RU

Britaniya qlobal istedadlar üçün viza rüsumlarını ləğv etməyi nəzərdən keçirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 22 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer dünya üzrə yüksək səviyyəli alimləri, akademikləri və rəqəmsal mütəxəssisləri ölkəyə cəlb etmək məqsədilə bəzi viza rüsumlarının ləğvi imkanını müzakirə edir.

AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, iyun ayında elan edilən qlobal istedadlar üzrə işçi qrupu hazırda Böyük Britaniyanın iqtisadi artımını dəstəkləmək üçün ən yaxşı beyinləri ölkəyə cəlb edəcək yeni təkliflər üzərində işləyir. Müzakirə olunan planlardan biri dünyanın ilk beş universitetində təhsil alanlara və ya nüfuzlu beynəlxalq mükafatların laureatlarına vizanı pulsuz təqdim etməkdir.

Böyük Britaniya hökuməti bu məqsədlə 54 milyon funt sterlinq (təxminən 72,6 milyon dollar) vəsait ayırıb. Bu vəsait aparıcı tədqiqatçıların köçürülmə və araşdırma xərclərini qarşılamaqla yanaşı, ölkənin elm və innovasiya sahəsində qlobal lider mövqeyini gücləndirməyə xidmət edəcək.

Məlumata görə, bu addım ABŞ-ın miqrasiya siyasətində sərtləşdirməyə getməsi fonunda sürətlənib. Belə ki, Tramp administrasiyası bazar günündən etibarən ABŞ texnologiya şirkətləri tərəfindən geniş istifadə olunan H-1B vizaları üçün 100 min dollarlıq yeni rüsum tətbiq edib.

Hazırda Böyük Britaniyada qlobal istedad vizasının müraciət haqqı 766 funt sterlinqdir. Bu məbləğ ərizəçinin ailə üzvləri üçün də eyni qaydada tətbiq olunur. Hökumətin planlaşdırdığı dəyişikliklərin məqsədi 26 noyabrda təqdim ediləcək büdcə öncəsi ölkənin iqtisadi artımını stimullaşdırmaq və yüksək ixtisaslı mütəxəssislərin Böyük Britaniyaya cəlbediciliyini artırmaqdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
azertag.az

3Источники