RU

Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə qaytarır » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri hər zaman dövlətçiliyimizi şərəfləndirən hadisə kimi xatırlanacaq. Xalqımızın növbəti tarixi zəfərinə çevrilən bu hərbi əməliyyat nəticəsində Azərbaycanın Qarabağ bölgəsində kök salmış erməni separatizmi məhv edildi. 30 ildən artıq separatçıların nəzarətində olduğu bu doğma yurd yerimizdə dövlət suverenliyimiz tam bərpa olundu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bərqərar edildi.
Bu baxımdan 20 sentyabr Azərbaycan xalqı üçün əlahiddə tarixlərdən biridir. Elə buna görə də cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. Sərəncamda qeyd olunduğu kimi Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Azərbaycan dövləti 2023-cü ilin 20 sentyabrında erməni separatizmi ilə yanaşı, Ermənistana və torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması xülyasını dəstəkləyən Fransaya qalib gəldi. Digər tərəfdən, Qarabağda erməni separatizminə son qoyulması və Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi regionda sülhün təmin olunması üçün münbit zəmin formalaşdırdı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi kimi elə bir reallıq yarandı ki, Ermənistanın sülh prosesindən yayınmaq, respublikamızın sülhlə bağlı şərtlərindən imtina etmək imkanları əlindən alındı.
Odur ki, Azərbaycan xalqı sentyabrın 20-ni dövlətçiliyimizin və müstəqilliyimizin tarixində əlahiddə yeri olan gün kimi qarşılayır.
20 sentyabr tarixi respublikamızda həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Çünki bu şəhərlər 2023-cü il sentyabrın 20-də, antiterror tədbirlərinin nəticəsində işğaldan və erməni separatizminin əsarətindən azad edildi. Bu 4 şəhərin hər biri tarixi Azərbaycan yurdudur. Onların hər biri xalqımızın zəngin tarixini yaşadan qədim irsə malikdir. 1988-ci ildən Qarabağda baş qaldıran erməni separatçıları Xankəndi şəhərini özlərinin məkr yuvalarına çevirmişdilər. Xocalıda isə ermənilər 1992-ci ildə xalqımıza qarşı soyqırımı cinayəti törətmiş, 613 nəfər günahsız azərbaycanlını qəddarlıqla qətlə yetirmişlər.
Azərbaycan xalqı hər zaman inanırdı ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə digər şəhər və rayonlarımız kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də işğaldan azad olunacaq, bu şəhərlərdə də respublikamızın konstitusion hüquqları bərpa ediləcək. Bu inam heç vaxt xalqımızı tərk etmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin antiterror tədbirlərinin nəticəsi olaraq xalqımızın bu inamını da reallığa çevirdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərnin işğaldan azad olunması ilə hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün hərbçilərimizin və ermənilərin Xocalıda qətlə yetirdiyi dinc vətəndaşlarımızın qisası alındı.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması böyük tarixi hadisələr kimi hər birimizə sonsuz qürur və fəxarət hissi yaşatdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfər paradında çıxışında cənab Prezident İlham Əliyev bu barədə deyib: «Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün».
2020-ci ilin payızından işğaldan azad edilmiş ərazilərimizdə başlayan bərpa və quruculuq işləri bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərini, o cümlədən Xocalı, Xocavənd və Ağdərə rayonlarının qəsəbə və kəndlərini də əhatə edir. Artıq Xocalı şəhərinə, habelə Xocalı rayonunun Təzəbinə, Ballıca, Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli kəndlərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Sos kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Böyük Qayıdışın reallaşdığı bu şəhər və kəndlərin hər birində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.
Qarabağdakı bərpa və quruculuğun möhtəşəm ünvanlarından biri də Xankəndi şəhəridir. Öncə onu qeyd edim ki, bir vaxtlar Xankəndidə separatçı rejim tərəfindən inşa edilən və şəhərin ümumi arxitekturasını pozan binaların hamısı sökülüb. İndi Xankəndi tarixi görkəmini özünə qaytarır, Azərbaycan şəhəri kimi yenidən yüksəlir. 2023-cü ildə Zəfər paradının keçirildiyi Xankəndi bu gün mötəbər beynəlxalq siyasi tədbirlərə, idman yarışlarına evsahibliyi edir. Ötən ildən fəaliyyət göstərən Qarabağ Uniyversiteti isə tələbələrin böyük həvəslə üz tutduqları ali təhsil müəssisəsidir.
Xankəndidə Biznes Mərkəzinin, Konqres Mərkəzinin, “Bulud”, “Qarabağ”, “Palace” hotellərinin, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyətə başlaması şəhərin sürətli yüksəlişini özündə əks etdirən quruculuq nümunələridir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin bərpası həm də Prezident İlham Əliyevin quruculuq əzminin, Azərbaycanın qüdrətinin nümayişidir. Bu əzmin və qüdrətin sayəsində sürətlə yenidən qurulan Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə qaytarır.
Избранный
5
6
azadmedia.az

7Источники