RU

Beynəlxalq İnvestisiya Forumunun ilk günündə imzalanmış sazişlərin ümumi dəyəri açıqlandı


"Forumun birinci günündə imzalanmış sazişlərin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıq olan bir məbləğə bərabərdir". Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazir vurğulayıb ki, bugünkü forumun həm iştirakçılarının sayına, keyfiyyətinə, həm dövlət sektoru, həm də korporativ iştirakçıların siyahısına nəzər saldıqda Azərbaycanda və Azərbaycanla biznesin həyata keçirilməsi üçün marağın hansı səviyyədə müşahidə edildiyinin şahidi oluruq:

"Bu, təsadüf deyil. Çünki həm siyasi nöqteyi-nəzərdən forum cənab Prezident İlham Əliyevin himayəsi altında həyata keçirilir, digər tərəfdən, Azərbaycanın getdikcə geoiqtisadi rolunun artmasının təzahürüdür.

Fürsətdən istifadə edərək, forumun keçirilməsində bütün tərəfdaşlara dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, ənənəvi bir tədbir olacaq. Hər il ilkin olaraq sentyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Coğrafiya olaraq da biz hədəfləyirik ki, həm ölkə iqtisadiyyatına, eyni zamanda regionumuzda olan iqtisadi əməkdaşlığa yönəlmiş bir ənənəvi tədbirə çevrilsin".

Nazir forumun birinci günündə imzalanmış bir sıra vacib sənədlərə də diqqəti cəlb edib:

"Onların arasında xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investorları tərəfindən həyata keçirilən daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulamaq istərdik. Bu, bir neçə milyard dollar investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, ölkəmizdə və yanlış xatırlamıramsa, bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri xatırlatmaq istərdim".

M. Cabbarov vurğulayıb ki, yalnız forumun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıq olan bir məbləğə bərabərdir: "Sabah forumun ikinci günündə bir sıra digər vacib sənədlər imzalanacaq. Onlar da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ölkə şirkətləri tərəfindən həyata keçirilən iqtisadi və investisiya layihələrini əhatə edəcək".

Избранный
5
1
baki-xeber.com

2Источники