RU

“Piyada həmişə haqlıdır” amma həqiqətənmi belədir?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Son illər yol-nəqliyyat xəbərlərində tez-tez eyni başlıqlara rast gəlirik: “Avtomobil piyadanı vurub öldürdü”, “Avtobus piyadanı vurdu”. Başlıq oxuyanda elə təəssürat yaranır ki, günah tamamilə sürücüdədir. Amma xəbərin içərisinə girib, videoya baxdıqda bəzən tamamilə fərqli mənzərə ilə qarşılaşırıq: qaydanı pozaraq yolu özbaşına keçən piyada, sürətini azaltmağa belə fürsət tapmayan sürücü…

Əslində, bu cür hallarda doğru ifadə bəlkə də belə olmalıdır: “Piyada avtobusu vurdu”. Çünki hadisəni baş verdirən səbəb piyadanın məsuliyyətsizliyi olur. Lakin bizdə köhnədən qalan bir yanaşma var: “piyada həmişə haqlıdır”.

Cəmiyyətimizdə piyada daha zəif tərəf kimi qəbul edilir. Sanki avtomobil sahibi həmişə güclüdür, buna görə də məsuliyyət onun üzərinə qoyulmalıdır. Media başlıqları da bu düşüncəni möhkəmləndirir. Halbuki yol hərəkəti qaydaları hər iki tərəf üçün bərabər məsuliyyət müəyyənləşdirib.

Yol hərəkəti qanunvericiliyində aydın şəkildə yazılıb ki, piyada yalnız piyada keçidindən, yeraltı və ya yerüstü keçidlərdən istifadə etməlidir. Qırmızı işıqda yola çıxmaq, avtomobil axınına fikir vermədən yolu keçmək ağır nəticələrə səbəb olur. Bu halda məsuliyyət təkcə sürücünün deyil, piyadanın da üzərindədir.

Mətbuatın yazdığı hər başlıq ictimai rəyi formalaşdırır. Əgər hər dəfə “maşın piyadanı vurdu” deyilsə, insanlarda belə bir təəssürat yaranır ki, sürücülər məsuliyyətsizdir, piyadalar isə zərərçəkmiş tərəf. Halbuki çox vaxt reallıq tam əksinədir. Düzgün informasiya verilmədikcə, bu yanlış münasibət dəyişməyəcək.

Yol hərəkəti iki tərəfli prosesdir. Həm sürücü, həm də piyada qaydalara əməl etməlidir. Piyada həmişə haqlı deyil, amma qaydaya əməl edəndə həmişə güvəndədir. Hər kəs məsuliyyətini dərk etməsə, yol qəzaları yalnız “avtomobil vurdu” kimi təqdim olunan, amma əslində “piyada özünü təhlükəyə atdı” gerçəkləri olaraq qalacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
bizimyol.info

1Источники