Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bunu Tehranda səfərdə olan baş nazirin müavini Şahin Mustafayevlə görüşündə İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Fərzanə Sadiq bildirib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda nəqliyyat və gömrük məsələlərinin həlli üçün birgə işçi qrupu yaradılacaq. Bundan əlavə, Kəlal-ə-Ağbənd körpüsünün və sərhəd terminalının tikintisi Novruz bayramına qədər tamamlanacaq və Kəlal-e-Culfa yolunun genişləndirilməsi planlaşdırılır.
Görüşdə, həmçinin müştərək neft yataqlarının işlənilməsi, Naxçıvanla qaz mübadiləsi sazişinin genişləndirilməsi, Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli, üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı məsələləri müzakirə olunub.