RU

Alim Qasımov Formula-1-də ilkə imza atdı – VİDEO

Qızım Fərqanə xanımla birlikdə Formula 1-də Azərbaycanın Dövlət Himnini duet şəklində ifa etmək bizə qismət oldu. Çox qürurluyuq.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Alim Qasımov Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Fərqanə Qasımova ilə Dövlət Himnimizi səsləndirməsindən danışarkən deyib.

“Bu ifa bizim üçün çox böyük bir fərəh və fəxr anı idi. Duetin ideyası Fərqanə Qasımovaya məxsusdur. O, bu layihə üzərində öncədən düşünərək hazırlıqlara başlamışdı və son nəticədə mənimlə duet şəkilində ifa etməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdim.Əslində, himnimizin bu oranjemanı çoxdan yazılıb. Amma bu cür əhəmiyyətli beynəlxalq tədbirdə himn ifa etməyimiz ilk idi”,-deyə Xalq artisti əlavə edib.

Alim Qasımov qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisində çıxış etmək təklifi təşkilatçılardan gəlib:

“Biz də bu önəmli çıxış üçün iki gün gərgin məşq etdik. Səhnəyə çıxarkən məsuliyyətin ağırlığını və bu ifanın nə qədər simvolik olduğunu dərindən hiss edirdik. Canlı ifa zamanı xüsusilə xarici tamaşaçıların reaksiyası bizi çox duyğulandırdı. Onlar himnimizi dinləyərkən çox təsirləndiklərini bildirdilər, bəziləri “tüklərimiz biz-biz oldu” deyə ifadə etdilər. Bu, bizim üçün ən böyük qiymətdir.

Əgər yenidən belə bir təklif olarsa, yenə böyük sevinc və məsuliyyət hissi ilə Azərbaycan himnini ifa edərik. Bu an bizim yaddaşımızda hər zaman xüsusi yer tutacaq”.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir.

Избранный
39
7
konkret.az

8Источники