Azərbaycan təkcə son 30 ildə adambaşına gəliri üç dəfə artırmayıb, həm də düzgün şəkildə ehtiyat yığıb.
Herbiand.az xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Harvard Universitetinin Growth Lab bölməsinin ABŞ-dan olan baş meneceri Tim Cheston deyib.
Onun sözlərinə görə, bu gün ölkə həm dünyanın ən aşağı dövlət borclarından birinə, həm də ÜDM-in 96%-i həcmində Neft Fondu və Mərkəzi Bank aktivlərinə malikdir.
"Bu, bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunədir. Üstəlik, yeni investisiyalar da həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında etilen və propilen polimerləri istehsalı başlayıb ki, bu da kimya sənayesində yeni imkanlar açır. Growth Lab-ın hazırladığı İqtisadi Mürəkkəblik İndeksində ötən il ən çox irəliləyən ölkə məhz Azərbaycan olub", - Tim Cheston əlavə edib.[APA]