RU

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Artım, sənayeləşmə və dayanıqlı dəyər zəncirləri üçün tərəfdaşlıqlar: Gələcəyə hazır iqtisadiyyatların qurulması” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, investisiya və geoiqtisadiyyat üzrə tanınmış ekspert Metyu Stivensonun moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli sənayeləşmənin Azərbaycanın davamlı iqtisadi inkişafında rolu, xarici investisiyaların cəlbi üçün strateji siyasət çərçivələri, xüsusi iqtisadi zonalar və sənaye parklarının imkanları barədə məlumat verib. Nazir müavini çıxışında dəyər zəncirlərində şaxələndirmə və rəqəmsal inteqrasiyanın əhəmiyyətinə toxunub.

Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Macarıstan İxrac Təşviqi Agentliyinin baş direktoru və xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Katalin Bihari, Dünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının icraçı direktoru İsmayıl Erşahin, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə direktoru Alkis Vryenios Drakinos, "Danieli & C. Officine Meccaniche" şirkətinin maliyyə direktoru və idarə heyətinin üzvü Anna Mareschi Danieli, Harvard Growth Lab-in baş meneceri Tim Cheston, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) üzrə regional menecer Tomas Lubek, WAIPA-nın İcraiyyə Şurasının sədri və Qlobal Xüsusi İqtisadi Zonalar Alyansının təsisçisi Ceyms Can və “Bank Leumi”nin sabiq icraçı sədri Samer Hac-Yehia Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin sənaye artımı və regional iqtisadi inkişaf üçün həlledici rolu barədə fikirlər səsləndiriblər.

İştirakçılar regional əməkdaşlığın gücləndirilməsi, kiçik və orta bizneslərin inkişafı və ixrac imkanlarının genişləndirilməsi mövzularını müzakirə ediblər.

Sessiyanın sonunda bir sıra mühüm sənədlərin imzalanma mərasimi keçirilib.

Sessiya çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) sahəsində potensialın artırılmasına dair əməkdaşlıq sazişi imzalanıb.

Sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Dövlət özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lubek imzalayıblar. Sənəddə DÖT layihələrinin icrasını asanlaşdırmaq üçün strategiyanın hazırlanması və əməkdaşların potensialının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi, DÖT layihələrinin icrası strategiyasının hazırlanması, investisiya prosesinin nəzərdən keçirilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də DÖT layihələrinin seçilməsi və həyata keçirilməsi üçün sahəvi təlimatların hazırlanması kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "China Datang Overseas Investment Co." arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur. Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “China Datang Overseas Investment Co.” şirkətinin baş direktoru Yuanlong Zhou imzalayıblar.

“Improtex Group” şirkəti ilə MAN Truck & Bus şirkəti arasında Azərbaycanda elektrik avtobuslarının yığılması üzrə Müqavilə imzalanıb. Müqaviləni iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “Improtex Group”un prezidenti Füzuli Ələkbərov və "MAN Truck & Bus" şirkətinin nümayəndəsi imzalayıblar.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Müqaviləni AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqtisadi Forumunun beynəlxalq ticarət və investisiya siyasəti və icmalar üzrə rəhbəri Metyu Stivenson imzalayıblar.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə "ACWA Power" şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb Sənədi Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə üzrə baş meneceri Selim Güven imzalayıblar.

Избранный
10
5
xalqqazeti.az

6Источники