RU

Afaq Yusifli beynəlxalq kinofestivalda münsiflər heyətinin üzvü qismində iştirak edir

Bakı, 24 sentyabr, AZƏRTAC

Qazaxıstanda növbəti dəfə Baiqonyr beynəlxalq kinofestivalı təşkil olunub. Festivalın münsiflər heyətində Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Afaq Yusifli də yer alıb.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sayca 10-cu dəfə keçirilən festivalda filmlər dörd kateqoriya üzrə qiymətləndiriləcək. “Ən yaxşı tammetrajlı debüt bədii film”, “Ən yaxşı beynəlxalq film”, “Ən yaxşı yerli film” (Qazaxıstan) və NETpac münsiflər tərəfindən seçilən Mərkəzi Asiya filmləri kateqoriyaları festivalın tərkibinə daxildir.

Festival ərzində hər gün ustad dərsləri, panel sessiyaları, kitab təqdimatları və müzakirələr keçirilir. NETpac münsiflərinin iştirak etdiyi ustad dərslərində Kinotənqidçilər Laboratoriyası təşkil olunub. Dəyirmi masa ətrafında baş tutmuş görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Afaq Yusifli də NETpac münsiflər heyətinin üzvü qismində iştirak edib.

Festival ərzində Gülnara Abikeyevanın “Müasir Qazaxıstan kinosu” və Aida Başırovanın “Qazaxıstan və Mərkəzi Asiya filmlərində qadın obrazı” adlı kitabların təqdimatı da keçirilib.

Xatırladaq ki, festivalın “Ən yaxşı tammetrajlı debüt bədii film” kateqoriyasının münsiflər heyətinə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, kinotənqidçi Aygün Aslanlı da daxildir.

Festival tərkibində, MDB ölkələrindən təşrif buyurmuş kinorejissorlar, prodüserlər və kinotənqidçilərin iştirakilə baş tutmuş panel sessiyalarının birində Aygün Aslanlı “Sənədli kinoda qadın” mövzusunda çıxış edib.

Qeyd edək ki, sentyabrın 20-də başlayan festival 26-dək davam edəcək.

 

Избранный
37
1
azertag.az

2Источники