ain.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Maarifləndirmə işinə yarayacaq imkanları olub bunu əsirgəyən kəslərin milləti ələ salmağa, onları kütlə adlandırmağa haqqı çatmır. Bu sırada birinci yerdə televiziya, qəzet, sayt rəhbərləri dayanırlar. Mənasız verilişlər, məzmunsuz yazılarla milləti küt eləməklə məşğul olanlar özlərini ziyalı sayırlar. Milləti əvvəlcə özləri yanlış istiqamətə yönləndirib korlayır, sonra bəyənmirlər.
Bilirəm, növbə mədəniyyəti olmayanlar çoxdur, kitabdan uzaq ömür sürənlərin sayı getdikcə daha da artır, ictimai yerlərdə ucadan danışanlar, bir-birini təhqir edənlər qanımızı qaraldırlar. Təbliğat vasitəçiləri belələrinin mədəni inkişafına çalışmaqdansa, əksinə saylarını artırmağa xidmət edən işlərin təşkilatçısına çevriliblər.
Nə olsa, millətə olur. Xalq dəyərlərdən uzaqlaşdırılır. Bilərəkdən dünyagörüşsüz toplum formalaşdırılır. Təhsilin buraxdığı "yarımçıq" işləri bu qaydayla davam etdirirlər.
Xalq da uşaq kimidir; gərək tərbiyə edən, düzgün istiqamət verən ola. Ədalətli qanunlar, əlverişli qaydalar, gözəl ideyalarla xalqı sivilləşdirmək mümkündür.
Xalq doğrudan da, uşaq kimidir; nağıllara inanır. Xalq uşaq kimidir; uşağı aldatmaq olur. Ona görə də gərək səlahiyyətli şəxslər nə danışdıqlarını bilsinlər.Xalq uşaq kimidir; hər şeyin düzünü danışır.
Ümid duaya qalıbsa... onu da edərəm:
– Xudaya, sən özün bizim yad millətə çevrilmək prosesimizi dayandır. Əslinidanma faciəmizdən xilas et, bəzilərimizə azərbaycanlı ruhu ver. Növbəti illərdə qəlbimizdə bir-birimizə kin-küdurət hissi qalmasın. Münaqişələr qeybə çəkilsin. Bu saatlarda vəzifə hərisliyimiz, paxıllıq hissimiz son anlarını yaşamış olsun.
Xudaya, qələbə sevincimizi əbədilik elə. Yurdumuzun tarixindəki parçalanmalar keçmiş səhifələrdə qalsın, bu cür ağrını gələcək nəsil yaşamasın.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.