RU

Ölkəmizin iqtisadi potensialı BMT dialoqlarında

Dövlət başçısının Nyu-York gündəliyində şaxələndirmə və innovativ infrastruktur müzakirələri

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycanın dünyada artan nüfuzunun və çoxtərəfli diplomatiyada fəal mövqeyinin canlı ifadəsidir. ABŞ-ın aparıcı maliyyə qurumları, qlobal korporasiyaları və yüksək texnologiyalara yönəlmiş şirkətləri ilə keçirilən görüşlərin qarşı tərəfin müraciəti əsasında reallaşması faktı Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin, ölkəmizə olan inamın parlaq göstəricisidir. Strateji investisiya layihələrinin müzakirəsi, onun şaxələndirilməsi, innovativ texnologiyaların tətbiqi, qabaqcıl idarəetmə modellərinin gətirilməsi və infrastrukturun yenilənməsi üçün geniş üfüq açan görüşlər ölkəmizin beynəlxalq əməkdaşlıq xəritəsindəki mövqeyinin daha da möhkəmlənməsinə xidmət edən tarixi addımdır.

Dövlət başçısının Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşü olduqca böyük önəm kəsb edir. Söhbət zamanı Brüs Flətt 2023-cü ildə Azərbaycana səfəri zamanı ölkəmizdə əldə olunan iqtisadi uğurların və sürətli inkişafın onda dərin təəssürat yaratdığını qeyd edib. Görüş zamanı Azərbaycanın bərpa olunan enerji potensialı və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Brookfield Asset Management” şirkəti 1899-cu ildə yaradılıb və idarə etdiyi aktivlərin ümumi həcmi, təxminən 1 trilyon ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Kanadanın Toronto şəhərində yerləşir və 30-dan çox ölkədə, müxtəlif sektorlar üzrə 2 min 500-dən çox aktiv idarə olunur. Təxminən 2 min institusional investor–suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə qurumlar şirkətə sərmayə yatırır. Regionlar üzrə aktivlərin payı isə ABŞ-da 550 milyard, Avropa və Orta Şərqdə 230 milyard, Asiya-Sakit Okeanda 152 milyard, Kanadada 66 milyard, Cənubi Amerikada 61 milyard ABŞ dolları səviyyəsindədir. Bərpa olunan enerji sahəsində də perspektiv böyükdür. 1999-cu ildən etibarən hidroportfeldən istifadə edərək bərpa olunan enerji sahəsini genişləndirib. 2017-ci ildən sonra qlobal səviyyədə ən böyük operatorlardan birinə çevrilib. İdarə olunan bərpa olunan enerji gücü təxminən 43 qiqavat işlək və 227 qiqavat inkişaf xətti həcmi səviyyəsində qiymətləndirilir.

Yeri gəlmişkən, ARDNF 2019-cu ildən həmin şirkətlə strateji tərəfdaşlıq qurub və müxtəlif fondlara cəmi 660 milyon ABŞ dolları səviyyəsində sərmayə yatırılıb. Bu əməkdaşlıq bərpa olunan enerji, logistika, telekom, data mərkəzləri, təhsil və infrastruktur sahələrində layihələrin reallaşmasına imkan yarada bilər.

Prezident İlham Əliyevin “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşündə də bir sıra məsələlər müzakirə olunub. Söhbət zamanı Azərbaycanla şirkət arasında mövcud əməkdaşlıq, gələcək inkişaf imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, şirkət aparıcı qlobal investisiya koorperasiyası kimi tanınır. Hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bu vəsaitin 140 milyard dolları alternativ investisiyalara yönəldilib. 26 ölkədə ofisləri olan “Neuberger Berman” səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhmlər kimi aktiv növləri üzrə investisiyalar həyata keçirir. “Nord Anglia Education”, “Solenis” kimi yatırımlar şirkətin portfelində önəmli yerə sahibdir. “Neuberger Berman” digər investorlarlardan ibarət olan konsorsiuma rəhbərlik edərək dünyanın 30 ölkəsində yerləşən və təxminən 80-100 məktəbdən ibarət qlobal “K-12” məktəblər qrupunda paya sahibdir.

“Neuberger Berman” ilə ARDNF-in strateji əməkdaşlığı 2016-cı ildən etibarən başlanıb. Xüsusi idarəetmə mandatı çərçivəsində ARDNF tərəfindən müxtəlif tranşlar vasitəsilə, ümumilikdə, təxmini 600 milyon ABŞ dolları sərmayə qoyulub. “Neuberger Berman” əsasən informasiya texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları və səhiyyə sahələrinə yatırımlar edir. Bu sahələrdə əsasən mühüm trendlərdən fayda gözləyən şirkətlərə investisiya qoyuluşu müxtəlif makro-iqtisadi şəraitlərə dayanıqlılığını təmin edir. 

