyalar daşıyan “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Ulduz” kimi bədii filmlər cəmiyyətdə mənəvi dəyərləri möhkəmləndirir, tamaşaçıya həm estetik zövq, həm də məfkurə aşılayırdı. Filmlərimizdəki bir çox hikmətli, qanadlı ifadələr dillər əzbəri olmuşdu, zərb-məsələ çevrilmişdi.

Müasir milli kinomuz isə keçmişdən xeyli fərqlənir. Bu gün filmlər daha çox kommersiya məqsədilə çəkilir. Xüsusilə komediya janrında çəkilən filmlər kinoteatrlarda böyük izdiham yaratsa da, çoxu tez unudulur. Çünki bu filmlərin çəkilməsində əsas məqsəd qısa müddətdə gəlir əldə etməkdir. Təəssüf ki, bədii keyfiyyət, ssenarinin dərinliyi və obrazların fərdi xüsusiyyətləri bəzən ikinci plana keçir.

Ölkəmizdə çox aktual mövzulara toxunan, tarixi və vətənpərvər ruhlu filmlər çəkilsə də, onlar bəzən kölgədə qalır. Bunun səbəbi isə düzgün marketinq və təbliğatın olmamasıdır. Yüksək keyfiyyətli bir film tamaşaçıya doğru şəkildə çatdırılmasa, öz auditoriyasını tapa bilmir. Bu gün düşündürücü mövzulara maraq azalır, milli kinolar həm xarici filmlər, həm də televiziya serialları və onlayn platformalarla rəqabət aparmaq məcburiyyətində qalır. Kommersiya məqsədilə çəkilən filmlər aşağı büdcə ilə istehsal olunur və geniş tamaşaçı kütləsini cəlb edir . Bu da əsas tələbin daha çox gülüş və əyləncə olduğunu göstərir.

Bu tendensiya hər kəs tərəfindən eyni qarşılanmır. Bəzən açıq-saçıq ifadələr tamaşaçılar tərəfindən narazılıqla qarşılanır, bir çox filmlərdə yumorun səviyyəsi bayağı hesab olunur. Kinotənqidçilər ssenarinin zəifliyinin, mövzuların səthi işlənməsinin Azərbaycan kinosunu kölgədə qoyduğunu hesab edirlər.

Milli kinomuzun bu günü haqqında danışan rejissor İlham Yaşaroğlu komediya janrının kütləviləşməsini kinonun keyfiyyətinə mənfi təsir kimi görmədiyini dedi, əksinə, bunun tamaşaçının tələbatından qaynaqlandığını vurğuladı: “Kino sənəti hər dövrün tələbinə cavab verir. “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi musiqili komediyalar bu janra tələbatın qədimdən bəri mövcud olduğunu göstərir. Lakin hər dövrün öz tələbləri var. İndiki filmlər də məhz buna uyğun çəkilir. Komediya ən çətin janrlardan biridir. Kənardan asan görünə bilər, amma insanları güldürmək çox çətin məsələdir. İnsanlar kinoteatra gedərkən dərdlərini unudub, xoş vaxt keçirmək istəyirlər”.

Müsahibimiz komediya filmlərinin yalnız kommersiya məqsədinə xidmət etməsi ilə razılaşmır. O qeyd edir ki, bu, bütün dünyada yayılmış təcrübədir və komediya janrı çətin olduğu qədər də, ən gəlirli janrlardan biridir. Rejissor yerli komediyalarımızın daha çox mental dəyərlərə və lokal yumora yönəldiyini, xarici filmlərin isə “situasiya”lar üzərində qurulduğunu bildirir. Bu, Azərbaycan filmlərinin beynəlxalq auditoriya tərəfindən tam başa düşülməməsinin əsas səbəbidir. Çəkdiyi filmlərdə bunun üzərində çalışdığını və beynəlxalq səviyyədə anlaşıqlı olmasını hədəflədiyini vurğulayır.

Tamaşaçılardan gələn tənqidlərə münasibət bildirən İlham Yaşaroğlu yumor səviyyəsinin dəyişməsini tarixi kontekstlə əlaqələndirdi. Bəzi tamaşaçıların "yumorun səviyyəsi aşağı düşüb" fikirlərinə münasibət bildirən rejissor məsələyə tarixi yöndən yanaşır. O, sovet dövrünün komediyalarında kəndlinin belə rəsmi və bədii dildə danışdığını, bunun həmin dövrün tələbi olduğunu və insanların o şəkildə yetişdirildiyini qeyd edir. Müasir dövrdə isə dünyaya inteqrasiya nəticəsində baxış bucaqları dəyişib.

Rejissor əlavə etdi ki, əvvəllər insanların ürəyinə yol tapmaq daha asan idi, çünki peşəkar yanaşma, musiqi seçimi və ssenari senzura ilə tənzimlənirdi. İndi isə kommersiya imkanları genişlənib, hər filmin öz auditoriyası var. Sosial şəbəkələrin rolunu artıb, bu platformalar həm yaxşı, həm də pis piar üçün istifadə edilir.

Milli kinomuz keçid dövrünü yaşayır. Keçmişin dəyərli sənət nümunələrini qorumaqla yanaşı, gələcəyin tələblərinə cavab verən, həm qazanc gətirən, həm də bədii dəyəri yüksək olan filmlər yaratmaq əsas hədəf kimi qarşıda durur.

Arzu ƏLİYEVA
XQ

Избранный
15
1
xalqqazeti.az

2Источники