“Bloomberg”in icmalçısı Mark Gurman “Apple”ın hazırladığı qatlanan iPhone barədə yeni təfərrüatları bölüşüb. Onun sözlərinə görə, cihaz iki birləşdirilmiş iPhone Air-i xatırladacaq.
Qatlanan iPhone şirkətin məhsul xəttinin “ulduzu” olacaq və 2026-cı ilin payızında satışa çıxacaq. Gurmanın qeyd etdiyinə görə, cihaz “super nazik” və “gülünc dərəcədə” bahalı olacaq. Yeni iPhone-un minimal qiyməti təxminən 2000 dollar təşkil edəcək.
Jurnalist həmçinin smartfonun Hindistanda istehsal olunacağı barədə şayiələri təkzib edib. Onun məlumatına görə, qatlana bilən iPhone-un istehsalı Çindəki “Foxconn” zavodlarında başlayacaq.
2025-ci ilin avqustunda Gurman xəbər vermişdi ki, “Apple” qatlana bilən cihazı dörd kamera ilə təchiz edəcək — iki arxa, bir ön və bir “daxili”. Həmçinin bu iPhone modelində Face ID əvəzinə Touch ID olacaq.