RU

Eltun Süleymanov: " Bakı Təhlükəsizlik Forumu dünyanın sabaha inamının paytaxtına çevrilir"



Bakı yenə dünyanın diqqət mərkəzindədir. Bu qədim şəhər bir daha sübut edir ki, təkcə coğrafi baxımdan deyil, həm də siyasi və strateji baxımdan Şərqlə Qərbin qovuşduğu məkandır. Cənab Prezident İlham Əliyevin Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciəti çağdaş dünyanın əsas dərdini – təhlükəsizlik böhranını – bir daha üzə çıxardı. Bu müraciət həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, siyasi çəkisinin və təşəbbüskar rolunun parlaq ifadəsidir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bu gün dünya müharibələrdən, terrorçu hücumlardan, separatçılıqdan və kibertəhdidlərdən silkələnir. Hər gün yeni bir böhran qapımızı döyür. Cənab Prezident İlham Əliyev müraciətində bu reallığı dəqiq ifadə edərək vurğuladı: “Müasir dövrümüzdə təhlükəsizlik konsepsiyası artıq təkcə sərhədlərin qorunması ilə məhdudlaşmır. Terrorçu hücumlar, silahlı münaqişələr, humanitar böhranlar və texnogen fəlakətlər qlobal təhdidlərə çevrilib.” Bəli, artıq təhlükəsizlik yalnız sərhəd məftilləri, hərbi qüvvələr və divarlarla qorunmur. Təhlükəsizlik – dövlətlərin iradəsinin, xalqların həmrəyliyinin və beynəlxalq əməkdaşlığın ortaq iradəsi ilə təmin olunur. Bakı Təhlükəsizlik Forumu məhz bu reallığın təcəssümüdür. Onlarca ölkənin xüsusi xidmət rəhbərlərinin, təhlükəsizlik ekspertlərinin hər il Bakıda toplaşması təsadüfi deyil. Bu, dünyanın Azərbaycan paytaxtına etibarının, Bakının isə beynəlxalq münasibətlərdə qazandığı müstəsna rolun təsdiqidir. Cənab Prezidentin sözlərində bir mühüm həqiqət var: “Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.” Forumun ildən-ilə böyüyən miqyası göstərir ki, dünya artıq Bakını dinləyir, Bakıda müzakirə olunan məsələlər isə sabahın gündəmini müəyyən edir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin təntənəsidir. Azərbaycan heç vaxt yalnız özünü düşünməyib. Müstəqilliyinin ilk günündən ölkəmiz dialoqa, əməkdaşlığa, tərəfdaşlığa üstünlük verib. Cənab Prezident İlham Əliyev bu mövqeyi bir daha təsdiqlədi: “Regional və beynəlxalq sabitliyə nail olmağın yeganə yolu əməkdaşlıq və dialoqdur.” Bakı Təhlükəsizlik Forumu da məhz qarşılıqlı etimadın, çoxtərəfli əməkdaşlığın ünvanına çevrilib. Burada səslənən fikirlər, qəbul edilən qərarlar sadəcə kağız üzərində qalmır, real siyasətə çevrilir. Prezident İlham Əliyevin müraciətində xüsusi vurğuladığı bir hadisə var: “2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə uzun illər davam edən münaqişəyə son qoyaraq sülh müqaviləsinə aparan yol açmışdır.” Bu sənəd təkcə münaqişənin sonu deyil, həm də yeni bir başlanğıcdır. Cənubi Qafqazda sülhün təmin olunması, əslində, Avropadan Mərkəzi Asiyaya qədər uzanan böyük bir geosiyasi xəttin sabitliyi deməkdir. Cənab Prezidentin sözləri ilə desək: “Cənubi Qafqazda tam əmin-amanlığın bərqərar olunması yeni əməkdaşlıq imkanlarını açacaq, regionun inkişafına və beynəlxalq təhlükəsizliyə xidmət edəcəkdir.” Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda sabitliyin və sülhün təminatçısı kimi nüfuzunu gücləndirir. Bakı bu gün Qafqazdan dünyaya ünvanlanan böyük bir mesaj verir: sabitlik mümkündür, sülh mümkündür, tərəfdaşlıq mümkündür. Azərbaycanın təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun artıq Təşkilat Komitəsi və Katibliyi formalaşıb. Qəbul olunan Bəyannamələr, irəli sürülən təşəbbüslərin rəsmiləşdirilməsi göstərir ki, Forum artıq təsadüfi toplanış deyil, davamlı institutlaşmış platformadır. Cnab Prezident İlham Əliyev bu barədə dedi: “Forumun hər il keçirilməsi, onun Katibliyinin və Təşkilat Komitəsinin yaradılması Bakı Təhlükəsizlik Forumunu dayanıqlı beynəlxalq platformaya çevirir.” Bu isə Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətində lider rolunu daha da möhkəmləndirir və Bakını diplomatik mərkəzə çevirir. Bakı Təhlükəsizlik Forumu sübut edir ki, Azərbaycan yalnız öz sərhədlərini qoruyan dövlət deyil, həm də dünyanın təhlükəsizlik arxitekturasına töhfə verən gücdür. Cənab Prezident İlham Əliyevin müraciəti bir daha göstərdi: “Azərbaycan təkcə regional deyil, həm də qlobal təhlükəsizlik müstəvisində fəal rol oynayır.” Bakı bu gün dünyanın sabaha inamını yaşadan paytaxtdır. Dünya Bakıya baxır. Dünya Bakıda sabaha ümid axtarır. Və dünya Bakıda bu ümidin ünvanını tapır-deyə E. Süleymanov fikrini tamamlayıb.



Избранный
42
aia.az

1Источники