RU

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirildi

BAKI, 23 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2025-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Sumqayıt Regional Mərkəzi tərəfindən “Sanitar manqa komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən "Yanğınsöndürmə manqalarının komandirləri", Aran Regional Mərkəzi tərəfindən “İctimai asayişin mühafizəsi manqa komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri” və “Yanğınsöndürmə manqa komandirləri”, Qarabağ Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə “Qəza-bərpa manqa komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Избранный
35
5
teleqraf.com

6Источники