RU

ÜZEYİR BƏYİN HƏLƏ GÖRƏCƏYİ İŞLƏR Rafael Hüseynov yazır

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rafael HÜSEYNOVAkademik

Hər xalqın saysız nəğmələri olur və o mahnılardan hansılarısa kimlərinsə qəlbinə daha yaxın gəlir. Amma hər ölkənin bir ortaq nəğməsi də olur ki, hamıya əziz gəlir və o Vətən Şərqisi bütün xalqı ayaq üstə qaldırır, millətin hər nəfəri o nəğməni əlini ürəyinin üstünə qoyaraq, məhəbbətlə, ehtiramla oxuyur. Yurdun həmin müştərək nəğməsi milli himndir.

Və artıq ikinci əsrdir ki, azərbaycanlıların hamısını qovuşduran, yalnız yurddakı deyil, Vətəndən uzaqlardakı soydaşların da Baş və Ortaq Millət Nəğməsinə dönən himnimizin müəllifi Üzeyir Hacıbəylidir. Əslində bu qovuşduruculuq da bir ayrı rəmzdir. Üzeyir bəy varlığıyla, düşüncələriylə, duyğularıyla, doğurduqlarıyla millətimizin varlığına qarışmış şəxsiyyətdir. Bütün millətinki olan nəğməni yaratmaq da elə onun haqqı imiş. Üzeyir bəy ilk Milli marşımızı bəstələyəndə hələ Azərbaycan müstəqil deyildi. Həmin Milli marş çarlıq dönəmində yaranmışdı. Ancaq 1918-ci ildə Azərbaycan istiqlalını elan edəndən lap azacıq sonra Üzeyir bəy müstəqil dövlətimizin ilk milli marşını - Azərbaycanın himnini yaratdı. Üzeyir bəy bütün çalışmalarıyla o istiqlalı gətirənlərin ən fəallarından biri idi. Vur-tut iki ilə yaxın - 23 ay davam edən müstəqillikdən sonra 70 il sürən istiqlal həsrəti gəldi. Ancaq bu 70 il boyunca sözdə olsa da, hər halda respublikaydıq və onun da himni vardı.

Və bu da tarixin yaratdığı nadir və xoşbəxt fürsətdir ki, həmin dövrdəki himnimizin müəllifi də Üzeyir bəy idi. Zəmanənin siyasi məntiqi ilə əslində belə olmamalı idi.

Bolşevizm qatı düşməni elan edərək Cümhuriyyətlə bağlı olmuşların hamısının axırına çıxdı. Kimisini həbsə alıb güllələdi, kimisini terrorla məhv etdi, kimisini nəsillikcə Sibirlərə sürgünlərə ürcah etdi, mühacirətlə canını qurtaranları da əbədi Vətən tamarzısına döndərdi. Sovetin düşmənçilik meyarlarına görə, Üzeyir bəy ilk növbədə gedənlərdən olmalı, siyasi repressiya girdabları onu da udmalı idi.

Görünür, yalnız yarı-ayrı adamların yox, millətin də anasının namaz üstə olması varmış ki, Üzeyir bəy salamat qaldı. Çərlədilə-çərlədilə yaşasa da, hər halda sağ idi, azadlıqda idi, fəaliyyət göstərirdi, millətəxeyir işlərini də yerinə yetirirdi.

Həbs edilməməsi, sağ qalması, musiqiçi və müəllim kimi yolunu davam etdirməsi, tutalım ki, hansısa açıq və örtülü səbəblərə görə mümkünləşə bilərdi. Ancaq Azərbaycan Cümhuriyyəti himnini yazmış, o Cümhuriyyətin qəzetinin redaktoru olmuş bir şəxsə Sovet Azərbaycanı himninin yazılmasının etibar edilməsi heç bir məntiqlə uyğun gəlmir. Əlbəttə, sadə insan məntiqi ilə olar, lap yaxşı da olar. Ən istedadlı, ən sevilən, ən yaxşısını bəstələyə biləcək məhz Üzeyir bəy idisə, niyə də olmasın?! Ancaq sovetin məntiqi adi insan məntiqindən fərqli idi axı! Şər, şeytançılıq, məkr qarışıq o məntiqsiz məntiq lazım biləndə ağı qara, qaranı ağ elan etməyin pərgarı idi.

Nə qədər nüfuz sahibi olsa da, başqa bəstəkarlarımızla yanaşı, Azərbaycanın sovet dövründəki himni üçün elan edilmiş müsabiqəyə qatılan Üzeyir bəy özünün və sovetin kimliyindən, dövlətin siyasi nəbzinin necə döyünməsindən hər kəsdən yaxşı xəbərdar olduğundan, bərk narahatmış, bolşevik məntiqinin özünəməxsusluqlarını düşünərək əsərinin keçəcəyinə dəaz ümidliymiş. Hətta bu narahatlığını ailəvi yaxın münasibətlərdə olduğu, kiçik bacısı kimi baxdığı, qardaşı Hacıbala Zamanovla Qori seminariyasında birgə oxuduğu unudulmaz müğənnimiz Yavər xanım Kələntərliyədə açıbmış.

Yavər xanım himn üçün müsabiqə elan edilmiş çağlarda Üzeyir bəyin hansı sözəsığmaz nigaranlıq içərisində olduğunu yada salanda həmişə dərindən köks ötürər, qəhərlənərdi.

Artıq yaşlaşmış, tənha yaşayan Yavər xanımın hayanı divardan asılı, səhər-axşam daimi səslənən radio idi. Söyləyirdi ki, gecə saat 12-də verilişlər qurtarıb himn səslənəndə axıradək qulaq asa bilmirəm, yarımçıq söndürürəm, çünki hər himn səslənəndə Üzeyir bəyin o dövrdə nələr çəkdiyi bir-bir gəlib durur gözümün qabağında.

