RU

Samir Şərifov: "2027-2030-cu illəri əhatə edən yeni strategiya üçün hazırlıqlar başlayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası icra olunur və artıq növbəti dördillik dövrü - 2027-2030-cu illəri əhatə edən yeni strategiya üçün hazırlıqlar başlayıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Samir Şərifov bildirib.
O bildirib ki, ölkədə strategiyanın ən vacib istiqamətlərindən biri ölkənin iqtisadi artımının təmin edilməsidir:
"Hər hansı iqtisadi artım isə investisiyasız mümkün deyil. İnvestisiyalar həm dövlətin maliyyələşdirdiyi, həm də özəl sektordan gələn olmalıdır. Məqsəd Azərbaycanın son 30 ildə qoyduğu dövlət investisiyalarını daha çox özəl investisiyalarla tamamlayaraq iqtisadi inkişafı sürətləndirməkdir".
Baş nazirin müavini əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə böyükmiqyaslı islahatlar aparılıb, lazımi infrastruktur yaradılıb:
"İnfrastruktur deyəndə həm fiziki, həm də sosial infrastruktur nəzərdə tutulur. Yol, su təchizatı, enerji təminatı və etibarlı sanitariya sistemləri olmadan özəl investorları cəlb etmək mümkün deyil. İnvestisiyalar üçün siyasi sabitlik və proqnozlaşdırıla bilən mühit də vacibdir. Azərbaycan bunu təmin edib. Yeganə qeyri-sabitlik mənbəyi olan ərazilərin işğalı artıq keçmişdə qaldı. Azərbaycan öz ərazilərini azad edərək suverenliyini bərpa edib".
Onun sözlərinə görə, son 8 ildə ölkədə makroiqtisadi və maliyyə mühiti də gücləndirilib: "Manatın məzənnəsi sabit saxlanılır, fiskal vəziyyət yaxşılaşır, valyuta ehtiyatları ölkənin ÜDM-nin 95%-inə çatıb və xarici dövlət borcunu 15 dəfə üstələyir".
Baş nazirin müavini, həmçinin, işgüzar mühitin yaxşılaşdırılması, investorlara əlverişli şəraitin yaradılması istiqamətində görülən tədbirlərdən danışıb. O bildirib ki, Prezidentin təşəbbüsü ilə yaradılmış Biznes Mühiti üzrə Komissiya biznes icmaları və investorlarla dialoq quraraq vəziyyəti izləyir və zəruri dəyişiklikləri tətbiq edir.
O, Azərbaycanın strateji mövqeyinə də diqqət çəkib: "Azərbaycan hazırda Şərq və Qərb, Şimal və Cənub arasında kəsişmə nöqtəsində yerləşir. Prezident İlham Əliyevin beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində baxışı öz nəticəsini verir. Orta Dəhliz sürətlə inkişaf edir, malların hərəkəti artır və regiondakı bütün ölkələr bundan faydalanır. Xüsusilə Mərkəzi Asiya ölkələri Azərbaycandan keçən alternativ nəqliyyat marşrutlarını dəstəkləyir".
Məhərrəm Əliyev
Избранный
57
oxu.az

1Источники