BAKI, 22 sentyabr. TELEQRAF
“Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında yeni səhifə açılır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan üzvü Fatma Aksal İrəvanda jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını təşviq edirik. Sülhdən hamımız faydalanacağıq. Çünki bu, təkcə ölkələrimiz üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir. Bu regionda sülh bərqərar olarsa, bu, dünyanın digər bölgələrinə də müsbət təsir göstərəcək”, - Aksal bildirib.
Türkiyənin sərhədləri açması üçün Ankaranın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını gözləyib-gözləmədiyi ilə bağlı sualı cavablandıran Aksal qeyd edib ki, sərhədlərin açılması üçün heç bir şərt yoxdur:
“Ermənistan və Türkiyə, eləcə də Ermənistan və Azərbaycan arasında sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar olması hər iki tərəf üçün çox vacibdir”.