(Yavər xanımın bu söhbətini hələ tələbə ikən 1975-ci ildə lentə almışdım, amma hazırladığım verilişdə "himn səslənəndə radionu yarımçıq söndürürəm" sözlərini kəsib çıxarmışdım. Çünki saxlasaydım da, senzor çıxaracaqdı ki, burda siyasi məna var. Necə yəni dövlət himni verilərkən onu axıradək dinləməyib yarımçıq kəsirsən.

Amma radionun səs xəzinəsində həmin söhbətin əl dəyilməmiş, ixtisar edilməmiş ilkin yazılışı da qalmaqdadır).

XX əsrin bitəcəyində tarix millətimiz üçün məsud bir pəncərə açdı. İstiqlalımız qayıtdı, müstəqilliyimiz bərpa olundu və yenə Vaxtın Ədalətiylə Üzeyir bəyin Cümhuriyyət dönəmindəki himni Azərbaycan xalqıyladır.

Və Üzeyir bəyin bu şah nəğməsinin daim millətimizlə birgə olmasında bir başqa rəmziliyi himn çalınanda, himn oxunanda hamımızın ayaq üstə durmağımız, hamımızın əllərimizin ürəyimizin başında olmasıdır. Üzeyir bəy bu millətin elə zirvəsi, elə əziz balasıdır ki, onun adı çəkiləndə, onun yaratdıqları səslənəndə, oxunanda, seyr ediləndə elə gərək həmişə sayğı duruşuna qalxasan, gərək həmişə əlin ürəyinin başında ola!

Üzeyir bəyin əsərləri çox, hərəsinin də öz taleyi, öz hekayəti. Lakinhimn çəkisi, fəlsəfəsi, ciddiyyəti və əhatəsi ilə onun bütün başqa əsərlərindən seçildiyindən və həm də mühüm siyasi mahiyyətli olduğundan bu bəstənin taleyindən keçən hadisələr, sərgüzəştlər, cəlbedici tarixçələr də daha boldur. Yalnız Üzeyir bəyin deyil, bütün millətin tarixinə dəxli olan himnimizin ona nə şəkildəsə aidiyyəti olmuş hər kəsin də həyatında ömür boyu unuda bilmədiyi izləri qalıb.

Bəstəkar Şəfiqə Axundova (1924-2013) Üzeyir bəyin tələbələrindən idi və həmin himnlə əlaqədar belə maraqlı bir söhbət edirdi ki, "Üzeyir bəyin mənim oxumağımdan xoşu gəlirdi. 1943-cü ildə isə Azərbaycan himninin yaradılması üçün müsabiqə elan ediləndə Üzeyir bəyin yazdığı musiqi bəyənilərək təsdiq olunmuşdu və əsər ifa ediləcək, baxış keçiriləcəkdi. 1944-cü ildə filarmoniyada keçirilən hökumət baxışına respublika rəhbərliyi toplaşmışdı. Üzeyir bəy, təbii ki, özü də ordaydı və mənim səsimdən xoşu gəldiyindən, hərdən dərslərdə müəyyən parçaları mənə oxutdurardı. Himni də hökumət baxışında hansısa peşəkar müğənninin deyil, mənim ifa etməyimi istəmişdi".

Şəfiqə xanım çıxır filarmoniya səhnəsinə və Üzeyir bəyin himnini oxuyur. Şəfiqə xanım ömrünün axırınacan bunu həmişə iftixarla söyləyirdi ki, həyatı boyu çox səhnələrdə olub, çox çıxışlar edib, çox alqışlar eşidib. Ancaq ogünkü çıxışı, ogünkü alqışlar bunların arasında ən əzizidir. Çünki o, müəllimi, ustadı Üzeyir bəyin yaratdığı yeni Azərbaycan himninin ilk ifaçısı olmuşdu.

...Üzeyir bəy millətini hərarətli məhəbbətlə sevirdi və ürəkdəki od olmasaydı, belə əsərləri də yarada bilməzdi. Yəqin, elə həmin səbəbdəndir ki, o, xalqın hər balasına öz övladı kimi baxırdı (Əməlləri və ömürləri ilə "millət atası" adlana biləcək bir neçə nəcib azərbaycanlının digər xeyirxahlıqları ilə bərabər tanıdığı-tanımadığı Vətən uşaqlarına göstərdiyi qayğılar, nəvazişlər haqda eşidib-bildiklərim məndə bu keyfiyyətin də fitrətdən gələn istedad olduğu qənaətini yaradıb, eyni məziyyət Üzeyir bəydə də varmış).

O Azərbaycan və azərbaycanlılar eşqi ki qan olub Üzeyir bəyin damarlarından axırdı, əsərlərinə də çöküb. Millətin hər nəfərini sevirdisə, təbii ki, daha yaxında olanlar, öz tələbələri onun üçün daha da əzizdi. Ayrı-ayrı illərdə Üzeyir bəyin tələbəsi olmuş insanlar mənə çox xatirələrini söyləyiblər. Azərbaycanın sonraların şöhrətli ilk qadın bəstəkarlarının hamısı onun yetirməsidir: Şəfiqə Axundova da, Ağabacı Rzayeva (1912-1975) da, Hökumə Nəcəfova (1915-2002) da, Ədilə Hüseynzadə (1916-2005) də.

Bircə Ağabacı Rzayeva ilə təmaslarımız olmadı - o, 1975-ci ildə həyatdan gedəndə mən hələ tələbə idim. Hərçənd Ağabacı xanımın bacısı Ruqiyyə xanımla (1916-2010) tez-tez görüşərdik, xatirələrini yazıb gətirərdi, radioda - "Axşam görüşləri" verilişində çıxışlarına mütəmadi yer ayırardım. Amma Şəfiqə xanım Axundova da, Ədilə xanım Hüseynzadə də, Hökumə xanım Nəcəfova da illərcə sayını itirdiyim görüşlərimizdə mənə Üzeyir bəyli çox xatirələrini söyləyiblər.

