RU

Toral Bayramov: "Het-trik topunu evimə aparacam" - MÜSAHİBƏ

"Əhval-ruhiyyə yaxşıdır. Amma düşünmürəm ki, bu, "Benfika" ilə matçdan sonra yüksəlib".

Bu sözləri "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçında het-trik edən Toral Bayramov sportnet.az-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Oyunu necə dəyərləndirirsiniz?

- "Araz-Naxçıvan" döyüşkən və aqressiv komandadır. Yaxşı hazırlaşmışdıq. Sevinirəm ki, istədiyimiz qələbəni əldə etdik.

– Karyeranızda ilk dəfə het-trik etdiniz. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, ilkdir. Düzü, fikrimi necə ifadə edəcəyimi bilmirəm. Çox sevincli haldır. Düşünürəm ki, bu, futbolçunun karyerasında unuda bilməyəcəyi anlardan biridir. İnanıram ki, davamını da gətirə biləcəyəm.

– Topu evə aparırsınız?

– Bəli. Topun üzərində futbolçuların imzası var.

– Kristian Avramın imzası da varmı orada?

– Xeyr, onun imzası yoxdur (gülür - red.).

– Bu oyunda qırmızı vərəqə görüşün qırılma nöqtəsi oldumu, yoxsa istənilən halda qalib gələcəkdiniz?

– Açığı, meydançada olduqda bunu o qədər də hiss etmirik. Tapşırıq nədirsə, onu yerinə yetirməyə çalışırıq. Bəlkə də kənardan baxanda siz fərqli görə bilərsiniz. Mən isə bu barədə fikir səsləndirə bilməyəcəyəm.

– “Benfika” ilə oyundan sonra komandada əhval-ruhiyyə necədir?

– Əlbəttə, əhval-ruhiyyə yaxşıdır. Amma düşünmürəm ki, bu, "Benfika" ilə matçdan sonra yüksəlib. Fərqi yoxdur “Benfika”ya, yaxud başqasına qarşı, Çempionlar Liqasında qələbə qazanmaq çox gözəl motivasiyadır. Sevinirik ki, qələbə qazandıq və komandada hazırda əhval-ruhiyyə çox yüksək səviyyədədir. Çalışacağıq ki, bunu qoruyub saxlayaq və davam etdirək.

– Artıq “Kopenhagen”lə qarşılaşmadan daha böyük gözləntilər var. Bu amil komanda üzərində əlavə basqı yaratmayacaq?

– Biz heç bir oyuna məğlubiyyət üçün çıxmırıq. Bunu hər zaman qeyd etmişəm və indi də deyirəm. Hər bir matça yaxşı oyunla qələbə üçün çıxırıq. “Kopenhagen”lə oyundan öncə çempionatda “Qəbələ” ilə qarşılaşmamız olacaq. Düşünürəm ki, yaxşı hazırlaşacağıq. Azarkeşlərin gözləntiləri böyükdür. Ümid edirəm ki, gözləntilərini qarşılayaraq, istədiyimiz nəticəni əldə edə biləcəyik.

İdman.biz

Избранный
8
1
idman.biz

2Источники