Payızda xəstəxanalara müraciətlərin sayı artır. Bunun əsas səbəbi temperatur və atmosfer təzyiqinin dəyişməsi, gündüz saatlarının qısalması və orqanizmin əlavə stressə məruz qalmasıdır.
E-saglam.az xəbər verir ki, Gemotest laboratoriyasının həkimi, mütəxəssis Olga Ulankina bildirib ki, hava dəyişikliyi və yay tətilindən sonra işə qayıdış insan bədənində əlavə yüklənməyə səbəb olur.
Pediatr və ümumi həkim Elena Aleksentseva isə vurğulayıb ki, xroniki xəstəlikləri olan insanlar – xüsusən də ürək-damar problemləri, hipertoniya və koronar ürək xəstəliyindən əziyyət çəkənlər – payız aylarında daha həssas olurlar. O, sağlamlığın qorunması üçün gündəlik rejimə əməl etməyi və bərpa üçün kifayət qədər vaxt ayırmağı tövsiyə edib.
Həkimlərin sözlərinə görə, payızda ən çox kəskinləşən xəstəliklər bunlardır:
Tənəffüs yolu infeksiyaları (SARS, qrip və s.) – Soyuq və rütubət immuniteti zəiflədir, viruslara yoluxma riskini artırır.
Mövsümi allergiyalar – Xüsusilə küf göbələkləri və toz gənələrinə qarşı həssaslıq yüksəlir.
Mədə-bağırsaq problemləri – Daha ağır qidalanma, stress və emosional gərginlik həzm sistemini zəiflədir.
Oynaq xəstəlikləri (artrit, artroz) – Soyuq və rütubət iltihablı prosesləri gücləndirir.
Mövsümi depressiya (“payız melanxoliyası”) – Günəş işığının azalması melatonin və serotonin istehsalını pozur, immuniteti zəiflədir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu amillər digər xroniki xəstəliklərin də kəskinləşməsinə şərait yarada bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az