RU

Maşınlara çip taxılacaq: Kartdan avtomatik pul çıxılacaq - Yeni sistem

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Fərmana əsasən, nəqliyyat sahəsində yeni qaydalar tətbiq ediləcək. Yaxın vaxtlarda ölkədə məsafə əsaslı avtomobil nəqliyyatı xidməti işə düşəcək, Bakıda isə ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bu dəyişikliklər həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcək. 

Bəs bu yenilik necə tətbiq olunacaq?

Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, söhbət indi mövcud olan şəhər və ya magistral yolların bir qisminin ödənişli rejimə keçirilməsindən gedir: 

“Yolların ödənişli olması birbaşa xarici praktikadan öyrənilərək tətbiq olunacaq bir üsuldur. Çünki indiyə qədər Azərbaycanda Bakı–Quba yolu istisna olmaqla ödənişli yol olmayıb. Ola bilər ki, bu, bələdiyyə tipli model şəklində tətbiq edilsin. Digər tərəfdən, həm yolların tikintisi, həm də quru yolları və digər sahələrdə ictimai nəzarət gücləndiriləcək”. 

Ekspertin fikrincə, belə sistemlərin əsas məqsədi nəqliyyat sıxlığını azaltmaq, yol infrastrukturu üçün əlavə gəlir mənbəyi yaratmaq və trafikin idarə olunmasını təmin etməkdir. 

“Bələdiyyə səviyyəsində tətbiq olunan modellər yerli şəraitə uyğunlaşdırıla bilər, bu zaman yol istismarı və nəzarət daha şəffaf olacaq”, - deyə Aslan Əsədov qeyd edib. 

İqtisadçı Xalid Kərimli məsələnin texnoloji tərəfinə diqqət çəkib. Onun sözlərinə görə, avtomobillərə yerləşdirilən çiplər və ya identifikasiya sistemləri vasitəsilə hərəkət trayektoriyasının izlənməsi və məsafə əsaslı ödənişin tətbiqi mümkündür:

“Maşını identifikasiya edərək kartdan avtomatik vəsait silmək olar. Amma hələ ki, bu vəsaitin məbləği və hansı ərazilərdə tətbiq olunacağı ilə bağlı dəqiq məlumat yoxdur. Hökumətin bununla bağlı necə bir sistem quracağı isə bir müddət sonra bəlli olacaq. Xarici ölkələrin praktikasında çip quraşdırılması misallarını görmüşük. Kartınızı xüsusi sistemə quraşdırırlar və əraziyə daxil olarkən avtomatik ödəniş həyata keçirilir”.

Xalid Kərimli əlavə edib ki, məsafə və ya zonaya əsaslanan ödəniş modelləri bir çox Avropa və Asiya ölkələrində tətbiq olunur. Burada sürücünün nəqliyyat vasitəsi və ya istifadə etdiyi yol üzrə ödəniş avtomatik tutulur:

“Bu texnologiyalar rahatlıq təmin etsə də, gizlilik və məlumatların toplanması məsələləri barədə ictimai narahatlıqlar yaradır. Praktiki təsirlərə gəldikdə isə ödənişli yolların tətbiqi şəhər içi tıxacların azalmasına, nəqliyyatın daha effektiv idarə olunmasına və yol infrastrukturuna əlavə investisiyalara imkan yarada bilər. Yəqin ki, bir müddət sonra hökumət tərəfindən tariflər və güzəştlərlə bağlı konkret mexanizmlər açıqlanacaq”.

Aqil Qarayev 



Избранный
29
1
news24.az

2Источники