Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda 4.9 bal gücündə zəlzələ baş verib. Maraqlıdır, zəlzələnin Azərbaycana təsir ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, Türkiyədə qeydə alınan 4,9 bal gücündə zəlzələnin Azərbaycana birbaşa təsir ehtimalı çox azdır.
“Yeni tektonik nəzəriyyəyə əsasən, Azərbaycanın müasir iri struktur elementləri və onlara müvafiq morfostrukturları Ərəbistan platformasının cənubdan şimala hərəkəti nəticəsində yer qabığının güclü sıxılması ilə əmələ gəlib. Bu proses sadə görünsə də, əslində olduqca mürəkkəbdir”.
Hüseynov qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ara-sıra hiss olunan 5-6 ballıq zəlzələlər əsasən Şimali Abşeron tektonik qırılması zonasında yaranan ani tektonik hərəkətlərdən irəli gəlir.
“Yaxın günlərdə güclü zəlzələ baş verəcəyi ilə bağlı proqnozların özünü doğrultma ehtimalı çox aşağıdır. Azərbaycan ərazisində yerləşən dərinlik qırılmaları, xüsusilə Qafqaz və Anti-Qafqaz istiqamətli tektonik qırılmaların kəsişdiyi yerlər isə yüksək seysmik aktivliyi ilə seçilir”.
Ekspert əhalini panikaya qapılmamağa və seysmik aktivliklə bağlı yalnız rəsmi mənbələrdən məlumat almağa çağırıb.
Aynurə İsmayıl
KONKRET.az