RU

Muradov Ermənistana səfərindən danışdı

Ermənistanda region ölkələrinin yaxınlaşmasına və regional platformaların yaradılmasına maraq var.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ermənistanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edən Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.

O, səfər təəssüratlarını bölüşərək tədbirin müsbət keçdiyini, hələ ki neqativ situasiya ilə qarşılaşmadığını vurğulayıb:

"Çox xoş haldır ki, ilk dəfə belə bir tədbirdə iştirak edirəm. Səfərimlə bağlı Ermənistan mediasından çox böyük maraq gördüm, hətta bu marağa görə jurnalistlərə geniş açıqlama verməli oldum. Özümə qarşı hələ ki hansısa gərgin bir yanaşma, münasibət hiss etməmişəm".

M.Muradov artıq Ermənistan rəsmilərinin ötürdükləri mesajların mahiyyətcə dəyişməsinə də diqqət çəkib:

"Məsələn, tədbirdə çıxış edən bəzi yüksək vəzifəli şəxslər – Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan, müdafiə naziri Suren Papikyan qeyd ediblər ki, Ermənistan Vaşinqton razılaşmasının məzmunundan çox razıdır. Onlar hesab edirlər ki, bu razılaşma qarşılıqlı şəkildə suverenliyə, ərazi bütövlüyünə hörmət kimi məsələləri tam əks etdirir və regionda yeni imkanlar yaradır. Ermənistan rəsmiləri ABŞ-nin, xüsusilə də prezident Donald Trampın rolunu çox müsbət qiymətləndirirlər".

Müsahib onu da əlavə edib ki, hazırda Ermənistanda ABŞ-nin yaxın gələcəkdə yolların tikilməsinə investisiya yatırması ilə bağlı gözlənti var:

"Digər mesajları isə Ermənistanın NATO standartlarına uyğunlaşması və peşəkar ordu istiqamətində irəliləməsi barədə idi. Bu isə o deməkdir ki, artıq əvvəlki kimi Azərbaycanla münaqişə niyyətləri yoxdur. Həmçinin region ölkələrinin yaxınlaşması və regional platformaların yaradılmasında maraqlıdırlar. Bu istiqamətdə belə səfərləri yüksək qiymətləndirirlər və müxtəlif səviyyələrdə daha sıx təşkil edilməsini istəyirlər".

M.Muradov səfəri çərçivəsində ona ünvanlanan provokativ suallardan da söz açıb:

"Səfərin müsbət tərəfləri ilə yanaşı, onu qeyd edə bilərəm ki, provokativ suallar hələ də verilir. Bunlar, əsasən, Qərbi Azərbaycan məsələsi və Bakıda məhkəməsi keçirlən erməniəsilli şəxslərlə bağlı olub. Həmçinin guya Azərbaycandan Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər olduğuna dair iddiaları var. Mən də çalışdım ki, həmin yanaşmaların həqiqəti əks etdirmədiyini göstərim. Ümumilikdə onu deyə bilərəm ki, hələ də mövqelərin tam yaxınlaşması üçün çox iş görülməlidir".

Избранный
18
3
axar.az

4Источники