RU

“AZƏRBAYCAN QAFQAZDA DOMİNANT OYUNÇU KİMİ ORTAYA ÇIXIB” “Putinə verilmiş vədləri pozmaq istəyirsinizsə...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Tomas de Vaal: “Ağ Evdə imzalanan razılaşmalar Cənubi Qafqaz üçün tarixi əhəmiyyət daşıyır”

Amerikanın “Carnegie” Fondunun əməkdaşı və Cənubi Qafqaz üzrə tanınmış britaniyalı ekspert Tomas de Vaal bildirib ki, 8 avqustda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan razılaşmalar bölgə üçün tarixi əhəmiyyət daşıyır.

“AzPolitika” bildirir ki, De Vaal bu mövzuda geniş məqaləsini “Foreign Affairs” jurnalında dərc edib. Ekspert qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp bu görüşü qəbul edərkən onu “tarixi sülh sammiti” adlandırıb.

Təhlilçi yazır ki, razılaşma həm də diplomatik baxımdan xüsusi əhəmiyyətlidir, çünki tərəflər Rusiyanın – Cənubi Qafqazda ənənəvi regional hegemonun vasitəçi rolunu istəməyiblər. De Vaal ironik şəkildə vurğulayır: “Putinə verilmiş vədləri pozmaq istəyirsinizsə, bunu Ağ Evdə etmək uyğun yerdir”.

De Vaal xatırladır ki, Ağ Evdə imzalanan sənədlərin əsasını “Tramp marşrutu” – Zəngəzur dəhlizi təşkil edir. Bu razılaşma, 2020-ci il 10 noyabr tarixli sazişi əvəz edir və indi artıq Rusiyanın nəzarəti altında deyil. Bununla, Cənubi Qafqazda güc balansı dəyişir və regionda yeni reallıqlar formalaşır.

Ekspert bildirir ki, razılaşma ABŞ üçün yalnız kommersiya maraqlarını təmin etmir. Davamlı sülh sazişi həm də Trampın qlobal sülh təşəbbüskarı imicini gücləndirir. De Vaal qeyd edir ki, həm Azərbaycan, həm də Ermənistan Moskvanın təsirindən azad olmaq istəyir və Trampın təşəbbüsü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

De Vaal vurğulayır ki, razılaşmanın uğurla həyata keçirilməsi üçün ABŞ Transsərhəd Əməkdaşlıq Sazişi (TRIPP) çərçivəsində fəaliyyətini davam etdirməli, müharibə səbəbindən bağlanmış yolları yenidən açmalı və Azərbaycan, Ermənistan və Türkiyə ilə birgə Şərq-Qərb nəqliyyat zəncirini inkişaf etdirməlidir. Bu, “Tramp yolunu” sadəcə lokal layihə deyil, beynəlxalq magistral edəcək.

Ekspert qeyd edir ki, AB Cənubi Qafqaza Vaşinqtondan daha çox investisiya qoyur və onun dəstəyi sülhün qorunması üçün həlledici olacaq.

De Vaal yazır ki, Moskva ABŞ-nin vasitəçiliyi ilə Bakı və İrəvanın yaxınlaşmasının uğursuz olmasını istəyir. Lakin Vaşinqton və Avropa tərəfdaşları prosesdə iştirak etməyə davam edərsə, Cənubi Qafqaz uzun illər davam edən münaqişələr dövründən çıxa bilər.

Təhlilçi əlavə edir ki, həm Rusiya, həm də İran sazişin həyata keçirilməsinə mane ola biləcək güclərdir. Xüsusilə Moskvanın reaksiyası soyuq və ehtiyatlı olsa da, bu onun razılaşmadan məmnun olduğu anlamına gəlmir. Əgər tərəflər əsas detallarda razılığa gələ bilməsə və proses uzansa, Moskva və Tehran sazişi diskreditasiya etməyə və ya Tramp prezidentliyinin sonunda pozmağa çalışa bilər.

De Vaal vurğulayır ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda dominant oyunçu kimi ortaya çıxıb. İlham Əliyev Rusiyanın təsirinə qarşı daha ehtiyatlı davranır və Moskvanın yeni regional nizamlamaya qarışmasına imkan vermək niyyətində deyil.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə bağlı tarixi asılılığı qırmaq üçün ciddi addımlar atır. Buraya rusiyapərəst erməni kilsəsinə və Samvel Karapetyan kimi biznes nümayəndələrinə qarşı tədbirlər daxildir.

De Vaal qeyd edir ki, Paşinyanın Moskva tərəfdarı olan strukturlara qarşı mövqeyi göstərir ki, Ermənistan artıq Rusiyanın təsirindən asılı olmamağa hazırdır. Bu, həm də iki liderin sülh sazişinə yaxınlaşmasının əsas səbəblərindən biridir.

Ekspert hesab edir ki, Trampın vasitəçiliyi və dəstəyi həm Bakıya, həm də İrəvana Moskvaya qarşı daha qətiyyətli mövqe tutmaq imkanı verib. De Vaal vurğulayır ki, Tramp yalnız öz adı ilə Zəngəzur dəhlizini təşviq etməklə kifayətlənməməli, həm də ənənəvi diplomatik vasitələrə investisiya qoyaraq bölgədə davamlı sülhün təmin olunmasına çalışmalıdır.

Beləliklə, Tomas de Vaal hesab edir ki, Ağ Evdə imzalanan razılaşmalar Cənubi Qafqaz üçün tarixi əhəmiyyət daşıyır, lakin onun uğuru ABŞ və Avropa tərəfdaşlarının aktiv iştirakı, həmçinin region ölkələrinin konstruktiv əməkdaşlığından asılı olacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
azpolitika.info

1Источники