Dünyanın ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Blackstone”un prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüş də dövlət başçısının Nyu-York səfəri çərçivəsində baş tutub. Conatan Qrey çıxışında vurğulayıb ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar və dinamik inkişaf beynəlxalq investorlar üçün yeni imkanlar açır. O, “Blackstone”un Azərbaycanla, xüsusilə də Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının daha da genişlənməsində maraqlı olduqlarını bildirib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitinə yüksək dəyər verdiyini qeyd edib.

Təsadüfi deyil ki, 1985-ci ildə yaradılan “Blackstone” bu gün alternativ investisiyalar üzrə dünyanın ən güclü maliyyə menecerlərindən biri hesab olunur. Şirkət özəl səhm, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri və bərpa olunan enerji sahələrində, ümumilikdə, 1,2 trilyon ABŞ dolları həcmində aktivlər idarə edir. Bu göstərici dünya ümumi daxili məhsulunun bir faizindən çoxuna bərabərdir və bir sıra dövlətlərin iqtisadiyyatından daha böyük həcmə malikdir. Minlərlə institusional investorun – suveren fondların, pensiya fondlarının, sığorta şirkətlərinin və nüfuzlu universitetlərin maliyyə resurslarını, eyni zamanda, milyonlarla fərdi sərmayəçinin vəsaitlərini idarə edir. Başqa sözlə, yüz milyonlarla insan uzunmüddətli yığımlarının idarəsini “Blackstone”a etibar edib.

 Şirkət bu gün dünyada 12 minədək daşınmaz əmlaka sahibdir. 2023-cü ildə “Blackstone Real Estate Partners X” fondu 30,4 milyard dollar toplayaraq tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. 2007-ci ildə isə “Hilton” hotellər şəbəkəsinin 26 milyard dollara alınması hotel biznesində ən iri əməliyyatlardan biri olub. Logistika sahəsində isə “Link Logistics” platforması 46 milyon kvadratmetr anbar və logistika mərkəzi idarə edir. Bu göstərici Polşanın bütün logistika gücünə paralel hesab edilir. Şirkət həmçinin 2022-ci ildə Avropanın ən böyük şəhərdaxili logistika platforması “Mileway”i 21 milyard avro dəyərində rekapitalizasiya edərək tarixdə ən iri özəl daşınmaz əmlak əməliyyatına imza atıb. Bundan başqa, 2018-ci ildə 20 milyard dollarlıq sazişlə “Thomson Reuters”-in “Maliyyə və Risk” bölməsində tərəfdaşlıq yaradılaraq “Refinitiv” brendi formalaşdırılıb. Bu gün “Refinitiv” maliyyə məlumat bazarında ən çox istifadə olunan qlobal platformalardan biridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “Blackstone” arasında əməkdaşlıq 2015-ci ildən başlayıb. Bu müddət ərzində ARDNF şirkətin idarə etdiyi daşınmaz əmlak və özəl səhm fondlarına 1 milyard dollardan artıq sərmayə yatırıb. Bu investisiyalar Şimali Amerika, Avropa və Asiya regionlarını əhatə edir.

Dünyanın iqtisadi nəhənglərinin rəhbərlərinin müraciəti ilə keçirilən görüşlərin arxasında bir sıra mühüm səbəblər dayanır. Azərbaycanın Cənubi Qafqazda sabitlik mərkəzi rolunu uğurla yerinə yetirməsi ilə yanaşı, ölkəmizin nəqliyyat arteriyaları üçün beynəlxalq hab funksiyası xüsusi əhəmiyyət daşıyır. Digər mühüm amil isə Azərbaycanın qlobal miqyasda etibarlı enerji təminatçısı statusuna sahib olmasıdır. Avropanın aparıcı enerji tərəfdaşlarından biri olan Azərbaycan müəllifi olduğu sabit mühit sayəsində həm də sərmayələrin cəlb olunmasını asanlaşdırır. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004–2024-cü illər ərzində ölkə iqtisadiyyatına 344,4 milyard ABŞ dolları həcmində investisiya yatırılmış, onun 213,2 milyard ABŞ dolları isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Bu göstəricilər Azərbaycanın iqtisadi dayaqlarının gücünü və strateji mövqeyinin əhəmiyyətini bir daha təsdiqləyir. Yatırımların davamlı artması ölkəmizin inkişaf perspektivlərini daha da möhkəmləndirir. Beləliklə, Azərbaycan həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş və investisiya mərkəzi kimi öz mövqeyini möhkəmləndirir.

Nurlan ABDALOV
XQ

 

Избранный
27
1
xalqqazeti.az

2Источники