Azərbaycanın bərpa olunan enerji üzrə resurs potensialı ölkənin daxili tələbatını xeyli üstələyir.
“İki sahil” xəbər verir ki, bunu "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Səlim Güvən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.
"Bunun sayəsində Azərbaycan nəinki öz tələbatını ödəyə, həm də əhəmiyyətli dərəcədə təmiz enerji ixracatçısına çevrilə bilir", - S. Güven bildirib.
O qeyd edib ki, bərpa olunan enerji əsas inkişaf istiqamətlərindən biridir və onun səmərəli istifadəsi bütün maraqlı tərəflərin birgə səylərini tələb edir.
"Azərbaycanın daxili tələbatı onun resurs potensialı qədər böyük deyil. Ona görə də yeni "yaşıl enerji" layihələrinin işə salınması üçün istər Qara dəniz, istərsə də Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Bolqarıstan, eləcə də digər ölkələr vasitəsilə Avropa ilə interkonnektorların inkişaf etdirilməsi vacibdir.
Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün çox vacibdir. Özbəkistan, Qazaxıstan və Azərbaycan artıq COP çərçivəsində Mərkəzi Asiya enerji potensialını Avropa bazarlarına çatdırmaqla bağlı saziş imzalayıblar. Bu, həyata keçirilməli olan strateji təşəbbüsdür", - S.Güven qeyd edib.
O əlavə edib ki, enerji və digər investisiya sektorlarında uğur vizyondan, liderlikdən və qarşıya qoyulan məqsədlərə sadiqlikdən asılıdır.
"Liderlik və dövlət qurumları arasında koordinasiya olmasa, layihələr çətinliklərlə üzləşməyə məhkumdur. Xoşbəxtlikdən, Azərbaycanda vəziyyət fərqlidir. Xüsusilə də bərpa olunan enerji sahəsində ölkə rəhbərliyi ən yüksək səviyyədə güclü öhdəlik nümayiş etdirir. Bu, həm bizim, həm də tərəfdaşlarımız üçün işləri xeyli asanlaşdırır: bizi həmişə dinləyirlər, dəstəkləyirlər, qapılar üzümüzə açıqdır. Bunun sayəsində layihələr real və uğurlu olur", - "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə rəhbəri vurğulayıb.