RU

Azərbaycanda xəstələrin sayı artır, ölənlər nisbətən azdır, dünyada isə ciddi problem var - AÇIQLAMA

Ötən il Azərbaycanda pnevmoniya (ağciyər iltihabı) xəstəliklərində artım müşahidə olunub. Bəs buna səbəb nədir?
 
Moderator.az xəbər verir ki, bununla bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib ki, xəstələnmə hallarının artmasına əsas səbəb ətraf mühit faktorları, şəhərləşmə prosesi, avtomobil sayının artması, sənaye müəssisələrinin fəaliyyəti, hava keyfiyyətinə təsir göstərməsidir. Xüsusilə qış aylarında atmosfer təzyiqinin artması və hava şəraitinin pisləşməsi ağciyər xəstəliklərinin çoxalmasına səbəb olur.
 
Bundan əlavə, əsas problemlərdən biri də gecikmə faktorudur. Təəssüf ki, bəzən insanlarda öskürək, temperatur günlərlə çəksə də, onlar bunu ciddi qəbul etmir və vaxtında həkimə müraciət etmirlər. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur.
 
Məlumatda yoluxmaların artımına baxmayaraq, ölüm hallarının azaldığı qeyd edilib:
 
“Səhiyyə sistemimizin həm güclü, həm də təkmilləşdirməli tərəfləri var. Ölüm statistikasına baxsaq, müəyyən irəliləyiş var. 2024-cü ildə pnevmoniyadan ölənlərin sayı 425 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə azalmadır (əvvəlki il 445 nəfər). Bu, səhiyyə işçilərinin səylərinin nəticəsidir.
 
Ölkəmizdə müasir diaqnostika avadanlıqları mövcuddur - rentgen, kompüter tomoqrafiyası, laborator testləri. Antibiotik təchizatımız yaxşı səviyyədədir. Həkimlərimizin ixtisas səviyyəsi beynəlxalq standartlara cavab verir. Oksigen terapiyası imkanlarımız genişlənib”.
 
Cavabda qeyd olunur ki, müasir tibb pnevmoniya ilə mübarizədə böyük uğurlar əldə edib. Peyvənd sahəsində bir çox nailiyyətlər qazanılıb: "Pnevmokok peyvəndləri, qrip peyvəndləri, yeni RSV peyvəndləri kimi müasir biologik preparatlar mövcuddur. Bu peyvəndlər xəstəliyin qarşısını almaqda 80-90% effektivlik göstərir. Həmçinin müalicə metodları da çox təkmilləşib.
 
Antibiotikoterapiya, oksigen terapiyası, mexaniki ventilyasiya kimi dəstəkləyici müalicələr həyat xilas edir. Diaqnostika sahəsində isə əsl inqilab yaşanıb. Yüksək tezlikli KT, PZR testləri, biomarkerlər erkən və dəqiq diaqnoz qoymağa imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, düzgün müalicə alan xəstələrin 95%-i sağalır. Əsas şərt - vaxtında müraciət və düzgün müalicədir. Bu imkanların hər birinin bizim ölkəmizdə də mövcuddur".
 
Bununla belə, sorğuya cavabda pnevmoniyanın dünya miqyasında hələ də ciddi problem olaraq qaldığı vurğulanır: "Regional fərqlər böyükdür. Ən yüksək risk Cənubi Asiya və Afrika ölkələrində müşahidə olunur. İnkişaf etmiş ölkələrdə vəziyyət daha yaxşıdır. Avropa Birliyi ölkələrində, ABŞ-da, Kanadada ölüm göstəriciləri xeyli aşağıdır. Bu, səhiyyə sistemlərinin keyfiyyəti, peyvənd əhatəsi və yaşayış şəraitləri ilə bağlıdır. Azərbaycanda isə vəziyyət orta səviyyədədir".
 
İnstitutdan bildirildiyinə görə, pnevmoniya birbaşa vərəmdən əvvəlki durum sayılmır: "Vərəm (tuberkuloz) tamamilə başqa bir infeksion xəstəlikdir və onu "mycobacterium tuberculosis" törədir. Pnevmoniya isə daha çox bakteriyalar (məsələn, pnevmokokk, stafilokokk), viruslar və ya göbələklər səbəbindən yaranır. Lakin pnevmoniya zamanı zəifləmiş immun sistem və ağciyərlərin zədələnməsi vərəmin inkişafı üçün şərait yarada bilər.
 
Qurumdan bildirilib ki, pnevmoniya üçün əsas risk qrupu 5 yaşdan kiçik və 65 yaşdan yuxarı dövrlərdir.
 
“30-65 yaş arası, siqaret çəkənlər, xroniki xəstəlikləri olanlar orta risk qrupuna daxildir. 5 yaşa qədər əsas qoruma peyvəndlərin cədvələ uyğun olunması, ana südü ilə qidalanma, passiv siqaretçəkmədən qoruma, təmiz ev mühiti sadalamaq olar. 65 yaş və daha çox yaşı olan təbəqə pnevmokok və qrip peyvəndi, RSV peyvəndi məsləhətdir.
 
Bundan əlavə, soyuq havada çöldə az qalmaq, sıx, qapalı yerlərdə maska taxmaq, xəstə insanlardan məsafə saxlamaq, xroniki xəstəliklərin nəzarətdə saxlanması, idmanla məşğul olmaq, 18-64 yaş arası şəxslərə zərərli vərdişlərdən, stressdən, toz və kimyəvi maddələrdən uzaq durmaq tövsiyə edilir”, - deyə məlumatda qeyd olunub.
Избранный
16
2
moderator.az

3Источники