RU

Azərbaycanın suverenliyinin təntənəsi: 19–20 Sentyabr antiterror əməliyyatının iki illiyi

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar səhifə açdı. Yalnız 23 saat davam edən bu qətiyyətli əməliyyat nəticəsində separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi bərpa olundu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış bu əməliyyat həm hərbi qüdrətimizin, həm də xalqımızın milli iradəsinin təntənəsi oldu. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan xalqı “heç vaxt bu vəziyyətlə barışmadı və imkan vermədi ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaldaraq Azərbaycan xalqına tarixi müraciət etdi. Dövlət başçısı vurğuladı ki, düz 20 il əvvəl xalqa verdiyi andı — Azərbaycanın ərazi bütövlüyünü qorumaq və Bayrağımızı işğal olunmuş bütün torpaqlarda qaldırmaq vədini — artıq şərəflə yerinə yetirmişdir.

Prezident İlham Əliyev cənablarının Xankəndi şəhərində 15  oktyabr 2023-cü il  tarixi çıxışında vurğuladı ki, Azərbaycanın güclü iqtisadiyyatı və ordusu müstəqilliyin əsas dayağıdır, Qələbə şəhidlərin qanı bahasına qazanılıb, 19–20 sentyabr əməliyyatı labüd idi və Azərbaycan xalqı bu tarixi Zəfərlə həmişə fəxr edəcəkdir.  

Xankəndidə ucaldılan Bayraq təkcə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı deyil, həm də xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin yekun qələbəsi idi. Bu, həm də Xocalı soyqırımı qurbanlarının ruhunu şad edən, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdış yolunu açan tarixi ədalət idi.

Azərbaycan xalqı bu zəfəri qətiyyət, səbr, milli birlik və dövlət-xalq həmrəyliyi sayəsində əldə etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan xalqı öz ləyaqətini bərpa etdi, tarixi ədaləti bərpa etdi”.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi şəhərlərdə yeni həyat başlanır. Dövlətimizin “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, Azərbaycan Bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanır.

Bu gün biz bu qələbənin ikinci ildönümünü qeyd edərkən qürurla deyirik:
 

Qarabağ Azərbaycandır!

Azər Süleymanov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Избранный
1
3
yeniazerbaycan.com

4Источники