RU

Yeni təhdid, yoxsa... Rusiya Yeni START ı davam etdirəcəkmi? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu Rusiyanın arxasında heç bir gerçəklik dayanmayan, təhdid xarakterli növbəti alətidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Moskvanın ABŞ ilə 2010-cu ildə imzalanmış və gələn ilin fevralında başa çatacaq "Yeni START" nüvə sazişinin müddətinin bitməsindən sonra da daha bir il müddətinə nüvə silahları məhdudiyyətlərinə əməl edəcəyi barədə bəyanatını şərh edərkən deyib.

"Söz və edə biləcəkləri bitən yerdə hər zaman nüvə aləti dövriyyəyə girir. Bu Rusiyanın siyasətidir. Ukraynada yay əməliyyatı tamamilə fiaskoya uğrayan Rusiya Avropa ölkələrinə qarşı hibrid müharibəyə başlamaqla prosesi kompensasiya etmək və Kiyevə yardım edən dövlətləri təhdid etməklə bu yardımdan imtina etmək və həmin ölkələrdəki əhalini hakimiyyətləri əleyhinə etirazlara qaldırmağa çalışırdı", deyə ekspert əlavə edib.

Politoloq qeyd edib ki, nüvə alətinin təhdid aləti kimi yenidən dövriyyəyə buraxılması da Rusiyanın bu istiqamətdə atdığı növbəti mərhələdir:

"Çünki Avropaya dronların göndərilməsi, Estoniya ərazisinin pozulması Qərb dünyasını qorxutmadı. Əksinə, daha ciddi addımların, dronlar əleyhinə yeni avadanlıqların dərhal istehsalı və tətbiqi, NATO-nun şərq cinahının möhkəmləndirilməsi, Baltikyanı ölkələrdə hərbi təlimlərin başlaması kimi hadisələr göstərdi ki, Qərb Moskvanın təhdidlərindən çəkinmir. Ona görə də bu dəfə nüvə aləti dövriyyəyə buraxıldı". 

Ekspert deyib ki, Kremlin belə bir alətdən istifadə etməsi müəyyən mənada hər zaman işə yarayıb:

"Bayden dövründə nüvə təhdidi ortaya çıxanda bu ABŞ və bəzi Avropa ölkələri üçün çəkindirici xarakter daşıdı. Putin Tramp adminstrasiyasının da bu məsələyə həssas olduğunu bildirir. Rusiya strateji silahların məhdudlaşdırılması ilə bağlı ABŞ-la imzalanan müqavilələri heç zaman icra etməyib. İndi də bəlli olur ki, nə orta, nə uzaq mənzilli raketlərin ləğvi, nə də ki, istifadə etməmək kimi öhdəliklər heç zaman yerinə yetirilməyib. 1994-cü ildə Budapeşt Memorandumu ilə Ukraynaya təhlükəsizlik təminatı verən Rusiya işğala başladı. Bu müharibədə Moskva qitələrarası balistik və hipersəs raketlərdən də istifadə edib". 

Buna əsasən də həmsöhbətimiz düşünür ki, nüvə məsələsilə bağlı 2010-cu il müqaviləsindən irəli gələn öhdəlikləri Putinin daha bir il uzatması məsələsi sadəcə Qərbi, ABŞ-ı təhdid edib, bu kontekstdə yeni müqavilənin imzalanması üçün danışıqlara başlamaq kimi bir görüntü ortaya qoyub, bununla növbəti dəfə zaman qazanmağa hesablanıb:

"Bu istiqamətdə ABŞ-la danışıqlar aparmaqla prosesi öz lehinə çevirməyə çalışır. Rusiyanın nüvə silahlarını məhdudlaşdırmaq, ləğv etmək fikri olmayıb və indi də onlar bu fikirdə deyillər. Putinin hakimiyyətdə qalması müharibənin davam etməsindən asılıdır. Ona görə də o, müharibəni dayandırmayacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ ilə 2010-cu ildə imzalanmış və fevralda başa çatacaq "Yeni START" nüvə sazişinin müddətinin bitməsindən sonra da daha bir il nüvə silahları məhdudiyyətlərinə əməl edəcəyini bəyan edib. Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə qeyd edib ki, "Yeni START” sazişinin dayandırılması qlobal sabitliyə mənfi təsir göstərəcək. 

Xatırladaq ki, 2010-cu ildə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev tərəfindən imzalanan "Yeni START” müqaviləsi hər iki ölkəni 1550 yerləşdirilmiş nüvə başlığı və 700 yerləşdirilmiş raket və bombardmançı təyyarə ilə məhdudlaşdırır. Həmin müqavilənin müddəti isə 2026-cı ilin fevralında başa çatır. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
qaynarinfo.az

1Источники