Bildiklərini səxavətlə yetirmələrinə ötürməsi öz yerində, Üzeyir bəy onların hər birinə bəlkə atadan da artıq qayğıyla yanaşırmış. Birinin evinə musiqi aləti alıb göndərirmiş, birinin geyim-kecimi ilə maraqlanırmış, birinin güzəranını daha təminatlı etmək üçün yardımlarını əsirgəmirmiş. Elə Şəfiqə xanım Axundova danışırdı ki, Zaqafqaziya incəsənəti ongünlüyünə yola düşməli idik. Artıq soyuqlar düşürdü. Bu dekadailin soyuq aylarına təsadüf eləyirdi. Üzeyir bəy görəndə ki, əynim nazikdir, tezliklə mənə təzə palto aldırdı. Bir neçə gün sonra isə növbəti dərsindən sonra məni kabinetinə dəvət etdi. Gördüm ki, konservatoriyanın müəllimi, böyük müğənni Şövkət Məmmədova da ordadır. Üzeyir bəy zarafata salaraq dedi ki, Şövkət Məmmədova hələ gənc yaşında gedib dünyanın o başını görüb gəlib - İtaliyada olub, zövqü yaxşıdır. Dekadaya gedirsən, gərək geyimin də gözəl ola.Dərzinin yanına Şövkət xanım da səninlə gedər, fasonu qoy o,təklif eləsin, sonra məsləhətləşib bir qərara gələrsiniz.

Ruqiyyə xanımın - bacısının söylədiklərindən bilirəm ki, Ağabacı Rzayevaya da Üzeyir bəy doğması kimi münasibət bəsləmişdi.

Ruqiyyə Rzayeva özü də musiqiçi olmuşdu, kamança çalırmış. O da 1938-ci ildə Azərbaycanın Moskvada keçirilən Ədəbiyyat və incəsənət ongünlüyündə iştirak edənlərdən idi. Söyləyirdi ki, Üzeyir bəyin babamız tarzən Mirzə Fərəclə (1847-1927) sıx əlaqələri olub, hərdən konservatoriyadakı dərslər əsnasında Ağabacıya deyərmiş ki, biz Mirzə Fərəcdən çox öyrənmişik, müasir muğam tədrisini quranda, muğamların, onların şöbələrinin təsnifatını dəqiqləşdirəndə onun muğam biliklərindən xeyli yararlanmışıq. Deyərmiş ki, sən sənətdə ad qoymuş babanın nəvəsisən, gərək elə çalışasan ki, sən də bəstəkarlıqda ad çıxarasan.

 Və Üzeyir bəyin tələbəsi olmuş bəstəkarların hamısı, xüsusən bu qızlar sonradan Azərbaycan musiqisində işıqları bu gün də səngiməyən ulduzlara çevrildilər. Hökumə Nəcəfovanın da, Ağabacı Rzayevanın da, Ədilə Hüseynzadənin də, Şəfiqə Axundovanın da yaratdıqlarının heç biri köhnəlmir. Çünki təməl möhkəmdir, çünki məktəb sağlamdır, çünki Allahın verdiyi istedaddan əlavə onların Üzeyir bəy təki kamil ustadı olub.

Üzeyir bəyin bütün tələbələrinə, illahdaki, qızlara havadarlıqla yanaşmasının bir hekayətini də mənə görkəmli bəstəkarımız, Üzeyir bəyin həyatda olan və maşallah ki, yaddaşı da tam dəqiqliyi ilə sözünə baxan görkəmli bəstəkarımız Tofiq Bakıxanov lap bu günlərdə nağıl edib. Tofiq müəllim danışır ki, indi önündə Üzeyir bəyin abidəsi ucalan keçmiş Dövlət Konservatoriyasının - hazırkı Bakı Musiqi Akademiyasının qarşısında, yolun o tərəfində 1940-cı illərdə bazar idi. Təbii ki, bazara hər cür adam gedib-gəlirdi. O bazarla konservatoriyanın arası yaşıllıqlı, ağaclı-kölgəli yermiş. Bazardakı qəlyanaltıxanalarda yeyib-içib xumarlanan bir para əhlikef adamlar adətən konservatoriya ilə bazarın arasındakı kölgəlikdə əyləşər, hərdən də dərsdən çıxan qızlara söz atarmışlar. Bununla bağlı konservatoriya dəhlizlərində qızların gileylənməsi Üzeyir bəyin qulağına çatır. Dərhal telefonun dəstəyini qaldırıb respublikanın oçağkı rəhbəri Mircəfər Bağırova zəng vurur. Deyir, hal-qəziyyə belə. Söyləyir ki, o qızların hər biri mənim balamdır, onların namusu mənim namusumdur, onlar Azərbaycanın gələcəyi olan insanlardır.

Hiss edirəm Tofiq müəllim artıq bunu o çağlarda Üzeyir bəyin sözünün hansı gücdə olmasıyla fəxr edərək deyir ki, "həmin zəngdən sonra heç bir həftə çəkmədi, bazarı yox elədilər, oralar oldu bir düzənlik, ağaclar əkdilər, bağ saldılar.

Ancaq Üzeyir bəy yalnız bilavasitə dərs dediyi tələbələrinə münasibətdə belə qayğıkeş, bunca həssas deyildi, bu elə onun şakəri imiş.

Milli radiomuzun başlanğıc dövründən 1970-1980-ci illərə mikrofon qarşısında gəlib çatan bənzərsiz diktorumuz, Əməkdar artist Soltan Nəcəfov (1911-1981) 1941-də, müharibə başlananda əsgər aparılmış, sevimli işinə bir də 1945-də cəbhədən dönəndən sonra qayıtmışdı. Onun diktorluq tərzi,məxməri səsi də Üzeyir bəyin ürəyinə yatırmış, 1930-cu illərdə radioya gəlişlərində bunu bir-iki dəfə Soltanın özünə də deyərək onu qanadlandırıbmış.

