Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Valideynlərin əsas şikayətlərindən biri də övladlarının dərs yükünün çox olması ilə bağlıdır. Həm ibtidailər, həm də yuxarı sinif şagirdləri üçün dərslərin çoxluğu, məsələn; bir gündə riyaziyyat, kimya, biologiyanın keçirilməsi şagirdi həm zehni, həm fiziki yorur. Eləcə də ibtidai sinifdəki şagirdlərin dərslərinin çətinliyi, ev tapşırıqları ilə yüklənməsi, istirahətə vaxt qalmaması kimi problemlərin olması. Hələ bəzi müəllimlər subyektiv qərarları ilə uşaqlara əlavə dərs vəsaitləri və test kitabçaları aldırırlar. Hamısı da baha qiymətə.Dərs cədvəlində ağır fənlərin ard-arda olması uşaq üçün yük deyilmi?Dərsliklər uşaqlara kifayət etmirmi?Hər gün ev tapşırıqlarının çoxluğunun uşağa nə kimi müsbət, ya mənfi təsiri var?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, uşaqların artıq yüklənməsi ilə öyrənmə marağını azalda bilərik: “Haqlısınız. Valideynlərin ən çox dilə gətirdikləri məsələlərdən biridir. İbtidai siniflərdə dərs yükünün çoxluğu səbəbi ilə, uşaqların zehni və psixoloji inkişafı nəzərə alınmalıdır. Beyin yorulduqca, öyrənmə qabiliyyəti də aşağı düşür. Bu yaşda əsas məqsəd uşağa öyrənmə marağını aşılamaqdır. Uşağa ağır dərs materialı yükləməklə, onun öyrənmə marağını azalda bilərik. Yuxarı siniflərdə həqiqətən də bir gündə həm riyaziyyat, həm biologiya, həm kimya kimi ağır fənlərin üst-üstə düşməsi balanssızlıq yaradır. Bu da dərs cədvəllərinin düzgün tərtib olunmaması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində ağır və yüngül fənlər növbəli şəkildə paylanılır”.
Rizvan Fikrətoğlu
Təhsil eksperti qeyd edib ki, ev tapşırığı dərsin təkrarı və möhkəmləndirilməsi üçün verilməlidir: “Ev tapşırıqları əslində gündəlik dərsin təkrarı və möhkəmləndirilməsi üçün verilməlidir. Ancaq bəzi müəllimlər sanki əlavə dərs yükü yaradır. Bu isə şagirdin ailə ilə, idmanla, istirahətlə məşğul olma imkanını azaldır. Pedaqoji yanaşmaya görə ev tapşırığının norması var. Ev tapşırığı norması ibtidai siniflərdə 30-40 dəqiqə, yuxarı siniflərdə isə 1 saat yarım, 2 saatı keçməməlidir. Təəssüf ki, Azərbaycanda çox vaxt normadan artıq olur”.
Rizvan Fikrətoğlu vurğulayıb ki, dərslik dövlət tərəfindən təsdiqlənmiş proqram əsasında hazırlanır: “Əlavə vəsaitlərin alınması məsələsi də problemlərdən biridir. Əslində dərsliklərin özü kifayət etməlidir. Çünki bu dərslik dövlət tərəfindən təsdiqlənmiş proqram əsasında hazırlanır. Lakin bəzi hallarda dərslikdə tapşırıqların məhdudluğu və yaxud izahların yetərsizliyi müəllimləri əlavə vəsaitlərə yönəldir. Problemin digər tərəfi isə müəllimlərin bəzən subyektiv yanaşaraq məcburi şəkildə test kitabları, əlavə vəsaitlər aldırmasıdır. Bu da valideyn üçün maddi yükdür və təhsildə bərabərliyi pozur”.
Ekspertin sözlərinə görə, öyrənmə yalnız yazı və ya oxu ilə yox, həm də əyləncəli və yaradıcı üsullarla olmalıdır: “Dərs cədvəllərinin balanslı qurulması, yəni ağır və yüngül fənlərin günlərə düzgün bölünməsi həyata keçirilməlidir. Ev tapşırığına limit tətbiq olunmalıdır. Məktəblər bu məsələni nəzarət altında almalıdır. Müəllim özbaşına uşağı çox da yükləməməlidir. Əlavə vəsaitlər könüllü xarakter daşımalıdır. Yəni məktəb rəhbərliyi valideynlərdən məcburi kitab alınmasını qadağan etməlidir. İbtidai siniflərdə oyun metodları artırılmalıdır. Ümumi startegiyada isə tədris planları hazırlanarkən müasir uşaq psixologiyası nəzərə alınmalıdır. Çünki məqsəd daha çox dərs keçmək yox, daha yaxşı öyrətmək olmalıdır”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.