RU

Balaca xanəndə Nuray: Həm səsi var, həm də həkim olmaq istəyir... - MÜSAHİBƏ

8-ci sinif şagirdi Nuray Şahsuvarlı musiqiyə olan təbii istedadı, səsi və duyğusu ilə həm müəllimlərinin, həm də onu ilk dəfə dinləyənlərin rəğbətini qazanıb. Onun yaşında uşaqlar hələ gələcək arzularını müəyyənləşdirə bilmədiyi halda, Nuray musiqinin mahiyyətini dərk edib. Təbii istedadı, daxildən gələn hissiyyatı və yaşıdlarına xas olmayan səhnə mədəniyyəti ilə o, hələ yolun əvvəlində olsa da, artıq bir çox qəlblərdə özünə yer tapmağı bacarıb.

Nuray bir çox mahnıları məharətlə ifa edərək sosial şəbəkələrdə geniş kütlədən müsbət rəylər qazanıb.

Biz də AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə Nurayla əlaqə saxladıq.

- Nuray, səni daha yaxından tanıyaq. Özün haqqında bir az danışa bilərsənmi?

- Mən, Nuray Şahsuvarlı, Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Bundan əlavə, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində xanəndəlik sinfini bitirmişəm və hazırda həmin məktəbin fortepiano sinfinin 2-ci sinfində təhsil alıram.

- Nuray, sənin ifalarını dinləyəndə necə böyük istedada malik olduğun dərhal hiss olunur. Bəs, bu istedadıni kim, necə kəşf etdi?

168517

- Anamın sözlərinə görə, mən hələ 10 aylıq olanda mahnıları mızıldayırdım. Yəni, istedadımı ilk növbədə anam kəşf edib. Uşaqlıqdan görüb ki, səsim var, sadəcə olaraq 5 yaşımdan sonra qərara gəlir ki, məni muğama yazdırsın. Daha sonra 7 yaşımda oxumağa başladım. Elə o vaxt anam qərara gəldi ki, məni xanəndəlik sinfinə qoysun.

- Bəs ailə üzvlərində necə, musiqi sahəsində istedadlı şəxslər varmı?

- Musiqi məktəbi üzrə təhsil alan yoxdur. Amma babamın da çox gözəl səsi olub.

- Bacı-qardaşın varmı?

- Ailədə 4 nəfərik. Məndən böyük bir qardaşım var. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsidir.

Nuray, sənin ifalarını dinləyəndə istedadının necə böyük istedada malik olduğun dərhal hiss olunur. Bəs, bu istedadını özünüz və ya ətrafınız nə vaxt kəşf etdiniz?

168516

- Məktəb dərsləri arasından ən çox hansı fənni sevirsən?

Ən çox riyaziyyat fənnini sevirəm. Daha sonra Azərbaycan dili, ingilis dili və s. Demək olar ki, digər fənləri də yaxşı oxuyuram.

Bəs, sənin üçün həm məktəb dərslərini oxumaq, həm də musiqiylə məşğul olmaq çətin olmur?

- Səhərdən günortaya qədər dərsdə oluram. Artıq 6-cı gün də dərslərə gedirəm. Günorta dərsdən çıxdıqdan sonra məşğələlərim olur. Sözün düzü, biraz yoruluram. Sadəcə olaraq sıxılmıram.

- Gələcəkdə hansı peşə sahibi olmaq istəyirsən?

- Tibb sahəsi üzrə təhsilimi davam etdirmək istəyirəm. Özümü cərrah olaraq görürəm.

- Maraqlıdır ki, musiqi sahəsi üzrə bu qədər istedadlısan, lakin qeyd edirsən ki, gələcəkdə həkim olmaq istəyirəm. Buna səbəb nədir?

- Sırf musiqiçi olmaq istəməsəm də hobbi kimi davam etmək istəyərəm. Yəni tibb sahəsiylə musiqi sahəsini paralel aparmaq istərdim. Bədii ədəbiyyat oxumağı çox sevirəm. Həmçinin rəsmlər də çəkirəm.

- Valideynlərinin səninlə bağı arzuları nələrdir?

Anam əslində mənim xanəndə olmağımı istəyir. Lakin buna baxmayaraq tibb ixtisasını seçməyimi də getməyimi də dəstəkləyir. Atam isə ilk dəfə elə 1-ci sinifdən etibarən tibb üzrə təhsil almağımı istəyib.

- Nuray, sənin bu istedadını görəndə ətrafındakılar, məsələn dostların, müəllimlərin necə reaksiya verirlər?

168519

-  Hər kəsdən xoş sözlər eşidirəm. Mənə deyirlər: “Nə gözəl səsin var!” Dostlarımla da aram yaxşıdır. Eşidəndə ki, həkim olmaq istəyirəm, hər biri təəccüblənir: “Belə bir səsin var, niyə musiqi üzrə davam etmirsən?”, deyirlər.

Keçən ildən etibarən həkimliyə marağım yarandı. Ancaq biləndə ki, atam da məni bu sahədə görmək istəyir, marağım və atamın arzusu üst-üstə düşdü.

- Özün haralısan?

- Laçınlıyam.

- Nə gözəl. Yəqin bilirsən ki, artıq Qarabağda tibb ixtisası inkişaf edir. Bir qarabağlı olaraq gələcəkdə təhsilini Qarabağ Universitetində davam etdirmək istərdinmi?

- Bəli, niyə də olmasın? Sadəcə hələ dəqiq qərar verməmişəm. Xaricdə təhsil almaq fikrim də var, amma təbii ki, Qarabağda da oxumaq istərdim.

- Bu vaxta qədər heç mahnı yazmaq istəmisənmi?

168514

- 3-4 il əvvəl bir bəndlik şeir yazmışdım. Amma həmişə mahnı yazmaq arzum olub. Bunun üçün hətta cəhd etmişəm, düzdür, hələ tam yaza bilməmişəm. Eyni zamanda, kitab yazmağı da çox istəyirəm.

- Nuray, sənə gələcək yolunda uğurlar arzulayırıq! Həm musiqi istedadını, həm də tibb sahəsindəki hədəflərini uğurla davam etdirəcəyinə inanırıq. Səninlə tanış olmaq çox xoş oldu!

- Təşəkkür edirəm!

Избранный
25
azedu.az

1Источники