Üzeyir bəy bir gün küçədə İkinci Dünya müharibəsindəki qələbədən sonra Bakıya dönüncə təzədən radioda işə götürülmüş, amma əsgər libasında olan Soltan Nəcəfovla rastlaşır. Soruşur ki, axı səsini radiodan neçə aylardır eşidirəm, xeyli var əsgərlikdən qayıtmısan, bəsniyə bu paltarı çıxarmamısan? Qayıdır ki, Üzeyir bəy, evdə geyim-kecimim vardı. Amma cəbhədən gələndən sonra gördüm ki, bu 5 ildə bədənimin ölçüsü dəyişib, köhnə paltarlarımın heç biri əynimə olmur, indi gözləyirəm hər dəfə maaşımı aldıqca biraz-biraz yığım, özümə fərli bir kostyum alım. Üzeyir bəy qımışır:

- Ölçün neçə idi, indi neçə olub?

- Üzeyir bəy, gedəndə 46 idim, indi 48 olmuşam.

- Ay bərəkallah, qoçaq, əsgərlik sənə düşüb, kişiləşmisən.

Üzeyir bəy radiostudiyada işlərin necə getdiyini də soruşub ayrılır.

Amma ertəsi günü Soltan Nəcəfovu Üzeyir bəyin həyat yoldaşı Məlikə xanım axtarır, "bizə gəl" deyir və niyə çağırdığını da söyləmir.

Soltan Nəcəfov yollanır Üzeyir bəygilə. Məlikə xanım ona bir bükülü verib "evdə açarsan, davadan sağ-salamat qayıtmağına hədiyyəmizdir", - deyir.

Soltan müəllim kövrələrək xatırlayırdı ki, evə gəldim, bükülünü açdım, gördüm təzə kostyumdur.

Üzeyir bəy belə Üzeyir bəy imiş. Qələmindən çıxan hər sözdə, qəlbindən qopan hər notda olduğu kimi, bütün davranışlarında da qayğıkeşlik, mərhəmət, insanlıq örnəyi!

Vaxtilə xorda oxuyan bir müğənnimiz olmuşdu - Bikə Səmədzadə. Onunla 1978-ci ildə görüşdük, söhbətlərini yazdım. Öz ömrünü danışırdı, hər iki cümləsindən biri Üzeyir bəy haqqında idi. Üzeyir bəyin 1936-cı ildə xoru necə, hansı əziyyətlərlə yaratmasından danışırdı. Söyləyirdi ki, Üzeyir bəy xorda oxumağa qızlar toplamaqçün düşmüşdü Bakı kəndlərinə, ev-ev gəzirdi. Bu işi icra etməyi başqalarına ona görə tapşırmamışdı ki, ayrı adamlar getsəydi, heç kəs qızını xoşluqla xorda oxumağa verəsi deyildi. Ancaq Üzeyir bəy kimin qapısını açsa, o adam özünü bəxtəvər sayırdı, Üzeyir bəyin sözünün qabağında söz deyə bilmirdi.

...Azərbaycanın bütün tarixi boyu bizim vergili, el içində sayılan, sözü qan kəsən şəxsiyyətlərimiz də, ağsaqqallarımız da az olmayıb. Elə Üzeyir bəyin dövründə də onun yanında-yörəsində bir-birindən qüvvətli və hörmətli aydınlarımız həyatını sürməkdə idi. Ancaq nə keçmiş əsrdə yaşamışları, nə də Üzeyir bəyin müasirlərini onunla eyni tərəziyə, eyni mərtəbəyə qoymaq olur.

Üzeyir bəydən bir də olmaz. Bu, məlum həqiqət. Belə dahilər tək gəlir, tək gedir, adları da insanlarla həmişəlik qalır. Ancaq onun bu xalqa miras qoyduğu bütün dəyərlərlə yanaşı məhz özünün meyarlığı - ÜZEYİRLİKdir. Üzeyir sənəti onun özü gedəndən sonra da yaşayır, diriliyini hifz edə bilir. Çətin olan Üzeyirliyi qoruyub saxlamaqdır və heyiflər ki, ildən-ilə bu qıtlıq daha artıq duyulur.

...Üzeyir bəyin ürəyi necə idisə, evinin qapısı da o cür - qonaq-qara üzünə açıqdı. Onun yalnız iş otağı deyil, elə mənzili də daimi müzakirələr məskəni idi. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, Azərbaycan ziyalılığının həyatında baş verən ən mühüm hadisələrin əksərinin müzakirələri mütləq o mənzildə gedirdi. İstər cavanlar, tələbələri, istərsə də məsləkdaşları Üzeyir bəyin hüzuruna ziyarətə yollanan kimi gəlirdilər. Azərbaycanın ictimai-siyasi, mənəvi həyatında da baş verən istənilən irəliləyişə də ən həssas münasibət ilkin olaraq Üzeyir bəydən gəlirdi.

1926-cı ilin noyabrında Azərbaycanın cəmiyyət həyatında tamam yeni hadisə olan Radiomuz ilk qədəmlərini atdığı vaxtlardan Üzeyir bəy onunla idi. 1920-1930-cu illərdə Azərbaycan Radiosunda verilən müxtəlif konsertlərdə, hazırlanan ayrı-ayrı verilişlərdə Üzeyir bəyin günün hadisələrinə, vaxtın çağırışlarına həsr olunan yeni nəğmələri səslənərmiş. Bir çoxunun sözləri həmin vaxtın tələblərinə uyğun olduğundan o mahnılar onillərdir ki, yada düşmür, əksəri unudulub. Ancaq arxivlərin hafizəsi insan yaddaşından daha etibarlıdır və həmin nəğmələrin indi vecə gəlməyən sözlərini də, heç bir zaman köhnəlməyəcək musiqisinin not yazılarını da saxlayıb.

Biz Fridrix Engelsin (1820-1895) Georq Vilhelm Hegel (1770-1831) dialektikasını tənqid edən Lüdviq Feyerbaxın (1804-1872) haqqında dediyi kimi,"tasdakı kirli su ilə bərabər uşağı da" atmışıq. Üzeyir bəydən qalan hər musiqi sətrinin ali mənası var. Bundan belə ondan yaxşısını kim yazacaq?! Həmin dövriyyədən çıxmış bəstələrə yaraşan söz yazsan, nəğmələr ətə-qana dolacaq, təzədən dirilib günümüzə qayıdacaq və hər biri müasir insanlara Üzeyir bəyin Cənnətdən göndərdiyi yeni məktub kimi olacaq.

