RU

“Dost, dost deyib neçəsinə sarıldım”...


Kiminlə yoldaş olmaq, kiminlə oturub-durmaq hər kəsin həyatında çox mühüm məsələdir. Könüllər Sultanı (s.ə.s.) buyurur ki, yaxşı dost əttar (ətir satıcısı) kimidir. Dükanına gedirsən, oturub söhbət edirsən, heç bir şey almadan durub getsən belə, o dükandan sənə hopan gözəl ətir qoxusu günlərlə səni tərk etmir; pis dost isə dabbağ kimidir, yanında oturursan, dərinin ağır iyi, hisi canına hopur və sən hara getsən, o iy də səninlə gedir...

***
Təkcə ətir qoxusu, dəri iyi deyil, xasiyyətlər, davranışlar da yoluxucu olur, insanlardan bir-birinə keçir. Bəzən sən fərqinə varmırsan, ancaq biri ilə uzun müddət oturub-duranda qeyri-iradi olaraq onun hansısa xüsusiyyətlərini, davranışlarını təkrarlayırsan. Bəlkə də, elə buna görə, Sevgililər Sevgilisi (s.ə.s.) bizə tövsiyə edir ki, hər dəfə görəndə bizə Allahı xatırladan insanlarla dost olaq. “Allahı xatırladan” ifadəsi sizdə səhv təsəvvür doğurmasın, bu ifadə həyatının hər məqamını Allahın istədiyi kimi yaşayan şəxsləri nəzərdə tutur.

***
Dostluq, səmimiyyət şəxsi müstəvidə deyil, dəyərlər ətrafında qurulanda etibarlı olur. Bu mənada bir-birini dost tutan, sevən iki müsəlman düz xətt üzrə deyil, çox-çox yüksəkdə hər ikisinin qovuşduğu bir nöqtədə birləşirlər. Sözlər, davranışlar, hərəkətlər bir-birinin zövqünə, xarakterinə görə deyil, Allahın (c.c.) müəyyən etdiyi çərçivələrdən keçərək bir tərəfdən o birisinə çatır.

***
Bir hədisi-şərifində Rəsulullah (s.ə.s.) buyurur ki, Allah dostları insanlar arasında o qədər də nəzərə çarpmırlar, bir yerə gəlmədikdə onu axtarmır, aramır, xəbər tutmurlar. Təxmini mənasını ifadə etmək istədiyimiz bu hədis əslində Allah dostlarının əsas cəhətini, daha doğrusu onların nə qədər sadə, səmimi və təvazökar olduqlarını göstərir. Çünki belələrinin insandan təmənnası olmaz. Çünkü onların təmənnası Allahdan olar.
Təmənna məsələsi insanları bir-birindən ayıran mühüm amildir: kimin təmənnası Allahdandırsa, bu dünyaya könül verməz, kimin təmənnası dünyadandırsa, Allahı sevdiyini deyə bilməz!

***
Qurani-Kərim dostluq haqqında belə buyurur:
“Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir)” (Maidə/56).
Fədakarlığın tək mənbəyi Allaha imandır. Ancaq Allaha inanmış insan dünyanın hər naz-nemətindən imtina edə və önündə açılmış cazibəli, ancaq uçuruma aparan qapıların yanından laqeydcə keçə bilər.

***
Sevgili Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində belə buyurur: “İnsan dostunun dini üzrədir. O halda sizdən hər biriniz kiminlə dost olacağına diqqət yetirsin!” Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bizə düşmənlərimizi göstərir və onlardan qorunmağı tövsiyə edir: şeytan, nəfs, pis dostlar və dünyanın aldadıcı cazibəsi...
Nə düşünürsünüz, başımıza gələn bəlalar bu dörd düşməndən gəlmirmi?

***
Allah (c.c.) Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verir: “Allahın rənginə boyanın!”, “Allahın ipinə sarılın!” Əlbəttə, eyni rəngə boyanmışlar, eyni ipə sarılmışlar bir-birilərini asanlıqla seçər, asanlıqla başa düşərlər. Eyni rəngə boyanmışlar, eyni ipə sarılmışlar bir-birinə dəstək verər, kömək olarlar. Bizdən tələb edilən dostluq budur. Bizdən gözlənən səmimiyyət budur. Təmənna ancaq Allahdan olar. Bütün münasibətlərimizin kökündə bu dayanmalıdır.

***
Həzrəti Əli (r.a.) buyurur ki, uşaq valideynlərindən çox öz zəmanəsinə bənzəyir. Əgər bu gün hər addımbaşı qarşınıza əxlaqı pozulmuş, hər cür fitnə-fəsada bulaşmış insanlar çıxırsa, deməli, daha diqqətli olmaq lazımdır. Ən böyük sərvət əxlaqdır, əgər bu gün o sərvətimizə ən müxtəlif istiqamətlərdən hücumlar gəlirsə, insan dərdini deyə biləcəyi, sirrini aça biləcəyi adamlar axtarmalıdır.
Bir şair gileylənir:
“Dörd tərəfim adamdır,
Kimə deyim dərdimi?”
Görünür, çoxluq içində təklik heç də olmayan bir şey deyil. Ancaq bir həqiqət də var ki, Allahını tanıyan insan tək qala bilər, ancaq tək ola bilməz.

***
Çoxumuz özümüzdən xəbərsizik, ancaq başqalarına qibtə edirik. Çünki ən gözəl görüntü bəzən ən böyük yalana çevrilir. Bizim qibtə ilə baxdığımız o “başqalarının” çoxu öz həyatını haram prinsiplər üzərində quranlardır.
Ancaq bu da həqiqətdir ki, biz örnək bir müsəlman obrazını ətrafımızda görə bilmirik. Görə bilmirik ki, qəlbimiz qübar edəndə onunla bölüşək, gözümüz yaşla dolanda onunla paylaşaq...
Dostu, dostluğu, gözəli, gözəlliyi dağların o üzündə axtarırıq. Ancaq yanımıza, yanımızdakına baxmaq ağlımıza da gəlmir. Özümüzünkünü nəsə birtəhər görürük. Özümüzünkündə nəsə qüsur axtarırıq. Bilirsinizmi niyə? - Çünki gözümüz dağların (hətta sərhədlərin, qitələrin də) o üzündəkilərə zillənib. Çox şeyimizi veririk, çox şeyimizi fəda edirik, sonra da Aşıq Veysəl kimi:
“Dost, dost deyib neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır”, - deyirik.
Kiminlə oturub, kiminlə durduğumuza, kimə nə verib, kimdən nə aldığımıza, kiminlə vaxt ötürüb, kiminlə zaman keçirdiyimizə fikir verməliyik.
Unutmayaq ki, təkcə xəstəliklər deyil, xarakterlər də yoluxucu olur.

Murad Məmmədov
Избранный
11
2
yeniavaz.com

3Источники