RU

“Azərbaycan təhlükəsizliyin koordinasiya olunduğu strateji arenaya çevrilib” Deputat

ain.az, 525.az saytına istinadən bildirir.

“Bu gün Azərbaycan çoxsayda beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Bu, çox mühüm məsələdir və Azərbaycanın imicinin, müstəqil daxili və xarici siyasətinin təzahürüdür”.

Bu barədə 525.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının regional və qlobal əhəmiyyəti, Prezident İlham Əliyevin iştirakçılara təbrik müraciətindəki əsas mesajları şərh edərkən deyib.

Komitə sədri bildirib ki, dünya ölkələrinin kəşfiyyat və əks-kəşfiyyat, xüsusi xidmət orqanlarının iştirak etdiyi Bakı Təhlükəsizlik Forumu çox mühüm əhəmiyyət kəsb edir:

“Bu konfrans son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərin, beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir. Bakı həm regional dövlətlər, həm də qlobal güclər arasında etimadın qurulması üçün mühüm görüş yeri rolunu oynayır. Bu gün məlum məsələdir ki, dünyada düzən dəyişib, dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanunu miqrasiya, separatizm, silah qaçaqmalçılığı, çoxsayda hüquqa zidd əməllər təhlükəsizlik sistemi üçün ciddi narahatlıq doğurur. Bu gün təəssüf doğuran məsələ odur ki, beynəlxalq hüquq tam şəkildə pozulub və güc onları üstələyir. Bakı konfransı təkcə regional sabitlik, sərhəd təhlükəsizliyi, enerji, nəqliyyat dəhlizlərinin qorunması, terrorizmə qarşı mübarizə, kibertəhlükəsizliyə qarşı mübarizə kimi aktual məsələrinin müzakirəsinə şərait yaratmır, həm də gələcəkdə əlaqələndirilmiş şəkildə təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaqdır”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanın təşəbbüsləri ölkəmizi təkcə enerji və nəqliyyat mərkəzinə deyil, həm də təhlükəsizlik məsələsinin koordinasiya olunduğu strateji bir arenaya çevirib:

“Bu, təbii ki, istər Dövlət Təhlükəsizlik Xidmətinin, xarici kəşfiyyat sisteminin, eyni zamanda, hüquq mühafizə orqanlarının, digər müvafiq strukturların birgə zəhməti və təbii ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən tədbirlərin təzahürüdür, bariz nümunəsidir. Cənab Prezident konfransla əlaqədar iştirakçılara öz təbrik məktubunu ünvanladı. Azərbaycanın təhlükəsizliyin qlobal gündəliyində aktiv mövqedə olmasını, beynəlxalq əməkdaşlığa açıqlığını göstərdi, sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və xarici siyasət xəttinin əsasını təşkil etdiyini göstərdi. Cənab Prezident öz çıxışında Vaşinqton görüşünü misal gətirərək regionda yeni reallıqlar fonunda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsinin gələcəkdə sabitlik və inkişafa gətirəcəyini bir daha qeyd etdi”.

Deputatın sözlərinə görə, ən mühüm mesajlardan biri də budur ki, Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm regional, həm də beynəlxalq təhlükəsizliyi gücləndirmək niyyətindədir:

“Məhz bu konfransda aparılan müzakirələr, eyni zamanda, qəbul olunan qərarların da əsas istiqaməti bundan ibarətdir. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması tək bizim region üçün deyil, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır. Bir sözlə, Bakı Təhlükəsizlik Forumunun üçüncü konfransı çox mühüm bir konfransdır və gələcəkdə də davam etdiriləcəkdir. Artıq bununla bağlı cənab Prezidentin mühüm tapşırıqlarına uyğun olaraq həmin konfransın katibliyi və digər icraçı orqanları yaradılıb. Düşünürəm ki, çox yaxın zamanda biz bütün bunların müsbət nəticələrini görəcəyik”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
525.az

1Источники