Və Üzeyir bəyin qayıdan əsərləri ilə mədəniyyətimiz, musiqimiz və biz özümüz - mənəviyyatımız nə qədər zənginləşəcək.

...Üzeyir bəy 1920-1930-cu illərdə Radioya vaxtaşırı gedib-gələrmiş və bura onun sevdiyi məkanlardanmış.

Radionun qocaman əməkdaşlarının bir vaxtlar mənə söylədiyi bu əhvalatlar gerçək lətifələrdi.

Başlanğıcda verilişləri ilə birgə keçmiş "İsmailiyyə", indiki Elmlər Akademiyası Rəyasət Heyəti binasındakı balaca bir otağa sığan Azərbaycan Radiosu yavaş-yavaş qanadlarını geniş açır, şəraiti də yaxşılaşır, dalğaları da daha uzaqlara yetişir.

1930-cu illərin ortalarından isə artıq ara-sıra canlı yayımlara başlayırlar.

O dövrdə bakılıların sevimli istirahət guşələrindən olan "Rote-Fane" (sonrakı Nizami) parkındakı səhnədə tanınmış xeyli ifaçının iştirak etdiyi növbəti konsert gedir, bu da Radio ilə birbaşa verilirmiş. Konsertin təşkilatçısı və idarə edəni Səid Rüstəmovmuş. Radioda həmin konserti dinləyən Üzeyir bəy ertəsi gün Səid Rüstəmovla qarşılaşanda onu təbrik edir ki, yaxşı konsert verdiniz, amma konsertdən daha çox məni valeh edən alqışlar oldu. Çünki Radio konserti birbaşa translyasiya edirdi, həmin dəqiqələrdə də şəhərdə şıdırğı yağış tökürdü. O tamaşaçılar ki orda yağışın altında dayanıb qulaq asır, üstəlik əl də çalıblar, onların özlərini alqışlamaq lazım idi. Səid Rüstəmov da qayıdır ki, ay Üzeyir bəy, nə tamaşaçı? Əvvəl konserti elan eləmişdik, xeyli tamaşaçı da gəlmişdi. Ancaq gördülər ki, çisəkləyir, hamısı dağılışmağa başladı. Yeddi-səkkiz nəfər qalmışdı, yağış şiddətlənəndə onlar da qaçıb getdilər. Ancaq konsert radioda canlı yayımla getdiyindən hər nömrədən sonra biz özümüz - radionun işçiləri mikrofon qarşısına toplaşaraq gur əl çalırdıq ki, tamaşaçıların alqışı kimi qəbul olunsun.

Həmin radio dövründən bir başqa dodaqqaçıran əhvalatı da Yavər xanım Kələntərli söyləyirdi. Danışırdı ki, Üzeyir bəyin xeyli iri, həm də o səbəbdən kobud görünən qol saatı vardı. Radiodakı konsertlər gedişində onun rəhbərlik etdiyi orkestr hər çalmağa başlayanda qolunu qaldırıb həmin saata baxardı. Neçə dəfə yalvardım ki, ay Üzeyir bəy, nolar, bu təzə çıxan qəşəng saatlardan birini al, tax qoluna, nə yapışmısan o qocafəndi saatdan? Razılaşmırdı ki, olmaz, bu saat mənə atamdan qalıb. Sözünün keçmədiyini görən Yavər xanım başqa tədbirə əl atır. Deyirdi ki, mən adətən çiynimə ipək örpək salardım. Bir gün yenə radioda konsertimizdi, çıxdım ansamblın qarşısına, mikrofona doğru bir neçə addım atdım. Boynumdan yekə bir zəngli saat asmışdım, üstünü də örpəyimlə örtmüşdüm. Üzeyir bəy də şüşənin o tayından bizi görür. Mikrofonun qabağına gəlincə oxumağa başlamazdan əvvəl örpəyi yana çəkdim, zəngli saatı qaldırıb nümayişkaranə şəkildə zənlə baxdım. Gördüm ki, Üzeyir bəy o tərəfdə gülməkdən axdı getdi. Oxuyub qurtardım, gəldim Üzeyir bəyin yanına, gülə-gülə soruşdu ki, o nə saatdır, bu boydasını hardan tapmısan? Qayıtdım ki, bu da mənə babamdan qalıb. Üstündən ikicə gün keçmiş Üzeyir bəyin qolunda təzə saat gördük...

...Üzeyir bəy nə yaradıbsa, ondan bizə nə izlər qalıbsa, onların hamısı XX əsrin birinci yarısına aiddir. Üzeyir bəyin indi onun ev-muzeyi olan mənzilində masa üstündə haçansa hər gün qoluna taxdığı saat qoyulub, divardan da həmin otaqda bir başqa irisi asılıb. Həmin saatlar onillərdir ki, dayanıb. Zaman keçib, nəsillər dəyişib. Ancaq dünənlərdə olduğu kimi, bu gün də, onillər sonra da, bəlkə əsrlər sovuşanda da Azərbaycan insanı həmişə mənəviyyatını, ruhunu Üzeyir bəyə baxaraq nizamlayacaq, ruhunun saatını Üzeyir bəyin saatı ilə tən edəcək.

...Üzeyir bəy indi İstiqlaliyyət küçəsi ilə Azərbaycan küçəsinin kəsişəcəyində yerləşən, xalq arasında "Monolit" deyilən axırıncı mənzilinəköçənəcən uzun müddət - 1915-1942-ci illər arası indiki Şamil Əzizbəyov, keçmiş Verxnyaya priyutskaya küçəsində, hazırda ev muzeyi yerləşən binada yaşamışdı.

