“Dünyanın yenidən bölüşdürülməsi prosesinə start verilib”.
Politoloq Anar İsayev News365.az-a açıqlamasında bildirib ki, dünyada yeni geosiyasi nizamın formalaşdırılması prosesi artıq başlayıb və bu, müharibəsiz başa çatmır.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və Qəzzada baş verən hadisələr bu prosesin tərkib hissəsidir:
“Bu gün Qərb dövlətləri Ukraynanı dəstəkləyir, eyni zamanda, bəzi Avropa ölkələri Fələstin dövlətini tanımaqla İsrailə təsir göstərməyə çalışır. Düşünürəm ki, bu proses davam edəcək”.
Politoloq qeyd edib ki, dünyanın yenidən bölüşdürülməsində əsas pay sahibi olmaq istəyən dövlətlər mövcuddur:
“Burada Böyük Britaniya, Fransa, Almaniya və ilk növbədə ABŞ-ı qeyd etmək olar. ABŞ bu prosesin aparıcı qüvvəsi və əsas memarıdır. Digər dövlətlər də öz maraqlarını təmin etmək üçün təsir imkanlarından istifadə edirlər”.
Anar İsayev əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi də bu prosesin davamı kimi qiymətləndirilə bilər:
“Rusiyanın digər ölkənin ərazisinə daxil olub, onu öz suveren ərazisi kimi tanıtdırmaq istəyi artıq yeni bölgü prosesinin bir formasıdır. Bu, ərazilərin böyüdülməsi və dövlətlərin parçalanması istiqamətində atılan addımdır”.