RU

D vitamini çatışmazlığının ağıl sağlamlığına təsiri

Archives of General Psychiatry jurnalında dərc edilən araşdırma göstərir ki, D vitamini çatışmazlığı psixi sağlamlıq pozğunluqlarını daha da gücləndirə bilər.

E-saglam.az xəbər verir ki, depressiyanın ümumi əlamətləri arasında enerji itkisi, diqqət dağınıqlığı və həyatdan həzzin azalması yer alır. Maraqlıdır ki, bunlar həm də D vitamini çatışmazlığının tipik göstəriciləri ola bilər.

Tədqiqatçılar bildirirlər ki, kifayət qədər D vitamini qəbul etməmək depressiya riskini artırır və mövcud psixi pozğunluqları dərinləşdirə bilər. Dünya əhalisinin təxminən yarısında D vitamini çatışmazlığı olduğu təxmin edilir. Çünki bu vitamin əsasən günəş işığının təsiri ilə dəridə sintez olunur və xüsusilə qış aylarında, günəşin az olduğu bölgələrdə yaşayanlarda səviyyə aşağı düşür.

1,282 nəfər üzərində araşdırma

Tədqiqatda iştirak edən 1,282 nəfərin bir hissəsinə depressiya diaqnozu qoyulmuşdu. Ölçmələr göstərib ki, həm yüngül, həm də ağır depressiyadan əziyyət çəkənlərdə qandakı D vitamini səviyyəsi orta hesabla 14 faiz aşağıdır.

Mütəxəssislər vurğulayıblar ki, depressiya ilə D vitamini çatışmazlığı arasında qarşılıqlı təsir ola bilər. Depressiyadan əziyyət çəkən şəxslər açıq havada daha az vaxt keçirir və bu, vitamin çatışmazlığını gücləndirir. Digər tərəfdən, aşağı D vitamini səviyyəsi də depressiyanın inkişafına səbəb ola bilər.

Araşdırma həmçinin iştirakçıların yarısına yaxınında D vitamini çatışmazlığı olduğunu ortaya qoyub: kişilərdə 38,8 faiz, qadınlarda isə 56,9 faiz.

D vitaminini necə almaq olar?

D vitamini bədən üçün həyati əhəmiyyət daşıyır və onun əsas mənbəyi günəş işığıdır. Yay aylarında qısa müddət günəşə çıxmaq əksər insanlar üçün kifayət edir. Bundan əlavə, yağlı balıqlar (somon, sardina, skumbriya), yumurta sarısı, süd və süd məhsulları, həmçinin zənginləşdirilmiş taxıllar da yaxşı mənbə sayılır.

Qışda günəş işığının azalması və qida qəbulunun kifayət etməməsi səbəbindən əlavələrə ehtiyac yarana bilər. Yetkinlər üçün gündəlik tövsiyə olunan qəbul təxminən 10 mikroqramdır. Lakin dəqiq dozanı müəyyənləşdirmək üçün qan analizi vermək və həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
4
e-saglam.az

1Источники