Hər dəfə yolum Üzeyir bəyin ruhu dolaşan o ünvana düşəndə yataq otağındakı qoşa çarpayının yanında istər-istəməz ayaq saxlayıram. Fikrimdən keçir ki, o dövrdə çoxlarının qibtə edəcəyi, hər mənzildə olmayan bu rahat çarpayıda Üzeyir bəyin nə qədər gecələri olub ki, ağır xəyallar əlindən yatağında qıvrıla-qıvrıla qalıb, yuxusu ərşə çəkilib, səhəri dirigözlü açıb.

Çarpayının yanında bir neft lampası da qalır. Bu mənzildə ötən 27 il ərzində, yəqin, axşamlarda işıqların keçməsi çox olub. İşıqlar sönəndə qaldırarlarmış həmin neft lampasını, yandırarlarmış.

O lampaya əlimi sehrli çırağa sürtən kimi çəkirəm. Düşünürəm ki, günlər varmış, Üzeyir bəy də,elə indi mən edən kimi, bu lampanı əlində tuturmuş, kibrit çəkib yandırırmış...

Çıraq o vaxtdan sönəndir. Ha təzə neft tök, ha kibrit çəkib yandır. Sahibi ondan əvvəl sönübsə, daha həmin çıraq heç vaxto əyyamlarda yandığı sayaq yanmaz.

1949-cu il avqust ayının 13-də həmin neft lampası artıq 9 ay idi ki, Üzeyir bəyçün biryolluq sönmüşdü. Ancaq həmin gün Qafqaz Hərbi Dairəsinin Siyasi idarəsindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə bir məktub daxil olur. O məktub Mərkəzi Komitənin ideoloji katibi Həsən Həsənova ünvanlanmışdı. Bildirilirdi ki, 1949-cu il may ayının 5-də Türkiyədə "Ulus" qəzetində Üzeyir Hacıbəyliyə həsr edilmiş bir məqalə çıxıb. Orada Üzeyir Hacıbəylinin dünyagörüşü, fəlsəfəsi, sovet siyasətinə münasibəti təhrif edilir, buna təcili cavab hazırlamaq lazımdır. Və tutarlı cavab yazılmasını tələb edən Moskva idi.

Türkiyə o zamanlar sovet dövlətinin qatı düşmənlərindən sayılırdı və dərc edilmiş məqalədə də Üzeyir Hacıbəylinin istiqlalçı düşüncələri şərh olunur, onun Azərbaycan Cümhuriyyəti ilə bağlılığından bəhs edilirdi. M.Ə.Yalvacoğlu imzalı müəllifin məqaləsində bu da vurğulanırdı ki, sovet dövrü, onun amansız siyasəti olmasaydı, belə təkrarsız istedad sahibi özünü daha artıq ifadə edə bilərdi.

İctimai-siyasi sənədlər arxivində Kremli hürkütmüş həmin məqalə və onunla əlaqədar materiallardan ibarət açılmış qovluqda o yazı da bütöv şəkildə qalmaqdadır.

Həyat çırağı çoxdan sönmüşdüsə də, Üzeyir bəy bəstəkarlığından əlavə sərhədin o tayında da, bu üzdə də gedişata təsir edə bilən siyasi sima olaraq qalmaqdaydı.

M.Ə.Yalvacoğlu belə yazırdı: "Hacıbəyli Üzeyirin əsərləri təsir baxımından gerçəkdən heyrətvericidir. Azərbaycanda onun yazdığı və yaydığı melodiyaları tərənnüm etməyən tək bir azəri yoxdur. Azərbaycan səhnəsinin ən sevimli pyesləri onun əsərləridir. Yalnız Azərbaycan deyil, Qafqazın digər səhnələrində də Üzeyir populyar bir simadır. Əsərləri gürcücə, ermənicədə eyni zövq və hərarətlə seyr edilməkdədir. "Arşın mal alan"ın farscası Tehranda dəfələrlə oynanmışdır, Türkiyədə isə Üzeyirin operettaları rəğbətlə təkrar olunur. "Arşın mal alan" Balkan səhnələrində dəfələrlə oynanmışdır, Sovetlər Birliyinə daxil bütün cümhuriyyətlərdə, bilxassə, Türk cinsindən Türkistan və sairə kimi cümhuriyyətlərdə başda Üzeyir bəyin əsərləri olmaq üzrə Azərbaycan opera pyeslərinin məqbulluğu ümumidir. Onun əsərləri rusca olduğu kimi, bəzi Avropa dillərinə də tərcümə edilmişdir. Kəndi sənəti ilə o, Azərbaycana cahan ölçüsündə bir şöhrət qazandırmışdır".

Belə təqdimedici və tərifli gəzişmələrdən sonra məqaləni yazan gəlir xatalı mətləblər üzərinə. Elə məqamlara toxunur ki, Üzeyir bəyi vəsf edən bu məqalə 1 il əvvəl, onun ölüm ayağında, xəstə yatağında olduğu vaxt dərc edilsəydi, ifrat dərəcədə narahat olardı, hətta başı qeyl ü qaldan aralı olsun deyə təkzib də imzalayardı.

"1919-cu ildə Bakıda Milli Azərbaycan Cümhuriyyətinin İstiqlal elanının birinci ildönümü münasibətilə yayımlanan yarırəsmi "Azərbaycan" qəzetində basılan bir yazısında Üzeyirin bu fikirlərini tapırıq: "Azərbaycan Cümhuriyyəti sağlam bir milliyyət fikri - türklük şüuru üzərinə qurulmuşdur. İslam məzhəbləri arasındakı ziddiyyət ilk dəfə olaraq burada tədilə uğramış, müsəlmanların təsaüdü fikrinə qiymət verilmişdir. Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, avropalı bir zehniyyətlə çalışmağa əzm etmişdir. Bayrağındakı üç rəng - mavi, qırmızı, yaşıl - bu üç ümdənin timsalıdır. Üzeyir Hacıbəyli eyni ildönümü münasibətilə basılan digər bir dərgidə ("İstiqlal", Bakı, 1919) Azərbaycan musiqisi haqqında verdiyi elmi və tarixi məlumatı xülasə etdikdən sonra sözü 1907-ci ildə yazdığı "Leyli və Məcnun"a götürərək təvazöhlə yazır: "Xalqın hüsn-rəğbət və təvəccöhünə məzhər olan "Leyli və Məcnun"işin bu yolda davamı üçün biz acizləri həvəsləndirir".

