RU

İran Prezidenti Azərbaycan heyətini qəbul edib

İran İslam Respublikasının ­Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Nazirlər Kabinetindən bildirilib ki, Baş nazirin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. 

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan–İran əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. 

***

İranda səfərdə olan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. 

Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

***

Baş nazirinin müavini, Azərbaycanla ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə də görüşüb. 

Görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib. İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. 

Görüşdə, həmçinin Araz dəhlizi üzrə Ağbənd–Kəlalə körpüsünün tikintisinin, Kəlalə–Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Bakı–Tehran–Bakı, Bakı–Təbriz–Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcud məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində, eyni zamanda, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin–Qız Qalası, Ordubad–Marazad layihələrinə dair, həmçinin elektrik enerjisi mübadiləsi, su ehtiyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.

XQ

 

Избранный
9
15
xalqqazeti.az

10Источники