RU

Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş - Alimlər təsdiqlədi

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış inanc təkzib olunub.

Milli.Az xəbər verir ki, bunu Niderlandda yerləşən Maks Plank Psixolinqvistika İnstitutunun alimləri müəyyənləşdiriblər.

Araşdırma Behavioral Genetics jurnalında dərc olunub.

Onlayn fəaliyyətlə narahatlıq və ya həyat məmnuniyyəti arasındakı əlaqə düşündüyümüzdən daha zəifdir və böyük ölçüdə genetik faktorlarla izah olunur.

Tədqiqatda Niderland İkizlər Reyestrindən 6,5 min nəfərin məlumatı istifadə edilib. Buraya üç mindən çox eyni cinsli əkiz cütlüyü də daxil idi. İştirakçılardan sosial şəbəkələrdə keçirdikləri vaxt, paylaşım tezliyi, hesab sayı və həyat keyfiyyətinə dair suallar soruşulub.

Nəticələr göstərib ki, sosial şəbəkələrdən istifadənin psixoloji rifahla əlaqəsi çox zəifdir. Məsələn, daha tez-tez paylaşım edənlərdə həyat məmnuniyyəti cüzi az olub, lakin təsir çox zəif dərəcədədir. Əsas fərqi isə məhz genetik amillər izah edib. Yəni müəyyən genlər həm sosial şəbəkə davranışlarını, həm də psixi xüsusiyyətləri formalaşdırmağa meyllidir.

Alimlər onu da aşkar ediblər ki, sosial şəbəkə vərdişlərinin özü də böyük ölçüdə irsi xarakter daşıyır: onlayn vaxt 72%, paylaşım tezliyi 54%, hesab sayı isə 32% hallarda genetik faktorlarla əlaqəlidir.

Tədqiqatın müəllifi, psixoloq Selim Sametoğlu bildirib: "Sosial şəbəkə istifadəsi ilə psixoloji rifah arasındakı əlaqə çox zəifdir və ümumiləşdirilmiş nəticələr çıxarmaq doğru deyil. Təsir daha çox fərdi xüsusiyyətlərdən, o cümlədən genetikadan asılıdır".

Maraqlıdır ki, "prosperitet", yəni həyatın mənalı və dolğun keçməsi hissi sosial şəbəkələrdə daha çox vaxt keçirən və daha çox hesabı olan insanlarda daha yüksək olub. Bununla belə, subyektiv xoşbəxtlik və ümumi həyat məmnuniyyəti aktiv istifadəçilərdə bir qədər aşağı qeydə alınıb.

Alimlər vurğulayırlar ki, bu nəticələr rəqəmsal mühitin zərərsiz olduğunu göstərmir, sadəcə hər kəsin sosial şəbəkələrə reaksiyası fərqli olduğu üçün universal nəticə çıxarmağın mümkün olmadığını sübut edir.

İsmayıl
Milli.Az

 
Избранный
1
1
milli.az

2Источники