RU

Nyu Yorkda sinxron açıqlama: Qafqazda sülhə doğru önəmli addım

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Ermənistan arasında münasibətlər hazırda tarixin ən mühüm dönüş anlarından birini yaşayır. İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu, bölgədə uzun illər davam edən işğal siyasəti tarixə qovuşdu. Bu, təkcə hərbi-siyasi qələbə deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranması demək idi. İndi söhbət müharibə, münaqişə və eskalasiyadan yox, sülhdən, qarşılıqlı etimadın bərpasından və gələcək əməkdaşlıqdan gedir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, əsas məqsəd Ermənistanla dayanıqlı sülh əldə etmək, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi imzalamaq, kommunikasiyaları açmaq və regionda sabitliyi təmin etməkdir. Eyni zamanda, rəsmi İrəvan da sülh sazişinin imzalanmasında maraqlıdır. Buna baxmayaraq, Ermənistanda hələ də daxili siyasi ziddiyyətlər, revanşist qüvvələrin təzyiqləri və xaricdəki bəzi dairələrin təsiri bu prosesə mane olur. Nikol Paşinyanın sülhə dair açıqlamaları daxildə radikal müxalifət tərəfindən “xəyanət” kimi qələmə verilir. Amma zaman göstərir ki, Azərbaycanın iradəsi, regional inteqrasiyanın labüdlüyü və ABŞ, Türkiyə və Avropa İttifaqı kimi böyük güclərin maraqları bu istiqamətdə geriyə yol qoymur. Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı səviyyəsi sülhə ümidlər verir. 

Müharibəni udan Azərbaycanın sülhü qazanmasına gedən yol heç də hamar olmadı. Savaşdan sonrakı ilk dövrləri, xüsusilə 2020–2021-ci illəri “ziddiyyətli ritorika dövrü” adlandırmaq doğru olar. Çünki müharibədən dərhal sonra Ermənistan hakimiyyəti ziddiyyətli mövqedə idi. Bir tərəfdən Paşinyan təslim aktını imzalayan lider kimi öz xalqı qarşısında izahat verməli idi. Digər tərəfdən, daxildəki revanşist qüvvələrin təzyiqi onu sərt ritorika saxlamağa məcbur edirdi. Bu səbəbdən İrəvan bir gün “sülh”dən, ertəsi gün isə “Qarabağın statusu”ndan danışırdı. 

Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Ermənistanın manevr imkanları məhdudlaşdı. Moskvanın zəifləməsi fonunda Paşinyan Qərbə meyil göstərməyə çalışdı. Brüssel formatı, Aİ vasitəçiliyi ilə aparılan danışıqlar gündəmə gəldi. Amma bu mərhələdə də Ermənistanın mövqeyi qeyri-müəyyən idi: İrəvan həm sülhdən danışır, həm də Qarabağdakı separatçıları dəstəkləməkdə davam edirdi. Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq arenada artan nüfuzu belə ikili oyuna imkan vermirdi. Ölkəmiz 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatı ilə separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoydu. “Qarabağın statusu” anlayışı birdəfəlik ortadan qaldırıldı. Bu əməliyyat İrəvan üçün dönməz mesaj oldu: artıq heç bir beynəlxalq güc Azərbaycanın suverenliyini şübhə altına ala bilməz. Ermənistan rəhbərliyi başa düşdü ki, müharibə yolu ilə heç nə qazana bilməz, “status” uğrunda mübarizə isə sadəcə vaxt itkisidir.

Sonrakı mərhələdə Paşinyan hökuməti açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımağa başladı. Ermənistan Konstitusiyasında hələ də “Miatsum” ideyası və Azərbaycan ərazilərinə iddialar qalsa da, praktiki siyasət kursu dəyişdi. İrəvan artıq anlayır ki, sülh sazişi imzalanmasa, ölkə həm iqtisadi, həm də geosiyasi təcriddə qalacaq. Regiondakı bütün kommunikasiyaların açılması, tranzit imkanlarının reallaşması Ermənistanın inkişafı üçün yeganə yoldur. Bu həqiqət cəmiyyətdə də, hakimiyyətdə də getdikcə daha çox qəbul edilir.

