RU

Nazir: Bu günə qədər BTC ilə 540 milyon ton Azərbaycan nefti ixrac edilib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Bu günə qədər Azərbaycandan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına 540 milyon ton neft nəql edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.

"Bu günə qədər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına Azərbaycandan 540 milyon ton , Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft nəql edilib. Hazırda Mərkəzi Asiya ilə əməkdaşlıq birgə layihələr vasitəsilə daha da inkişaf edir", - P.Şahbazov qeyd edib.

O vurğulayıb ki, "yaşıl enerji" sahəsində tərəfdaşlıq ilk dəfə olaraq Qazaxıstan, Özbəkistan və Azərbaycanın enerji sistemlərini birləşdirməyə imkan verəcək ki, bu da ilk Transxəzər dəhlizinin reallaşdırılması və Mərkəzi Asiya və Cənubi Qafqazın "yaşıl keçid"in aparıcı regionlarına çevrilməsinə zəmin yaradacaq.

"Böyük potensiala malik Xəzər regionundan bərpa olunan enerjinin müxtəlif marşrutlarla Türkiyəyə və Avropa bazarlarına nəql edilməsi Azərbaycanın müasir enerji siyasətinin prioritet istiqamətidir", - nazir əlavə edib.

P. Şahbazov qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji" dəhlizləri və Ermənistanın da mümkün iştirakı ilə Azərbaycandan birbaşa marşrutlar üzərində iş aparılır ki, bu da Cənubi Qafqazı Türkiyə, Avropa və Mərkəzi Asiya ilə əlaqələndirməyə imkan verəcək.

"2032-ci ilə qədər quruda və dənizdə 6 GVt-dan çox günəş və külək enerjisi gücünün inkişaf etdirilməsi və Avropaya Xəzər-Qara dəniz "yaşıl enerji dəhlizləri"nin mərhələli tətbiqinə başlanılması nəzərdə tutulur", - o vurğulayıb.

P. Şahbazov xatırladıb ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 38 %-ə çatdırmağı planlaşdırır. "Yaxın iki ildə ümumi gücü təxminən 2 000 MVt və investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan 10 günəş və külək elektrik stansiyasının enerji sistemimizə inteqrasiyasını yekunlaşdıracağıq. 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 38 %-ə çatdırmağı gözləyirik", - nazir əlavə edib ki, bu tədbirlər Azərbaycanın "yaşıl enerji"nin əsas təchizatçısı və tranzit qovşağı kimi strateji mövqeyinin gücləndirilməsinə yönəlib.

"Hazırda dəniz elektrik stansiyalarının tikinti zonalarının müəyyən edilməsi üçün Xəzər dənizində ölçmə və monitorinq işləri aparılır, eləcə də bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq həyata keçirilir", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
bakivaxti.az

2Источники