Üzeyirə görə, bu iş "musiqimizin tərəqqisi uğrunda atılan ilk addımdır. Bundan sonra isə ikinci, üçüncü və ilaxır addımlar atılacaq, əsl məqsədə getmək üçün daimi irəli gediləcəkdir". Sənətkar "əsir olaraq yaşadığımız bir dövrdə göstərilən bu tərəqqi qabiliyyətini" istiqlal həyatına yetdikdən sonra daha ziyadə irəlilədə biləcəyi qənaətindədir: "Hürr millətin hürr sənəti bütün gözəlliyi ilə meydana çıxacaq və millətimizə mədəni millətlər ailəsinə daxil olmaq, bu ailənin bərabərhüquqlu bir üzvü kimi bütün hüquq və səlahiyyətlərindən istifadə etmək üçün ən mötəbər amillərdən birinə çevriləcəkdir".

Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə, sözün avropalı mənasıyla, nüfuzunu hər kəsə tanıdan bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürə bildikcə sümürmüş, verdiyi bir takım rəsmi və siyasi vəzifə və ünvanlarla onu "mənimsəmişdir". Fəqət bihudə. "Dəmir pərdə"nin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əli ilə oxşanılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz. O, milli Azərbaycan varlığının dayanaqları arasında qalacaq ayrılmaz böyük bir dəyərdir. Qızıl totalitarizmin istibdadı altında və mədəniyyət dünyasından təcrid edilmiş bir halda yaşamaq çəkilməz faciədir. Bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir.

...Başımızda qardaş millətin qardaş sənətkarlarını görmək və ya bir heyət halında buraya müsafirliklərini cəlb etmək qətiyyən mümkün deyildir. "Dəmir pərdə" arxasıyla kültür münasibətinə müsaidə yoxdur. Biz oraya gedəməyiz, buraxmazlar, onlar da buraya gələməzlər, çünki göndərməzlər. Çünki "hürriyyəti seçəcəklərindən" qorxurlar. Bir fürsətini bulsa idi, hürriyyəti seçməkdə böyük kompozitor da tərəddüd etməzdi deyə düşünürük. Ən qüvvətli dayanağımız onun ümidlər saçan, milli ruha tərcüman olan böyük sənətidir. Bu sənətin nə kimi bir dəyər ərz etdiyini "dəmir pərdə"nin ortadan qalxdığı gün Azərbaycanla bərabər, bütün dünya ilə eyni sırada Türk və İslam dünyası haqqıyla görmək və təqdir etmək imkanı bulacaq, sənətkarın böyük ruhunu minnətlə anacaqdır".

Üzeyir bəy həyatda yox idi, ancaq cavab onun dilindən olan kimi verilməli idi. Vəzifə də bu cür qoyulmuşdu ki, axtarın, Hacıbəylinin sovet dövləti və siyasəti haqqında söylədiyi müsbət fikirləri tapın, onların əsasında bir məqalə-arayış hazırlayın.

Bu işin icrası Mirzə İbrahimova tapşırılır və mahir yazıçılığı qədər də incə duyumlu siyasətçi olan Mirzə İbrahimov Mərkəzi sakitləşdirəcək yazını qələmə alır. Üzeyir bəy həyatdan getmişdisə də, onun ömrü boyu bağlı olduğu istiqlal idealları yenə ortadaydı. Qardaşı Ceyhun Hacıbəyli Parisdə siyasi mühacirətdə istiqlal yolunda mübarizələrini qaibanə, Vətəndən aralı da olsa, davam etdirməkdəydi, istiqlalın qayıdışı diləyi ürəklərdə yaşamaqdaydı və mərkəzi xoflandıran da məhz bu idi.

Üzeyir bəyə və belə millət işıqlarına qarşı dünyanın hər yerində və bütün zamanlarda həmişə əksgedənlər, badalaq gəlmək üçün vurnuxan həşəratlar tapılıb. Ancaq zamanın da sabit, dəyişməz, əbədi hökm və qanunu var: zülmət heç vaxt işığa qalib gələ bilməz!

...Şuşa Qarabağın tacı, rəmzi paytaxtı olsa da, hər halda başlanan XX yüzildə əyalət idi və gənc Üzeyirin ürəyində Bakı artıq yeniyetməlik çağlarında, hələ Qori seminariyasına gedib çatanadək də vardı. Könlündəki o vaxt gizlin, tək özünə bəlli arzularda, sonradan qələmə alıb hər kəsə əyan etdiklərindən bəlli olur ki, hökmən Bakıya gəlməyi, buraları fəth etmək də olmasa, hər halda indiyəcən edilməmiş nələrəsə nail olmaqla heyrətləndirmək niyyəti də varmış.

Əyalətdən gəldi, oxudu, öyrəndi, çalışdı, yazıb-yaratdı ki, milləti və yurdu əyalətçi düşünməsin, yüksəlsin, inkişaf etsin, çağdaş dünyayla ayaqlaşsın.

Elə yaşadı, elə işlər gördü ki, Vətəni və xalqı həm də bu əməllərə və izlərə görə daha artıq tanındı və şöhrətləndi, onun sayəsində qapalı sərhədlər hüdudunda ömür sürən Azərbaycanın sədası dünyanın dörd bucağına çatdı.

Onun varlığıyla millətin ruhu, çöhrəsi, təbiəti dəyişərək daha gözəl oldu və Üzeyir bəy xalqını büsbütün yeni və daha müasir bir səslənişə köklədi.

...Hər bir azərbaycanlının Üzeyir bəylə bağlı öz şəxsi və əziz xatirəsi var - onu ən azı ömründə bir dəfə görmüşlərin də, Dahini sadəcə əsərlərindən, haqqında yazılanlardan tanıyıb bilənlərin də. Bu surət o qədər məhrəmdir ki, hər duyğulu azərbaycanlının qəlbində ən istəkli doğması kimi yaşamaqdadır.

