RU

Azadlığınızın qədrini bilin!

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qonşu İranda qadınlar illərdi ki, hicaba, çadraya qarşı vuruşur, saçlarını gün işığına çıxarmağa çalışır, cəmiyyətin fəal kəsimi olmaq uğrunda mübarizə aparırlar. Bizdə isə öz xoşu ilə çadraya girən qadınlarımız çoxalmaqdadı. Başa düşürəm, bəzi qadınlar ətraflarındakı kişi xeylaqlarının təkidi ilə bunu edirlər, ancaq öz istəyi ilə çadraya girənlərimiz də az deyil. Ən kədərlisi isə sovet cəmiyyətində yaşamış qadınların təzədən bürünmək cəhdləridi. 

Yadınızdadırsa, 2022-ci il sentyabrında 22 yaşlı iranlı Məhsa Əmini "əxlaq polisi” tərəfindən hicab qaydalarını pozmaqda günahlandırılaraq saxlanıldı və bir neçə gün sonra müəmmalı şəkildə həyatını itirdi. Onun ölümü İranda və ölkə hüdudlarından kənarda görünməmiş etiraz dalğasına səbəb oldu. "Qadın, həyat, azadlıq!” şüarı altında başlayan bu hərəkat son onilliklərin ən  genişmiqyaslı xalq üsyanına çevrildi.

Beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, 2022-ci il aksiyaları zamanı ən azı 551 nəfər, o cümlədən 68 uşaq öldürülüb, minlərlə insan həbs olunub, 12 nəfər isə edam edilib. Hökumətin sərt reaksiyasına baxmayaraq, etiraz hərəkatı tamamilə yatırılmayıb və bu gün də müxtəlif formalarda davam edir.

Son üç ildə İran hakimiyyəti qadınlara təzyiqi artırmaq üçün müxtəlif vasitələrə əl atıb: cərimələr, SIM-kartların bloklanması, bank hesablarının dondurulması, nəqliyyat məhdudiyətləri, avtomobillərin müsadirəsi... Lakin hökumətin sərt tədbirləri heç bir nəticə vermədi, əksinə, İran şəhərlərində qadınların ictimai yerlərdə hicabsız görünməsi artıq, adi mənzərəyə çevrilib.

Məhsa Əmininin ölümünün üçüncü ildönümünü təkcə İranda yox, dünyanın müxtəlif ölkələrində də müxtəlif tədbirlərlə keçirirlər. Ötən həftə ərzində İsveç, İsveçrə, Niderland, Böyük Britaniya, Danimarka, Almaniya, Kipr, Kanada və ABŞ-da yaşayan iranlı icmaları kütləvi aksiyalar təşkil edib. Sidneydə isə nümayişçilər Avstraliya hökumətini İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağırıblar. 

Eyni zamanda, 2017, 2019 və 2022-ci illərdə siyasi motivlə öldürülən və yaralananların ailələri dünya liderlərinə açıq məktub ünvanlayaraq, "islam keşikçiləri” korpusunun terror təşkilatı elan edilməsini, Tehranla diplomatik və iqtisadi əlaqələrin kəsilməsini, sərt sanksiyaların tətbiqini tələb ediblər. Müraciətdə qeyd olunub ki, iranlıların mübarizəsi təkcə azadlıq uğrunda deyil, həm də dünya təhlükəsizliyi naminə davam edir. 

İranda isə hakimiyyətin daxili parçalanmadan  ehtiyatlanması aydın görünür. Ona görə də prezident Məsud Pezeşkianın hökuməti bir sıra "yumşaq” addımlar atmağa məcbur qalaraq, 1979-cu ildən konstitusiyada əks olunan "hicab və ismət” qanununu ləğv etdi. Bir zamanlar küçələrdə qorxu saçan "əxlaq patrulları” artıq gözə dəymir. Buna baxmayaraq, ölkədə hələ də qadınlara qarşı polis basqısı və inzibati təzyiq üsulları qalmaqdadır. 

Azadlığınızın qədrini bilin, əziz Azərbaycan xanımları! 

Murad Köhnəqala

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
qaynarinfo.az

1Источники