RU

Birini o zaman unudursan ki, artıq başqasını qısqanmağa başlayırsan Orxan Həsəninin essesi

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Orxan Həsəninin "Gül kimi dəri kəmərlər" essesi təqdim edir. Hər gün Xırdalandan Bakıya uzun bir yol ölçürəm. Abşeronun bir ucundan o biri ucuna uzanan axın. Hərdən belə də olur, yol adamla danışır.Yol nədir? Rastına çıxan adamlar, şahid olduğun söhbətlər. Küçənin söhbətlərinə qulaq asmağı sevirəm. Keçdiyim yerlər mənə mənzərə, qoxu və səslərlə toxunur, toxunur və özünü möhürləyir. Dayanıb, diqqətlə baxdığım “səhnələr” məndən heç vaxt qopmur. İnsan dayanıb, harasa diqqətlə baxmalıdır.Qopmayan şeylərə sahib olmaq üçün. Beləliklə, evdən çıxıram. Məhəllədən magistrala düşən yolda, adamların arasında gənc bir ata məktəbli geyimindəki qızının əlindən tutub, yoxuşu qalxır. Qız yorulur deyə, ata qızını qucağına alır, saçlarının hörüyü ağ kəpənəklə bağlanmış qarayanız uşağa baxdıqca elə bilirəm, o ağ kəpənəklər indicə qanad açacaq, qızı qaldırıb səmada quşlara yoldaş eləyəcək. Kəpənəklər qanad açmır, amma qız onu qucağına alır deyə, atasının saqqallı üzündən öpür, saqqal üzünə batır, dərhal sifətini turşudur.Üzünü turşutmağı necə də məharətlə bacarır! Bu oyunu birinci dəfə oynamırlar. Yoxuşu qalxıb, hündür mərtəbəli binaların arasında itirlər. Dayanıb, bu xoş mənzərəyə tamaşa eləyərkən yaxındakı qulağım meyvə - tərəvəz satıcısının səsini çalır: “Göyün on dəstəsi iki manat”Yalnız restoranlarda yediyim üçün axırıncı dəfə nə vaxt bazarlıq elədiyimi unutmuşam. Çoxdandır ağır zənbillər qolumu ağrıtmır. Tək yaşamaq özünü belə göstərir. On dəstə "göy"ü təsəvvür eləməyə çalışıram. On dəstə. On dəstə "göy"lə nə eləmək olar? Ağlıma heç nə gəlmir. Yoluma davam edirəm. Parkı keçib avtobus dayanacağına çatıram. Avtobusda sıxlıqdır. Çətin də olsa, bir boşluq tapıb dayanır, tutacaqdan yapışıb pəncərədən bayıra tamaşa eləyirəm. Hamı harasa tələsir.İki orta yaşlı kişi söhbətləşirlər: – Görəsən, bu iztirabların sonu olacaqmı? – Nə? – Görmürsən? – Nəyi? – Tıxacı.– Mən on il əvvəl demişdim, indi də deyirəm, univerisitetlər Bakıdan köçməlidir. – On il əvvəl? – Bəli, düz on il əvvəl. Avtobusdan düşüb, sürət qatarına doğru addımlayıram. Yarım saata şəhərdə olacağımı düşünüb rahatlaşıram. Yaş ötür və başa düşürsən, insanı rahatlaşdıran şey nəyisə yaşamaq yox, nəyisə yaşayacağını düşünməkdir. Həyat arzu formasında daha cazibədardır. Üstəlik, bu gözəl payız havasında. Hə!Hava təmiz və gözəldir. Adamlar pilləkənləri asta-asta qalxırlar. Addımlarda bir nizam var. Pilləkənlərə çatıram. Hər gün eyni yerdə dayanıb corab satan yaşlı kişini yenidən görürəm. – Co, co, co...Yəqin, “corab” demək istəyir. Əlində tutmağı, hərdən-hərdən yelləməyi bəs eləmir, adını çəkir, elə bil əlindəkinin corab olduğuna adamları inandırmaq istəyir.İnanıram. Yuxudan kal qalxan şəhərlilər isə işə tələsirlər, hamı öz fikrinin içində batıb, qatar gələcək, qatar gəlir, fürsət olsa, qatarda yatacaqlar.

Yuxudan iyirmi dəqiqə də qənimətdir. Və:– Co, co, co... “Corab” olmağa nəfəsi çatmayan bu səs adamları fikirdən oyadır. Fikirdən oyanan orta yaşlı, zırpı, bığlı bir kişi ayaq saxlayır, sonra qocaya yaxınlaşıb deyir: – Ay kişi, payız gəlib, payız. Görmürsən, payız gəlib? Bir azdan qış olacaq. Qış tezliklə gələcək. Onda bu pilləkənlər buz tutacaq. Soyuq adama bir başdan dəyir, bir də ayaqdan. Bu papağı görürsən? Bu papağa görə mən düz on ildir soyuqlamıram. Elə bir corab ver ki, məni bütün qış qorusun. İsti, yumşaq - bir corabdan nə gözləyirəmsə, o.Qatara minirəm. Yol boyu Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanını oxuyuram. Tipik Latın Amerikası estetikası, möhtəşəm enerji, özünəməxsus ruh. Amma bu məni yorur. Son vaxtlar hər şey məni yorur.Kitaba baxıram. Elə bilirəm, yazıçı xoşuma gəlmək üçün dəridən qabıqdan çıxır. Bəlkə də, buna görə sadəlik mənim üçün daha cazibədardır. Heç kim heç kimin xoşuna gəlmək, özünü göstərmək istəmir.Mənə nəsə danış, amma qışqırma. Kitabı bağlayıb, çantama qoyuram. Qarşımda oğlan və orta yaşlı kişi söhbətləşirlər. Kişi əlini oğlanın dizinə qoyub təskinlik verir. Ənənəvi söhbətlər; ürəyini sıxma, hər şey yaxşı olacaq, özün görəcəksən, illər sonra yadına salıb güləcəksən. Sonra kişi deyir: – Birini o zaman unudursan ki, artıq başqasını qısqanmağa başlayırsan. Yadıma Vaqif Bayatlının şeiri düşür:

Sevgi sevgiylə

Dərd dərdlə

İnsan insanla

İsa Məhəmmədlə unudulur...

Qatardan düşürəm, metroya girirəm.Metrodan çıxanda qol saatımı yoxlayıram, iş vaxtıma az qalıb. Gərək tələsim.Gecikməyi sevmirəm. Söhbət işdən getmir. Qarşıda, nisbətən adamların az olduğu tərəfdə yanaqları qıpqırmızı, ağ saçlı, dolu bir kişi görürəm. Kəmər satır. – Gül kimi dəri kəmərlər... gül kimi dəri kəmərlər... Onun bu sözləri nədənsə məni qıdıqlayır. Dodağım qaçır. “Gül kimi dəri kəmərlər”.Bu təbəssümlə işə çatıram. Oturub bu esseni bir nəfəsə yazıram.

Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı

"38 il boyunca ailənin nə olduğunu bilmədim..." - Xalq düşməni" elan olunan" qadın yazıçı

Səyavuş Aslan kimdir?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
kulis.az

1Источники