Mir Cəlal yadigarı professor Hafiz Paşayev yada salır 1948-ci ilin qəmli 23 noyabrını. Deyir ki, 7 yaşında idim, təzə "Moskviç"imiz vardı. Sabir bağının qarşısında, Üzeyir bəyin evinin tuşunda atam maşından düşdü, məni qabaqda oturtdu, özü izdihama qarışdı.

Üzeyir bəyin Vətən torpağı üstündəki son saatlarından bir an - o üzüntülü ayrılıq günü bəstəkarın əllərdə gedən portreti, çiyinlərdəki tabutu, neçəsini tez-tez evlərində gördüyü tanınmış şəxsiyyətlərin qüssəli çöhrələri Hafiz müəllimin uşaqlıq yaddaşına əbədilik həkk olunub, bu gün də hər an onunladır.

Yaddaşınızın, ürəyinizin dərinlərinə dalın - hökmən hər biriniz orda tək sizin olan bir Üzeyir lövhəsi tapacaqsınız...

...Qori seminariyasını bitirəndən sonra ikisi də Azərbaycanın müxtəlif yerlərindəki məktəblərdə dərs verməyə başlamışdı və məsləkdaşı, silahdaşı, ruhdaşı Müslüm Maqomayev 1911-ci ildə Lənkərandan gəlib Bakının Sabunçu kəndində müəllimliyini davam etdirəndə o, musiqi savadını artırıb təkmilləşdirməkçün əvvəlcə Moskvaya getmiş, sonralar ordan da Leninqrada (indi Sankt-Peterburq) yollanmışdı.

Müntəzəm yazışırdılar və bir neçə il sonra Müslüm bəyin Üzeyir bəyə göndərdiyi məktublardan brində belə sətir də vardı ki, "tez qayıt gəl, görüləsi işlərimiz çoxdur".

Çoxlu və çox faydalı işlər gördülər, onların etdikləriylə yurd da, xalq da ucaldı və 52-cə il yaşamış Müslüm bəy də, 63 il ömür sürmüş Üzeyir bəy də əslində yenə həyatlarını davam etdirməkdə, həminmillətəxeyir əməllərin ardıncadır. Həm də yalnız vaxtilə etmiş olduqlarının dalğası ilə deyil, yeni həyat verilib təzədən qayıdan, yeni nəsillərə ilk dəfə eşidilən unudulmuş əsərləriylə Böyük İşlərini Görməkdədirlər.

Ancaq Müslüm bəyin sözləri o vaxt, XX yüzil yeni başlananda olduğu kimi, indi, təzə əsr və üçüncü minillikdə sabahları düşünərkən də həminki gücündədir.

Millət daha üstün, daha güclü, daha zövqlü olmaq yolu ilə irəlilədikcə Üzeyir bəyin də, onun ölməz amal və məslək qardaşlarının da görüləsi işləri hələ çox olacaq!

Bir şərtlə ki, Üzeyir bəyi incitməyək. Onsuz da zavallını sağlığında açıq-gizlin neştərləyənlər də, əl altından və aşkarca xırda-xırda, amma mütəmadi zəhərləyənlər də, könlünü qıranlar da az olmayıb.

Bu gün Üzeyir bəyi incitməmək nə deməkdir?

Əsərlərinin aqibəti ilə bağlı Üzeyir bəyin kədər və nigaranlıq qarışıq bu sözləri də qalıb. Əsərləri ilə istənilən özbaşına rəftara, kiminsə guya öz aləmində onun yazdığı nəyisə daha yaxşı etmək cəhdlərinə, yaratdıqlarına ən xırda dəyişiklik və artırmalara da son dərəcə qısqanc yanaşan dahimiz bir dəfə ağrılı-ağrılı şikayətlənib ki, mənim övladım yoxdur, əsərlərim mənim balalarımdır, qoymaram onları kimsə şikəst eləsin. Biz də qoymayaq və qıymayaq ki, Üzeyir bəyin olmadığı çağlarda bu, baş versin. Bizə mənəvi ata timsalında olan o BÖYÜYÜMÜZün RUHU qarşısında bu, vicdan və qeyrət borcumuzdur.

Üzeyir bəyi bizim günlərdə incitməmək odur ki, nəhayət, əsərlərinin külliyyatını bütöv halda, lüzumsuz ixtisarlar və qondarma dəyişikliklərə uğratmadan nəşr edək.

Üzeyir bəyi bizim dövrümüzdə incitməmək odur ki, əsərlərini səhnəyə çıxaranda bunu Üzeyir bəyə ağıl öyrətmək sevdasına düşən cılız iddialılara deyil, dahimizi duyan, anlayan, hər sözünün və səsinin qədrini bilən səviyyəli, səriştəli, canıyanan və təəssübkeş peşəkarlara tapşıraq ki, vaxtın sınağından keçmiş incilərə çaş görən eynəyiylə baxaraq onları tümük arşınıyla ölçməsin, müəllifin ruhunu naşı əlavələrlə, kəmsavad müdaxilələrlə, bəsit yanaşmalarla diksindirməsin.

Üzeyir bəyi incitməmək odur ki, adını və xatirəsini yalanlardan, böhtanlardan, saxtakarlıqlardan, xəbisliklərdən, araqarışdıranlardan hamılıqla mühafizə edək, belə namərdlik edənlərin dərhal ağzından vuraq.

Üzeyir bəyi incitməmək odur ki, onun yaratdığı məktəbin, açdığı yolun, millətə yadigar qoyduğu yüksək sənət vərdişləri və ənənələrinin soyumasına, qırılmasına, heysizləşib parlaqlığını itirməsinə imkan verməyək.

Edə bilsək, savaba batacaq, bacarmasaq, günah yiyəsi olacağıq!

18 sentyabr 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
525.az

1Источники