N.Paşinyanın sentyabrın 20-də hakim “Mülki müqavilə” partiyasının VII qurultayında etdiyi çıxış isə tamamilə fərqli reallıqların yaranmasından xəbər verir. O bildirib ki, məhz indi sülh üçün şərait yaradılıb: “Partiyamızın sonuncu qurultayından sonrakı dövrdə bəyan etmişdim ki, əgər biz 2-3 il ərzində dövlətin mövcudluğunu təmin edə bilsək, bundan sonrakı əsrlərdə də varlığını təmin edəcəyik. Bu gün, üç ildən sonra mən hakim partiyanın qurultayında, 1 il 7 aydır heç bir əsgərin atəş nəticəsində ölmədiyi və yaralanmadığı şəraitdə sizin qarşınızda dayanmışam. Azərbaycanla sülh bəyannaməsi imzalanıb, dövlətlərarası münasibətlərin qurulması haqqında saziş razılaşdırılıb. Bu gün Ermənistanda gələcək əsrlər boyu həyatın əsas xüsusiyyətlərini müəyyən edəcək qərarlar qəbul edəcəyik”.

Baş nazirin sözlərinə görə, ölkəsi tamamilə yeni dövrə qədəm qoyub, Ermənistanla Azərbaycan arasında sülh yaranıb: “Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsi oldu”.

***

Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistandan olan həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşə də bu proseslər çərçivəsində yanaşmaq mümkündür. Qeyd edək ki, görüş Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitinin nəticələrinə əsaslanaraq, sülh gündəliyinin irəli aparılması üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi ediblər, dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Görüşlə bağlı Ermənistan Xarci İşlər Nazirliyi də məlumat yayıb. Həmin mətn Azərbaycan tərəfinin yaydığı məzmunla tam üst-üstə düşür.

Ümumiyyətlə, nazirlərin görüşü Azərbaycan–Ermənistan münasibətlərində diqqətçəkən hadisədir. Bu görüşə təkcə diplomatik təmas kimi yox, həm də sülh prosesinin dinamikasının göstəricisi kimi yanaşmaq olar. Çünki tərəflərin mövqelərində son aylarda müşahidə olunan yaxınlaşma indi konkret addımlara çevrilməkdədir. Azərbaycan XİN-in yaydığı məlumatda əksini tapan “tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitinin nəticələrinə əsaslanaraq sülh gündəliyini irəli aparmaq üçün mümkün addımları müzakirə ediblər” sözləri təsadüfi sayıla bilməz. Çünki Vaşinqton sammiti iki ölkənin danışıqlarda “ortaq zəmində” irəliləməsi üçün mühüm mərhələ olmuşdu. İndi Nyu-York görüşündə həmin zəminin möhkəmləndirildiyi görünür. Ən önəmlisi odur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri eyni məzmunlu açıqlama yayıblar. Bu, uzun illər davam etmiş informasiya müharibəsi fonunda mühüm yenilikdir və tərəflərin müəyyən məsələlərdə “ortaq dildə” danışdığını göstərir.

Məsələnin digər tərəfi isə siyasi simvolizmdir. Görüşün məhz BMT Baş Assambleyası çərçivəsində keçirilməsi beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajdır. Bakı və İrəvan bununla öz problemlərini dialoq yolu ilə həll etməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu, regionda yeni münaqişə dalğası gözləyən dairələrə verilən cavab kimi dəyərləndirilə bilər. Tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəlməsi o deməkdir ki, qarşıdakı aylarda konkret sənəd üzərində intensiv iş başlaya bilər. Əvvəllər Ermənistan tərəfi müxtəlif bəhanələrlə prosesi ləngidirdi, bəzən də müxtəlif kanallar vasitəsilə ziddiyyətli bəyanatlar səsləndirirdi. İndi isə hər iki ölkənin xarici siyasət idarələrinin eyni mövqedən çıxış etməsi Paşinyan hökumətinin daha real xətt seçdiyinə işarədir.

Əlbəttə, sülh yolunda hələ də ciddi maneələr qalır. Ermənistan cəmiyyətində revanşist dairələr mövcuddur, bəzi xarici qüvvələr isə regionda gərginliyin saxlanılmasında maraqlıdır. Lakin Nyu-York görüşü göstərdi ki, ən azı dövlətlər səviyyəsində dialoq iradəsi güclənib. Bu iradə möhkəmlənərsə, yaxın illərdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması real perspektivə çevrilə bilər. Beləliklə, Nyu-Yorkda keçirilən Bayramov–Mirzoyan görüşü həm siyasi məna, həm də diplomatik simvolizm baxımından mühüm hadisədir. O, göstərir ki, İrəvan artıq “nala-mıxa vuran” siyasətdən uzaqlaşıb, real gündəlik ətrafında dialoqu davam etdirmək əzmindədirlər. Bu isə Azərbaycan və Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.

Səxavət HƏMİDXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
xalqqazeti.az

2Источники