RU

Yurdumuza payız gəlir

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün yay öz yerini payız fəslinə verəcək. Bir neçə gündür ki, ölkəmizin hər bir guşəsində  payızın ətri duyulur. Güclü külək əsir, leysan yağışlar, dağlığ ərazilərə qar yağır. Sakit-sakit yağan narın yağışlar yayın cırhacır istisindən canını qurtarmış ağacların yarpaqlarını yuyur. 

Payızın gəlişi ilə təbiət sanki yeni bir libas geyinir. Ağacların yarpaqları saralır, sonra qırmızıya, narıncıya boyanır. Küçələrdə, bağlarda, parklarda xəzəl yavaş-yavaş yerə səpələnir, addımların altında xışıltı ilə səs salır. Bu səs insana həm bir rahatlıq, həm də qəribə bir hüzün bəxş edir.

Dünənə qədər cürbəcür meyvələrlə dolun olan yaşıl ağacların torpaq tökümü başlayıb. Ağacların altı iki-üç günün ərzində qızılı rəngli xalçaya bənzəyir. Saralmış yarpaqlar küləyin qanadında rəqs edir. Qızılı rəng almış yarpaqlar anbaan budaqlardan üzülür, torpağa düşür. Heç payız fəslində yarpaqların budaqlarından qoparaq naz edə-edə torpağa düşdüyünə diqqət yetirmisinizmi?! Olduqca əsrarəngiz bir mənzərədir. Tamaşa etməyə göz istər... 

Kənddə payızın gəlişi isə başqa bir aləmdir. Uşaqlıq illərimi keçirdiyim kəndimizdə payız ab-havası bizim üçün toy bayram idi.  Bizlər üçün bu, əvəzsiz bir tamaşaya dönürdü. 

Payız fəsli məhsulun bolluq və zəhmətin bəhrəsini görmə zamanıdır. Tarlalardan, bağ-bağatdan məhsulu toplamış insanların üzü gülür. İl yaxşı gəlib. Gözlənildiyindən də çox məhsul toplanıb. Kəndlərdə şəxsi taxıl anbarları dolur, meyvə-tərəvəz yığılır, insanlar yay boyu çəkdikləri zəhmətin şirinliyini yaşayırlar. Deməli, aylardan çox çəkilən zəhmət hədər getməyib. Onsuz da kənddəki işi heç vaxt azalmayan torpaq adamları indi başqa qayğılara köklənib. Payız-qış mövsümünə hazırlıq işləri də görülməlidir. Sahələr təmizlənməli, erkən yazda aparılacaq əkin üçün şum qaldırılmalı, gələcək bol məhsulun təməli qoyulmalıdır. Demək olar ki, payız həm də minnətdarlıq fəslidir – torpağa, təbiətə, həyata.

Payız şıltaqlığı da sevir.Tez-tez dəyişir. Səhərlər sərin, günəş isə daha mülayim olur. İnsan ürəyində qəribə bir sakitlik, bir az da kədər yaranır. İlk sərin külək əsəndə, havada bir dəyişiklik duyulanda anlayırsan ki, fəsillərin qızılı çağı qapını döyür. Payız yalnız təbiətin deyil, insanın da qəlbinə toxunur. İnsan bu fəsildə daha çox düşünür, xatirələrə dalır, bəzən nostaliji hisslər ilə kövrəlir. Pəncərəyə dəyən yağış damcıları sanki içindəki hisslərə tərcüman olur. Hər damcı bir səs, bir duyğu kimi qəlbi silkələyir.

Ancaq bütün bu gözəlliyin içində bir ayrılıq da gizlənib. Yarpaqlar ağacdan qopduğu kimi, günəş də yavaş-yavaş uzaqlaşır, günlər qısalır, gecələr uzanır. Lakin bu ayrılıq bir son deyil, sadəcə yeni bir başlanğıcın xəbərçisidir. Çünki hər payızın ardınca bir qış, hər qışın ardınca isə yenidən bir bahar gəlir.

Bu fəsli bizim üçün əvəzsiz edən bir səbəb də var.  Payız həm də toylar ayıdır. Sevən ürəklərin vüsala yetişdiyi, həsrətə son qoyulduğu, elimizin qədim adəti olan toylarımız payızda daha çox olur.

Payız ilin dörd fəsli arasında ən duyğusal olanıdır. Bu fəslin gəlişi ilə təbiət sanki yavaş-yavaş yuxuya gedir. Küləyin gətirdiyi sərinlik insanın qəlbinə də toxunur, ona həm sakitlik, həm də bir az kədər bəxş edir.

Paytaxt küçələrində də payızın nəfəsi duyulur. Dünənki libaslar artıq dəyişib. İnsanlar payız qayğıları ilə yaşayırlar. 

Bülbül prospekti ilə hərəkətdə olan bir gəncə yaxınlaşırıq. Adı Famil, soyadı Abbasovdur. İş yeri bu ərazidədir. Payız fəslinə münasibətini öyrənirik. Payızda doğulduğu üçün bu fəsli çox sevir. Bu yayın payızla əvəzlənməsini səbirsizliklə gözləməklə hamıya xoş əhval-ruhiyyə arzulayır.

Prospektin əks istiqaməti ilə körpəsilə tələsən Nərgiz İsgəndərova söhbət zamanı bildirdi ki, payızın gəlişi onun qayğılarını artırıb. Bəlkə builki dözülməz istiləri payız canımızdan çıxara. 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənubda isə yaz fəsli başlayacaq. Payız fəslini 89 gün 20 saat 43 dəqiqə 45 saniyə duyacağıq.

Yeni payızın gəlişi uğur gətirsin. Ana torpaq bərəkətli olsun!

Müşfiq Mirzə

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
xalqqazeti.az

2Источники